Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1534/2025 25.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat pulun və 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.
3. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən bu günədək ona 280 manat məbləğində ödəniş etdiyini bildirərək, iddia tələbinin azaldılaraq, yalnız pulun 5220 manat hissəsinin tutulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağstafa şəhəri H.Əliyev prospektində xırda biznes fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyəti toy, nişan və xına aksessuarlarının satışından gündəlik kirayəyə verilməsindən ibarət olmuşdur. O, başqa bir biznes sahəsi ilə məşğul olmaq istədiyi üçün ona məxsus aksessuarları satışa çıxarmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə 5.500 manat dəyəri olan aksessuarları hissə-hissə ödəməklə almaq istədiyini bildirmişdir. O, isə razılaşmışdır. Cavabdeh 2024-cü ilin sentyabr ayının 20-də 1.000 manat, daha sonra hər ayın 20-sindən gec olmayaraq 400-500 manat ödəməklə borcunu qaytarmalı idi. Cavabdeh bu günə kimi həmin aksessuarlardan qazanc əldə etməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Bu günə kimi cavabdehlə əlaqə saxlasa da, cavabdeh onu müxtəlif bəhanələrlə aldatmışdı. Odur ki, Cavabdeh 5220 manat pulun və 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
5. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək bildirdi ki, o, toy, nişan və xına aksessuarlarının satışı və kirayə verilməsi ilə məşğul olur. Daha sonra başqa biznes sahəsi ilə məşğul olmağa başladığı və əlində olan toy, nişan və xına aksessuarlarını satışa çıxarmışdır. 2024-cü ildə cavabdeh ondan bu aksessuarları 5.500 manat müqabilində, hissəhissə ödəməklə almışdır. Razılaşmağa görə cavabdeh hər ay ona 1000 manat məbləğində pul verməli idi. Lakin cavabdeh borcundan cəmi 30 manat bir, 100 manat bir, 150 manatda ayrılıqda ödəniş etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, iddiaçıdan toy, nişan və xına aksessuarları almışdır. Lakin bəzi səbəblərdən indiyə kimi razılaşdıqları məbləğdə ödənişlər edə bilməmişdir. O, borcundan cəmi 30 manat bir, 100 manat bir, 150 manatda ayrılıqda ödəniş etmişdir. İddia tələbini qəbul edir. 7.Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materialları:
8. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 həqiqətən xx.xx.2024-cü il tarixdə 5.500 manat dəyəri olan aksessuarları hissə-hissə ödəməklə almışdır. 9.İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 75 manat dövlət rüsumu ödənilmişdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat pulun və 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunun qaytarılmasına etiraz etmədiyini bildirmiş, məhkəmə iclasında iddiaçı iddia tələbinin azaldaraq 5220 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
13. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 16.Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 17.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 18.Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 19.Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 20.Beləliklə, məhkəmə cavabdehin iddiaçıya 5220 manat borcunun olması, iddianın tam həcmdə təmin olunması qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tələbin 5220 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır. 21.Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5220 manat borc pul və 72,20 manat dövlət rüsumu alınıb iddiaçı X3 verilməlidir. 22.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 26.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Məhkəmə hesab edir ki, 72,20 (yetmiş iki manat iyirmi qəpik) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qanunvericiliyin tələbinə uyğundur.
Nəticə hissəsi:
28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 5220 (beş min iki yüz iyirmi) manat məbləğində borc pul və 72,20 (yetmiş iki manat iyirmi qəpik) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Heyran Mürsəlova