Məhkəmə qərarları › İş №2(039)-558/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-558/2023

27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-558/2023 27.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması, azyaşlı uşağın ananın yanında saxlanılması və nikaha xitam verilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması, azyaşlı uşağın ananın yanında saxlanılması və nikaha xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan 10 mart 2005-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu VVADQ şöbəsində 90 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, 23 mart 2006-cı il təvəllüdlü X2 onun yanında saxlanması və 23 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində ayda 193 manat məbləğində alimentin hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh ilə aralarında olan 10 mart 2005-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu VVADQ şöbəsində 90 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması, 23 mart 2006-cı il təvəllüdlü X2 onun yanında saxlanması və 23 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində ayda 220 manat məbləğində alimentin hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 mart 2005-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu VVADQ şöbəsində Cavabdeh ilə nikahha daxil olmuşdur. Birgə nikaharından 05 fevral 1999-cu il təvəllüdlü X3 və 23 mart 2006-cı il təvəllüdlü X6 dünyaya gəlmişlər. Bir müddət ailə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşmiş və dəfələrlə boşanma həddinə çatmışlar. Bir müddət sakit ailə həyatları olsa da, sonradan cavabdehin ailəyə qarşı biganə münasibəti, ailə problemləri ilə məşğul olmaması,ailənin maddi ehtiyaclarının ödəməməsi onların ailə münasibətlərini soyutdu. Hazırda ayrı yaşayırlar. X1 və X6 onunla birlikdə yaşayır və həmin tarixdən cavabdeh onunla və övladı ilə maraqlanmamış, övladının saxlanılmasına heç bir maddi köməklik göstərməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, nikahın pozulması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1983-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 mart 2005-ci il tarixli AZ-l 151643 saylı nikah haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə X5 arasında 10 mart 2005-ci il tarixdə nikah bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 mart 2006-cı il tarixli AZ-l 749066 saylı doğum haqqında şəhadətnaməsindən məlum olur ki, X6 23 mart 2006-cı il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZE seriyalı 15295108 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X3 05 fevral 1999-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 15 noyabr 2022-ci il tarixli MŞŞ/1-01442 saylı arayışdan məlum olur ki, İddiaçı nikahın pozulması və alimentlə bağlı mediatora müraciət etmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər 10 mart 2005-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt yetkinlik yaşına çatmayan uşaq ananın himayəsində qalmışdır. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması, uşağın onda saxlanılması, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Faktiki olaraq ailə mövcud deyildir. Aralarında qeyd edilmiş nikah formal xarakter daşıyır. Ona görə də, məhkəmə uşağın layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alaraq hesab edir ki, tərəflərin arasında bağlanmış nikah pozulmalı, 23 mart 2006-cı il təvəllüdlü X6 uşaq İddiaçı himayəsində saxlanılmalı və 09 yanvar 2023-cü il tarixdən başlayaraq onun saxlanılması üçun hər ay 170 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.1-ci maddəsində göstərilir ki,nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığı müəyyən edilməlidir. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax şəhər VVADQ şöbəsində qeydə alınmış 10 mart 2005-ci il tarixli nikah qeydi pozulsun. Nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 23 mart 2006-cı il təvəllüdlü X6 adlı uşaq İddiaçı himayəsində saxlansın. Cavabdeh 09 yanvar 2023-cü il tarixdən başlayaraq, 23 mart 2006-cı il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar