Məhkəmə qərarları › İş №2(015)-1578/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1578/2025

17.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1578/2025 17.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə (SOCAR) qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat miqdarında borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu, Eynallı kəndində yerləşən yaşayış evində qeydiyyatda olmağına baxmayaraq uzun illərdir ki, Bakı şəhərində yaşayır. İş üzrə cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları Ağstafa rayonu Eynallı kəndində olan yaşayış evinin qaz sayğacına guya baxış keçirmiş, nəticədə saxta akt tərtib edərək sayğacın hesablama mexanizminin şüşəsi sınmışdır, rəqəmli dişli çarxları öz oxundan çıxmışdır. Nəticə etibarı ilə 777 manat 60 qəpik əlavə ödəniş kimi müəyyən etmişlər. Göründüyü kimi, 2 il qaz açıq havaya buraxılsa belə, bu qədər sərfiyyat ola bilməz. Ona görə də, həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanladığı ərizəsində səhhəti ilə əlaqədar Bakı şəhərində olduğu üçün üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, rəqəmli dişli çarxların öz oxundan çıxması, sayğac keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir.

8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu, Eynallı kənd sakini İddiaçı ilə “Azəriqaz” İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Belə ki, abonent kodu **********01210-dur.

9. İddiaçı adına olan **********01210 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-ci il üzrə 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc yazılmışdır.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, rəqəmli dişli çarxların öz oxundan çıxması, sayğac keçən qazın həcmini qeyd etməməsi, dəymiş ziyan hesablanaraq ödənilməsi müəyyən edilərək, onun barəsində 29 sentyabr 2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc yazılmışdır. Bu səbəbdən hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək borcun silinməsini tələb edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar

17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda yoxlama aparılarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin mexaniki zərbə nəticəsində sınması, göstəricinin öz oxundan çıxması müəyyən olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.

18. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə Ağstafa rayonu, Eynallı kəndində ona məxsus yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, rəqəmli dişli çarxların öz oxundan çıxması, sayğac keçən qazın həcmini qeyd etməməsi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsinin müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.

19. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən Ağstafa rayonu, Eynallı kəndində yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 sentyabr 2023-cü il tarixli, ******* nömrəli aktı ilə İddiaçı hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinməlidir.

20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

25. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

26. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat olduğundan cavabdeh «Azəriqaz» İB-dən 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********01210 saylı abunə hesabına “Azəriqaz” İB tərəfindən 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar