Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-163/2025 21.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istifadəsində olan **-ZM-*** nömrəli “Tofaş” markalı avtomaşına vurduğu 1691 manat dəymiş ziyanın və məhkəmə üçün ödədiyi 37,40 manat dövlət rüsumu, cəmi 1688,40 manat dəymiş ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saat 19:20 radələrində qaranlıq vaxtı Ağstafa rayonu Saloğlu qəsəbəsindən üzü Ağstafa şəhəri istiqamətində hərəkət edərkən qaranlıqda qəfildən iri buynuzlu bir baş mal-qara istifadəsində olan avtomobilə dəydi və vaxtında əyləci (tormozu) basaraq avtomaşını dayandırmaq istəsədə bütün cəhdləri alınmamışdır. Cavabdehə məxsus iri buynuzlu mal-qara həyati təhlükə yaratmaqdan qalmamış üstəlik istifadəsində olan **-ZM-*** nömrəli Tofaş markalı avtomaşına 1691 (min altı yüz doxsan bir) manat maddi ziyan vurulmuşdur. Həmin aktda avtomaşına dəymiş ziyan və hansı avadanlıqların sıradan çıxması açıq şəkildə görünür. Həmin aktın bir surəti də Ağstafa rayon Yol Polis şöbəsində saxlanılmaqla günahkar olduğu üçün xx.xx.2024-cü il tarixdə cavabdin barəsində İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Bundan başqa Ağstafa rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 313b3/2-16696/24-saylı arayışı ilə təsdiq edilir ki, Cavabdeh məxsus mal-qara səbəbindən onun istifadəsində olan Tofaş markalı avtomaşına 1691 manat məbləğində maddi ziyan dəyişmişdir. Heyvanın sahibi və çobanı Cavabdeh ilə dəymiş ziyanın könüllü ödənilməsi barədə söhbətləri olmuşdur. Əvvəlcə razılaşsalar da, sonradan Cavabdeh sözündən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək bildirdiki əvvəllər razılıq əldə edilsədə daha sonra razılaşmamışdır. Maşın sığortalı olsada mal-qara sığortalı deyil. Sığorta heç bir ödəniş etməmişdir. Təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, günlük qiymətə mal-qara otarırmış mal-qara yolu keçərkən hadisə baş vermiş, ziyandan məlumatlı olduğunu, hissə-hissə ödəniş edə biləcəyini bildirdi
5. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, YHN-də avtomobilinə təmir sexinnin yazdığı ziyan aktında müəyyən olunmuş iddiaçı X2 1691 manat ziyan dəymişdir.
7. Ağstafa Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 məxsus “**-ZM-*** nömrəli Tofaş markalı avtomobilə 1691 (min altı yüz doxsan bir) manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur.
8. 16.11.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı X3 37,40 manat dövlət rüsumu ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Cavabdehin 19:10 radələrində Ağstafa rayonu Poylu-Sadıqlı yolunun Poylu qəsəbəsində heyvanları otlaq sahəsindən aparan zaman heyvan anidən sürüdən ayrılaraq düzünə Ağstafa şəhəri istiqamətində hərəkətdə olarkən Tofaş markalı **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq həmin avtomobilin ön hissəsini əzmişdir. Aparılmış araşdırma zamanı həmin fatk təsdiq olunmuşdur. Bununla əlaqədar şöbəyə dəvət olunmuş, izahatı alınmışdır. Cavabdeh verdiyi izahatında iddiaçıya məxsus avtomobilə ziyan vurmasını etiraf etmişdir. Həmçinin qərardan və Ağstafa Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 məxsus **-ZM-*** nömrəli Tofaş markalı avtomobilə 1651 (min altı yüz əlli bir) manat maddi ziyan dəymişdir. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir
10. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
13. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
18. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1651 (min altı yüz əlli bir) manat məbləğində dəymiş ziyan və 37,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1688,40 (min altı yüz səksən səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 verilməlidir.
19. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, 37,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
24. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh **-ZM-*** nömrəli “Tofaş” markalı avtomaşına vurduğu 1651 (min altı yüz əlli bir) manat məbləğində dəymiş ziyan və 37,40 (otuz yeddi manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1688,40 (min altı yüz səksən səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova