Məhkəmə qərarları › İş №2(015)-1840/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1840/2025

21.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1840/2025 21.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 993 manat 98 qəpik və ödənilmiş 173 manat 22 qəpik borcun sistemdən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində baxış keçirilmiş nəticədə akt tərtib edərək guya sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilmişdir. Həmin hal sayğacın hesablama mexanizminin iş prinsipinə maneə torədir. Sayğac istismara yararsızdır. Nəticə etibarı ilə 1167 manat 42 qəpik əlavə ödəniş kimi müəyyən edilmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Yeni qurlaşdırılan sayğac "SMART" tipli olduğundan ödəniş edərkən 993 manat 98 qəpik borcu olması ilə bağlı sənəd vermişlər. Göründüyü kimi, 2 il qaz açıq havaya buraxılsa belə bu qədər sərfiyyat ola bilməz. Ona görə də, həmin əsassız olaraq yazılmış borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı bildirdi ki, nə özü, nə də ailə üzvlərindən heç kim hesablama sayğacına müdaxilə etməmişdir. Belə ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilməsindən onun xəbəri olmamışdır. Özü də bilmədən cərimə məbləğindən 173 manat 22 qəpik ödəniş etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini və ona yazılmış cərimənin silinməsini xahiş etmişdir.

4. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: b)Mülki işin materialları:

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən müəyyən edildi ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilmiş, sayğac istismara yararsız olmuşdur.

8. Abonentin saldosu adlı çıxarışdan görünür ki, ünvan 1 ünvan sakini İddiaçı ilə Cavabdeh İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmış, abonent kodu **********01260-dır. 2023-ci il ərzində onun cəmi qaz sərfi 8640 m3 olmaqla 1036,80 manat olmuşdur.

9. İddiaçının adına olan **********01260 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-ci il üzrə 1036,80 manat borc yazılmışdır.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən müəyyən edildi ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində əzilmiş, sayğac istismara yararsız olması barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 1036,80 manat borc yazılmışdır. Bu səbəbdən hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək borcun silinməsini tələb edir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

13. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

15. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir.

17. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

18. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır.

21. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

22. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir.

24. Məhkəmə iclasında iddiaçı ona yazılan qazdan istifadəyə görə borcundan ödəniş etdikdən sonra həmin ödənişlərin ona hesablanan cərimə məbləğindən çıxıldığını öyrənmişdir. Ona görə də, ödədiyi 173,22 manat borcun və qalan 993,98 manat cərimənin silinməsini xahiş etmişdir.

25. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən aktlar üzrə hesablanmış cərimə məbləğinin bir qismi könüllü ödənildiyindən, həmin məbləğdən 993,98 manat cərimə məbləği qaldığından, ödənilən ödənişlər artıq sistemdə mövcud olmadığından və sistemdə yalnız ödənilməyən borclar mövcud olduğundan, hazırki vəziyyətdə həmin borclardan aktlar üzrə qalmış hissəsi mübahisə predmeti hesab edilməli olduğundan iddia qismən təmin edilməli, İddiaçı abonent hesabına Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat cərimə məbləğindən qalmış 993,98 manat cərimə silinməlidir.

26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Qeyd olunan Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

32. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

33. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tələbi 993,98 manat hissədə təmin edildiyindən Cavabdeh İB-dən 30 manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********01260 saylı abunə hesabına Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 993,98 (doqquz yüz doxsan üç manat doxsan səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar