Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1855/2025 22.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) miqdarında borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qaz abonentidir və X3 adına **********02450 saylı abonent saldosu vardır. X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ona 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. Yazılmış cərimədən 2025-ci ildə məlumatlı olmuşlar. Hazırda əsassız yazılmış cərimənin ləğv olunması zərurəti yaranmışdır. Cərimənin əsası kimi sayğacın hesablama mexanizmi qazın həcmini qeyd etməməsi göstərilmişdir. Paylayıcı təşkilatın ayda 2 dəfə sayğaclara texniki təhlükəsizlik baxımından baxış keçirdikləri hallarda bu əsassız cərimə ona yazılmışdır. Ona görə də, həmin cərimənin silinməsi üçün məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iddia tələbini müdafiə edir, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı bildirdi ki, o və ailə üzvlərindən heç kim qaz sayğacına müdaxilə etməmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz sayğacı sökülmüş və aparılmışdır. Həmin aktın hansı səbəbdən yazılmasını o, bilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu, Muğanlı kənd sakini X5 ilə “Azəriqaz” İB arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Belə ki, abonent kodu **********02450-dir.
8. İş materiallarında olan, xx.xx.2025-ci il tarixdə Ağstafa Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025ci il tarixdə ölmüşdür.
9. İş materiallarında olan Qazax rayonu, Muğanlı kənd Sovetliyi tərəfindən 16 sentyabr 1981-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Gülnaz Novruz qızı ilə xx.xx.1981-ci il tarixdə 16 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər.
10. İş materiallarında olan Ağstafa rayonu, Muğanlı kənd iəd üzrə nümayəndəliyinin 446 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Ağstafa rayonu, Muğanlı kəndində daimi olaraq qeydiyyatdadır və həmin kənddə yaşayır.
11. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, aktın surətindən görünür ki, abonent X3 yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın zavod nömrəsi yazılmış lövhə yararsızdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda xəta ilə işləyir, Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.
12. İddiaçı adına olan **********02450 saylı abonentin saldosundan görünür ki, X3 abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat borc yazılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X5 ilə xx.xx.1981-ci il tarixdə 16 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən X4 aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın zavod nömrəsi yazılmış lövhə yararsızdır. Xətalar normadan artıq olması, sayğac minimal sərfiyyatda xəta ilə işləməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən X4 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat borc yazılmışdır. Bu səbəbdən hazırda İddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
16. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
17. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacın zavod nömrəsi yazılmış lövhə yararsızdır. Xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda xəta ilə işləməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olduğu müəyyən edilməsi ilə bağlı faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
21. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mərhum həyat yoldaşı X3 adına qeyd olunmuş təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu, Muğanlı kəndında yerləşən evinə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsinin müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır.
22. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən Ağstafa rayonu, Muğanlı kəndında yerləşən yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, aktı ilə X4 hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat borc silinməlidir.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
29. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddianın qiyməti isə 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat olduğundan cavabdeh «Azəriqaz» İB-dən 30 manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X3 **********02450 saylı abunə hesabına “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli, üzrə hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova