Məhkəmə qərarları › İş №2(015)-188/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-188/2023

05.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-188/2023 05.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı Cavabdeh Firüddin oğluna qarşı “pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh Firüddin oğlundan 4000 manat borc, 128 manat dövlət rüsumu və ona göstərilən hüquqi yardıma görə çəkdiyi 300 manat olmaqla, cəmi 4.428 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, cavabdeh onu Şəmkir şəhərində müvafiq işlə təmin edəcəyi müqabilində ondan 4000 manat pul istəmişdir. Əmrah Bakı şəhərində olduğunu və şəxsiyyət vəsiqəsini dəyişmək üçün pulu qohumu X1 göndərməsini bildirmiş o, da poçt vasitəsilə 4000 manat pulu sonuncuya göndərmişdir. Bundan sonra Əsəd həmin pulu qəbul edərək Əmraha vermişdir. Əmrah isə ona zəng vuraraq pulu qəbul etməsini bildirmişdir. O, pulu Əsədin adına göndərdiyindən Əsədə qarşı məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin, Gəncə Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin həmin qətnaməsində də göstərdiyi faktlar öz təsdiqini tapmış, lakin o, iddianı Əmraha qarşı deyil, Əsədə qarşı qaldırdığından iddiası təmin olunmamış, işə baxan hakim tərəfindən yenidən Əmraha qarşı iddia verilməsi izah olunmuşdur. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh Firüddin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək ona iddiaçıdan aldığı 4000 manat pulun iddiaçıya qaytarılmasını, həmin halın Yasamal RPİ-də aparılan araşdırma zamanı qəbul edilən 05 avqust 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və Gəncə Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsində göstərilməsini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçının izahatından, cavabdehin ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iş üzrə İddiaçı Cavabdeh Firüddin oğluna xx.xx.2019-cu il tarixdə işə düzəlmək şərti ilə 4000 manat məbləğində pul vermişdir. Həmin zaman cavabdeh Bakı şəhərində olduğunu və şəxsiyyət vəsiqəsini dəyişmək üçün pulu qohumu X1 göndərməsini bildirmiş o da poçt vasitəsilə 4000 manat pulu sonuncuya göndərmişdir. Bundan sonra Əsəd həmin pulu qəbul edərək Əmraha vermişdir. Əmrah isə ona zəng vuraraq pulu qəbul etməsini bildirmişdir. O, pulu Əsədin adına göndərdiyindən Əsədə qarşı məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(076)-1225/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən Əsəd Əliyev apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(104)-2332/2022 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin həmin qətnaməsində də yuxarıda göstərilən faktlar öz təsdiqini tapmış, lakin iddiaçı iddianı Əmraha qarşı deyil, Əsədə qarşı qaldırdığından iddiası təmin olunmamışdır. İş üzrə Cavabdeh İddiaçı aldığı 4000 manat pulu qaytarmasını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Cavabdeh Firüddin oğlu İddiaçı işə düzəltmək adı ilə xx.xx.2019-cu il tarixdə 4000 manat pul almış, lakin iddiaçını nə işə düzəltmiş, nə də ki ondan aldığı həmin pulu hal-hazıradək iddiaçıya qaytarmamış və üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh Firüddin oğlu İddiaçı 4000 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Məhkəmə həmçinin iddiaçının cavabdehdən tələb etdiyi 128 manat dövlət rüsumuna aid hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 128 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də cavabdehdən 128 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmaldır. Məhkəmə eyni zamanda iddiaçının cavabdehdən tələb etdiyi 300 manat hüquqi yardım üçün ödənilən xidmət haqqına aid hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin, iddiaçı tərəfindən nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardım üçün çəkilən xərclərə dair heç bir rəsmi sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Firüddin oğlundan 4000 manat borc və 128 manat dövlət rüsumu olmaqla, cəmi 4.128 (dörd min yüz iyirmi səkkiz) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Firüddin oğlundan 4000 manat borc və 128 manat dövlət rüsumu olmaqla, cəmi 4128 (dörd min yüz iyirmi səkkiz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar