Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-200/2024 07.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus iddia ərizəsində qeyd etdiyi əmlakların özünü və ya özü yoxdursa 2514 (iki min beş yüz on dörd) manat dəyərinin alınıb ona verilməsi və 46 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, iş üzrə Cavabdeh1 təxminən 25-30 il əvvəldən tanıyır. Onun evi kiçik olduğu üçün özünə məxsus əşyalarını müvəqqəti olaraq tanışlarının evinə yığmışdır. Həmçinin əşyalarından bir hissəsini də tanışı Cavabdeh1 evinə yerləşdirməyi təklif etmiş, o da razı olmuşdur. Daha sonra 2020-ci ildə “Qazel” markal avtomobil ilə təxminən 7000- 8000 manat dəyərində əşyalarını apararaq Nurəddinin evinə yığmışdır. Bir müddətdən sonra əşyalarını götürdükdə əşya yığdığı qutuların açılmasını və bir sıra əşyalarının olmamasını, 2500 manat dəyərində əşyalarınının olmamasını aşkar etmişdir. Bu barədə cavabdehlərə məlumat versə də onlar həmin əşyaların götürülməsi hallarını təkzib etmişlər. Ona görə də iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib göstərmişdir ki, o, vaxtilə tikinti materialları mağazasında müdir işləmişdir. İş üzrə iddiaçı onunla qonşu olmuşdur. İddiaçı heç bir yerdə işləmədiyi üçün ona yaxınlaşıb biraz borc pul almış, daha sonra ona Səməd Vurğun parkının qarşısında atasının mağazası olmasını, onu satacağını və borcunu verəcəyini bildirmişdir. O da razılaşmış və hissə-hissə iddiaçıya təxminən 5100 manat borc pul vermişdir. Daha sonra iddiaçı mağazanı 43000 manat məbləğində pula Ağstafa rayonu Yuxarı Göycəlidən olan bir şəxsə satmışdır. O, iddiaçıya maddi vəziyyətinin yaxşı olmamasını və mağazanı satdığı üçün onun borcunu qaytarmasını bildirdikdə iddiaçı mağazanı satmamasını, bu xəbərin yalan olmasını bildirmişdir. O, iddiaçıdan dəfələrlə pulunu istədikdə iddiaçı ona işlədiyi zaman hissəhissə ödəyəcəyini bildirmişdir. Daha sonra 2020-ci ilin oktyabr iddiaçı ona əşyalarının olmasını və həmin əşyalarını onun Ağstafa rayonu, Qırılı kəndində yerləşən evinə yığmağı təklif etmiş, o da razılaşmışdır. İddiaçının özünün və onun iştirakı ilə iddiaçı kənddə yerləşən evlərinin talvarının altına əşyalarını yığmışdır. O, əşyaları yığdıqdan sonra üstünü örtüklə bağlamışdır. İddiaçı əşyaları evə yığarkən yığılan əşyalarla bağlı heç bir siyahı tərtib etməmişdir. Daha sonra 2023-cü ilin oktyabr ayında əşyalarını gəlib aparmışdır. Əşyaları ona təhvil verərkən onun oğlu da orada iştirak etmişdir. Hazırki iddia ərizəsini də ona olan borcunu qaytarmamaq üçün vermişdir. İddiaçı ona olan borcundan 4 ay 40 manat olmaqla cəmi 160 manat ödəmişdir. Hətta iddiaçının ona borcu ola ola o, iddiaçını işlə də təmin etmişdir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. İş üzrə İddiaçı 2020-ci ildə əşyalarını onların evinə yığdıqda o, evdə olmamışdır. Lakin əşyaları evdən apardıqda o, evdə olmuş hətta əşyaların maşına yığılmasına kömək etmişdir. İddiaçı özünə məxsus onların evində saxladığı bütün əşyalarını aparmışdır. İddiaçı nə malı gətirdikdə, nə də apardıqda akt tərtib olunmamışdır. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlarını nəzərdən və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında iddia ərizəsində qeyd etdiyi əşyalarını cavabdehlər tərəfindən qaytarılmamasını sübut etməlidir. Göründüyü kimi, iddiaçı 2020-ci ilin oktyabr ayında özünə məxsus bağlı qutularda olan əşyaları Cavabdeh1 Ağstafa rayonu, Qırılı kəndində yerləşən evinin talvarının altına yığmış, daha sonra o, 3 ildən sonra, yəni 2023-cü ilin oktyabr ayında həmin əşyaları yığıb aparmışdır. Malın evə yığılması zamanı tərəflər arasında hər hansı bir müqavilə və ya yığılan malların siyahısı, həmçinin tərəflər arasında təhvil-təslim aktı tərtib olunmamış, cavabdehlər bu barədə üzərlərinə hər hansı bir öhdəlik götürməmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi əşyaların cavabdehlər tərəfindən götürülməsi və ya mənimsənilməsi öz təsdiqini tapmır və barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Belə bir müqavilə münasibətlərinin qüvvəyə minməsi üçün tərəflər arasında mülki hüquq münasibətləri yaranmalıdır. Müəyyən olunduğu kimi, tərəflər arasında şifahi və ya yazılı saxlama müqaviləsinin bağlanaraq müqavilə münasibətlərinin mövcud olması, həmçinin yerləşdirilən əşyaların siyahısı və tərəflər arasında təhvil-təslim aktının olması məhkəmə iclasında öz təsdiqini tapmadığından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 45 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 45 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-200/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-200/2024
07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver