Məhkəmə qərarları › İş №2(015)-259/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-259/2025

10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-259/2025 10.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh X4 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 29000 (iyirmi doqquz min) manat pulun, 51 qram çəkidə 583 əyyarlı qızıl kişi saatının özünün və ya dəyəri olan 5100 (beş min yüz) manatın, 21 qram çəkidə 880 əyyarlı sökülmüş qızıl dişlərin özünün və ya dəyəri olan 3150 (üç min yüz əlli) manatın və 202 manat dövlət rüsumu olmaqla, cəmi 37452 (otuz yeddi min dörd yüz əlli iki) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi həmkəndlisi baytar həkim Mətləbin vasitəsilə tanımışdır. İddiaçının özünə məxsus yatağı və ferması vardır. O, heyvanlarına dərmanları cavabdehi işlətdiyi Ağstafa rayonu Mərkəzi bazarında yerləşən aptekdən almış və aralarında dostluq münasibətləri yaranmışdır. 2018-ci ilin yaz aylarında cavabdeh pulu olmadığından mağazasında dərman preparatlarının azalmasını, alverinin zəifləməsini bildirərək ondan 5000 manat borc pul istəmiş, o da həmin pulu cavabdehə vermişdir. Bundan sonra cavabdeh dəqiq xatırlamadığı vaxtlarda 7000 manat bir, 7000 manat da bir borc pul istəmiş və həmin pulları cavabdehə vermişdir. Bundan 3-4 ay sonra cavabdeh hərbi hissədə işləyən oğlunun hesabında 15000 manat pul əskik olmasını, həmin pulu verməsə oğlunu həbs edəcəklərini bildirərək ondan qeyd edilən məbləğdə borc pul istəmiş, pulu olmadığından cavabdehə 10000 manat borc pul vermişdir. Bundan əlavə, cavabdehə 51 qram çəkidə 583 əyarlı qızıl kişi saatını və 21 qram çəkidə 880 əyarlı sökülmüş qızıl dişləri də vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh həmin qızılları lombarda qoyub 3500 manat pul almışdır. Üzərindən 5 il keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək aldığı borcu qaytarmır.

Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili X6 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edib iddia müddəti ötdüyündən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: Mülki işin materialları:

6. İş materiallarında olan “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alqı-satqısı mağazasının direktoru X1 tərəfindən verilmiş rəydən görünür ki, 51 qram çəkidə 583 əyyarlı qızıl kişi saatının dəyəri 5100 (beş min yüz) manat, 21 qram çəkidə 880 əyarlı sökülmüş qızıl dişlərin dəyəri isə 3150 (üç min yüz əlli) manat təşkil edir.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 202,15 manat dövlət rüsumu ödənilmişdir.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. İş üzrə iddiaçı qeyd edir ki, 2018-ci ilin yaz aylarında cavabdeh pulu olmadığından mağazasında dərman preparatlarının azalmasını, alverinin zəifləməsini bildirərək ondan 5000 manat borc pul istəmiş, o da həmin pulu cavabdehə vermişdir. Bundan sonra cavabdeh dəqiq xatırlamadığı vaxtlarda 7000 manat bir, 7000 manat da bir borc pul istəmiş və həmin pulları cavabdehə vermişdir. Bundan 3-4 ay sonra cavabdeh hərbi hissədə işləyən oğlunun hesabında 15000 manat pul əskik olmasını, həmin pulu verməsə oğlunu həbs edəcəklərini bildirərək ondan qeyd edilən məbləğdə borc pul istəmiş, pulu olmadığından cavabdehə 10000 manat borc pul vermişdir. Bundan əlavə cavabdehə 51 qram çəkidə 583 əyyarlı qızıl kişi saatını və 21 qram çəkidə 880 əyyarlı sökülmüş qızıl dişləri də vermişdir. İş üzrə cavabdeh X4 nümayəndəsi və vəkili X6 isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edib iddia müddəti ötdüyündən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

13. Azərbaycan Republikası MM-nin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.

14. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

15. Göründüyü kimi, tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

16. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə 2018-ci ildə borc pul verdiyini, ondan bir müddət sonra aldadıldığını başa düşdüyünü, üzərindən 5 il keçməsinə baxmayaraq cavabdehin həmin borcu qaytarmamasını qeyd etmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin axımının 2018-ci ilin hansı ayında baş verməsini müəyyən etmək mümkün olmadığından iddia müddətinin axımı növbəti ilin yanvar ayının 1-dən başlanır. Yəni hazırki iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixədək təşkil edir və həmin müddət ərzində iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının iddia ərizəsi müddət ötdükdən 2 il sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür.

17. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Məhkəmə hesab edir ki, cavabdeh X4 nümayəndəsi və vəkili X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin olunmamalıdır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

21. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 202 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

22. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Nəticə hissəsi:

25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 202 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar