Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-288/2025 03.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı 2 saylı X5 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı 2 saylı X5 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində ağacları qanunsuz kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 273,53 manat pulun ondan tutulub 2 saylı X5 Mərkəzinin "xxxx" ASCnin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı 2 saylı X5 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini Cavabdeh lazımı icazə olmadan köküstə yaş ağacların qanunsuz kəsməsi faktı müəyyən edilmiş,Cavabdeh barəsində müvafiq protokol tərtib ediməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1 maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. İddiaçı hüquqazidd hərəktləri nəticəsində Dövlət meşə fonduna AR NK-nin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 273,53 manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14-27-12/2-207/2024 nömrəli məktubla vurduğu zərərin könüllü olaraq ödənilməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Ona görə də, iddianın təmin olunmasını və pulun cavabdehdən tutulmasını xahiş etdi.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iddiaçı 2 saylı X5 Mərkəzinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə törətdiyi hadisə ilə bağlı məlumat verilmiş, lakin qəbul etməmişdir. İddia ilə bağlı sübutlar toplanmış, akt və protokol iş materiallarına əlavə edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyin, eyni zamanda iddia tələbini qəbul etdiyini bildirmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. 2 saylı X5 Mərkəzinin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısının 18 noyabr 2024-cü il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş ağacların həcm-qiymət cədvəliə əsasən 273,53 manat ziyan dəymişdir.
8. 2 saylı X5 Mərkəzi Poylu meşəbəyliyinin meşəbəyisi X2 Cavabdeh barəsində MN ******* nömrəli 18 noyabr 2024-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib etmişdir.
9. 2 saylı X5 Mərkəzi tərəfindən tərtib olunmuş MN ******* nömrəli 18 noyabr 2024cü il tarixli protokolun surəti 22 noyabr 2024-cü il tarixli 3-14-27-12/2-207/2024 nömrəli məktubla cavabdehin ünvanına göndərilmişdir.
10. 2 saylı X5 Mərkəzi Poylu meşəbəyliyi hadisə ilə bağlı 57335 nömrəli 18 noyabr 2024-cü il tarixdə akt tərtib etmiş və bir neçə fotoşəkillər iş materiallarında mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. 2 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh özbaşına olaraq meşə fondu sahəsində ağacların qanunsuz kəsməsi faktı müəyyən olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı 18 noyabr 2024-cü il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən Cavabdeh qanunsuz olaraq meşə fondu sahəsində ağacların qanunsuz kəsdiyi üçün 273,53 manat dəymiş ziyan dəymişdir. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir . Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
13. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. 14.Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
15. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. 16.Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. 17.Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
18. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən dəymiş ziyan hesablanır.
20. Göründüyü kimi, iddiaçı təşkilat tərəfindən Cavabdeh qanunsuz olaraq qarağac cinsindən yaş kök üstdə 20-sm-dən 13 ədəd, yaş 24-sm-dən 1 ədəd, 28-sm-dən 2 ədəd, yaş 32-sm-dən 3 ədəd, quru kök üstə 36-sm-dən 2 ədəd, 40-sm-dən 6 ədəd, 48-sm-dən 1 ədəd, 52-sm-dən 1 ədəd cəmi 29 ədəd ağacların kəsilərək 273,53 ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçıya vurulmuş zərərin əvəzi olaraq, 273,53 manat məbləğin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
24. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
25. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdehdan 273,53 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X5 Mərkəzinin "xxxx" ASCnin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
28. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
29. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
Nəticə hissəsi:
30. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddia təmin edilsin. Cavabdehdan 273,53 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X5 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova