Məhkəmə qərarları › İş №2(015)-292/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-292/2024

28.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-292/2024 28.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «qanunsuz saxlanılan pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 1.380 manat, Cavabdeh1 600 manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həmkəndlisi və yaxın qohumlarıdır. Belə ki, 2022-ci ildə cavabdehlərə məxsus yataqda müəyyən işlərin görülməsinə zərurət yaranmışdır. Qohum olduqları üçün cavabdehlərə etibar edərək ona məxsus 20 baş xırda buynuzlu mal qarası da cavabdehlərin yatağında öz razılıqları ilə orada saxlanılırdı. Yatağın müəyyən yarasız hissəsinin təmi edilməsi və müəyyən materialların alınaraq təmir edilməsi zərurəti olduğu üçün həmin iş ona həvalə edilmişdir. Cavabdehlər ata oğuldurlar. İlk dəfə Cavabdeh1 mühüm işləri olduğu üçün ondan 600 manat borc pul almışdır. Bundan başqa cavabdehlərə məxsus yataqda dam örtüyü vurmuş və digər materiallar alaraq müəyyən təmir aparmışdır. Həmin işlərin görülməsi üçün öz cibindən 1.380 manat məbləğində pul xərcləmişdir və hazırda cavabdehlər həmin pulu ona qaytarmırlar. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, iddiaçıya qohum kimi heyvanlarını saxlamağa şərait yaratmışlar və o, da heyvanlarını onlara məxsus yataqda saxlamışdır. İddiaçı tərəfindən yataqda heç bir iş görülməyib, tam əksinə iddiaçı onları aldadaraq qarpız əkdiyi bostanda işlətmiş, o cümlədən taxıl əkmiş və onlara düşən pulları da mənimsəmişdir. Sonradan isə məlum olanda ki, onlara məxsus yatağın sənədi var iddiaçı cavabdehlərə yatağı ona satmalarını bildirmiş, lakin onlar iddiaçının bu təklifinə razıl olmamışlar. Sonradan isə iddiaçı yalandan uydurma bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər onlara məxsus yataq uçuq-sökük idisə, orada heyvan saxlamağa şərait yox idisə onda orada cavabdehlər və ya iddiaçı necə heyvan saxlayırdı. Tam əksinə qohumluğa hörmət edərək onlar iddiaçıdan kirayə haqqı belə almadığımız halda, həmçinin onları bostanda və taxılda işlədib pullarını vermədiyi halda iddaiçı öz cibindən pul xərcləyib onlara məxsus yataqda necə təmir tikinti işləri görə bilərdi. Həmçinin yataqda heç vaxt təmir olunası bir hissə olmamışdır. Əgər yataqda təmir və ya hansısa işlərin görülməsi lazım idisə onlar özləri usta çağıra bilərdilər. Bundan başqa iddiaçının ona 600 manat borc pul verməsini bildirməsi də doğru deyil, çünki iddiaçıdan heç vaxt borc pul almamışdır. Belə ki, iddiaçıdan gördükləri işlərin pulların ala bilmədikləri halda, iddiaçı ona necə borc pul verə bilərdi. Ona görə də iddianın rədd edilməsini Məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi (anası) Nümayəndə təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə iddiaya etiraz edərək Cavabdeh2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər qohum olduqları üçün iddiaçı özünə məxsus 20 baş xırda buynuzlu mal qarasını cavabdehlərin razılığı ilə onların yatağında saxlamışdır. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid1 Ocaqqulu oğlu ifadəsində göstərmişdir ki, hazırki mülki iş üzrə hər iki tərəfi həmkəndlisi kimi tanıyır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən o, iddiaçıya məxsus fermada təmir işində işlədiyini, lakin qarşılığında iddiaçıdan nə qədər pul aldığını xatırlamır. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırki mülki iş üzrə hər iki tərəfi həmkəndlisi kimi tanıyır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən o, iddiaçıya şifer satmış, lakin nə məqsədlə istifadə olunduğunu bilmədiyini qeyd etmişdir. İddiaçı o, satdığı əşyanın qarşılığı olaraq təxmini 100-120 manat pul aldığını qeyd etmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Hazırki mülki iş üzrə cavabdehlər qohumlarıdır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən o, fermada işlədiyini, orada olacaq (otaq) tikdiyini lakin tikilişə gör pul almadığını bildirmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, hazırki mülki iş üzrə hər iki tərəfi həmkəndlisi kimi tanıyır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən iddiaçı ilə o, yalnız heyvan alış verişi ilə məşğul olduğunu, iddia ilə bağlı hər hansı məlumata sahib olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, İddiaçı təmir-tikinti üçün xərclədiyi 1.380 manat və bor verdiyi 600 manat pulun qaytarılmasını iddia etsə də, məhkəmə baxışı iclasında bu fakt mötəbər sübutlarla təsdiq olunmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «qanunsuz saxlanılan pul tələbinə dair» iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar