Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-303/2025 22.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində borc pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 18:22-də BirBank vasitəsi ilə əməliyyat apararkən yanlışlıqla ona məxsus 416973*****0878 saylı BirBank kart hesabından 150 manat məbləğində pul vəsaitini yanlışlıqla tanımadığı Ağstafa rayonu, Həsənsu kənd sakininin istifadəsində olan 409858******6437 saylı kart hesabına ödəniş etmişdir. Bundan sonra o, cavabdehlə telefon əlaqəsi saxlamış və yanlışlıqla onun hesabına ödədiyi 150 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək həmin vəsaiti ona geri qaytarmamışdır. Əvvəllər telefon zənglərinə cavab versə də sonradan telefon zənglərinə cavab belə verməmişdir. Cavabdeh hazırda borcunu ödəməkdən boyun qaçırır. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə İddiaçı məhkəməyə teleqram göndərərək maddi imkanı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə öz kart hesabından yanlışlıqla 150 manat pul göndərməsini sübut etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:22-də 416973*****0878 saylı BirBank kart hesabından 409858******6437 saylı kart hesabına 150 manat pul göndərilmişdir. Lakin həmin ödəniş qəbzində vəsaiti alan 409858******6437 saylı kart hesabının sahibinin adı və soyadı barədə heç bir məlumat göstərilməmişdir. İş üzrə iddiaçı qeyd edilən kartın sahibinin Cavabdeh olmasını bildirsə də, lakin bu faktı təsdiq edəcək mötəbər sübut mövcud deyil, məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etdiyi halda, kartın ona məxsus olmasını və iddiaçının ona yanlışlıqla 150 manat pul göndərməsini etiraf etdiyi halda bu məhkəmə tərəfindən təsdiq oluna bilər. Hazırki işdə cavabdehin etirafı ilə bağlı hal mövcud deyil. İddiaçı isə yanlışlıqla 150 manat pul göndərdiyi 409858******6437 saylı kart hesabının Cavabdeh məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsində, sübut etmə vəzifəsi ilə bağlı belə müəyyən edilib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Göründüyü kimi, hazırki vəziyyətdə İddiaçı yanlışlıqla 150 manat pulun Cavabdeh məxsus kart hesabına göndərməsi öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh məxsus kart hesabına yanlışlıqla 150 manat pul göndərməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-303/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-303/2025
22.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver