Məhkəmə qərarları › İş №2(015)-322/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-322/2024

14.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-322/2024 14.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin may ayında qonşusu Ruslan adlı şəxs Cavabdeh onun yanına gətirərək ona pul lazım olduğunu bildirmişdir. O, da cavabdehə yaxın adamından 2.000 manat borc pul alıb həmin şəxsə vermişdir. Dəfələrlə cavabdeh ilə əlaqə saxlamasına baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən cavabdeh barədə polisə şikayət etmiş, şikayətinə baxılsa da cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Bunlara əsasən Cavabdeh 2.000 manat pulu və dövlət rüsumuna ödədiyi 40 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa rayon Polis şöbəsi tərəfindən verilən arayışda aşağıdakılar qeyd olunmuşdur: “ ... araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh öz izahatında bildirmişdir ki, təxminən 6 ay əvvəl Həsənsu kənd sakini Ruslan vasitəsi ilə Dürdanə adlı şəxsdən 850 manat borc pul almış, lakin imkanı olmadığından pulu ödəyə bilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı müraciətində heç bir inzibati xəta və cinayət hadisəsi olmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, ərizəçi onun iş yoldaşı olub. O, iddiaçıya 2.000 manat borc pul vermişdir, iddiaçı isə əvəzində ona pulu ilə yanaşı əlavə pul verməli idi. İndi isə iddiaçıdan əlavə pulu bir yana verdiyi 2.000 manatı belə ala bilmir. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehə verdiyini sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahid iddiaçının tanışı olduğuna görə mübahisənin iddiaçının xeyrinə həll edilməsində maraqlıdır, bu səbəbdən də onun verdiyi məlumatlar mötəbər sübut hesab edilmir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə iddiaçı müraciət etdiyindən sübutetmə vəzifəsinin bölgüsü baxımından iddianın əsaslı olduğunu, yəni pulun cavabdehin qanunsuz sahibliyində qaldığını iddiaçı sübut etməlidir, cavabdeh iddianın əsassız olduğunu sübut etməyə borclu deyil. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Ağstafa Polis İdarəsində verdiyi izahatda 850 manat borcunun olmasını etiraf etməsini nəəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli 880 (səkkiz yüz əlli ) manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 850 (səkkiz yüz əlli) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Мəhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar