Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-360/2024 31.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat maddi zərərin, 1000 (min) manat mənəvi zərərin və 155 (yüz əlli beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, hadisə 10 noyabr 2021-ci ildə baş vermiş, hadisə baş verən vaxt iki maşın olmuş, günahkar şəxs kimi cavabdeh olmuşdur. Bu barədə Beyləqan Rayon Məhkəməsinin hökmünü ərizəsinə əlavə etmişdir. O, xəstəxanaya çatdırılana qədər, xəstəxanada elizarov aparatını, xəstəxanadan çıxana qədər nə lazımdı xərcini cavabdeh çəkmişdir. Sonradan xəstəxanadan çıxmış, 21 noyabr 2021-ci ildə xəstəxanaya yerləşdirilmiş, 9 dekabr 2021-ci ildə xəstəxanadan çıxmışdır. Çünki həmin vaxtı COVİD problemləri vardı, həmdə ki vəziyəti və orada ona qulluq etmək çətin idi. O, xəstəxanadan çıxardıqdan sonra onunla maraqlanmamışlar. Bundan sonra bütün xərcləri özü çəkmiş, 4 dəfə əməliyyat olunmuş, sonuncu dəfə 05 oktyabr 2022-ci il tarixdə “Medera Hospital”da sümük köçürmə əməliyyatı olunmuş, həmin əməliyyata 8000 manat xərci çıxmışdır. Həmin əməliyyata gedən zaman cavabdehdən maddi dəstək istəmiş, lakin cavabdeh ona heç bir maddi dəstək olmamışdır. O, damar, dopler üçün, mərkəzi klinikada MRT olmuş, bir neçə dəfə əməliyyat olunmuş, fizioterapiyada olunmuşdur. Bundan başqa, 16 ay bulleteyində olmuş, lakin onun 4 ayının pulunu verməmişlər.Cavabdeh onunla maraqlanmadığından məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, baş vermiş hadisə yol qəzasıdı, vurub qaçmamışdır. Belə ki, o, iddiaçını vurmamış, başqa maşını vurmuşdur. Hadisə olduqdan sonra iddiaçını Beyləqan rayonunda yerləşən xəstəxanaya aparmışdır. Bundan sonra iddiaçı Bakı şəhərində yerləşən xəstəxanaya getmiş, o da Bakı şəhərinə iddiaçının yanına getmişdir. Bakı şəhərində yerləşən xəstəxanda bütün xərclərini çəkmişdir. İddiaçının müayinə və müalicəsinə ümumilikdə 7000 manatdan çox xərc çəkmişdir. Ya, bankdan 1500 manat kredit götürüb iddiaçıya verə bilər, ya da 1500 manatı aylara bölərək müharibə iştirakçısı olduğu üçün verilən 80 manat veteran pulunun yarısını hər ay ödəməyə razıdır. Ona görə də qeyd etdiklərini nərəzə alıb iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 10 noyabr 2021-ci il tarixdə idarə etdiyi “Opel-Vectra” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisndən keçən hissəsində X1 idarə etdiyi “VAZ-21061” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt yolun sağ ehtiyat hissəsində dayanmış “Audi Q-5” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfində dayanmış İddiaçı vurduqdan sonra sonuncu avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində İddiaçı ağır xəsarət almışdır. Bu səbəbdən Cavabdeh barəsində CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İlkin Hüseynov qeyd edilən cinayəti törətməsi sübuta yetirildiyindən Beyləqan Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə məhkum olunmuş, zərərçəkmiş şəxs İddiaçı isə mülki qaydada iddia vermək hüquqları izah olunmuşdur. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(020)-40/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmçinin zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilmişdir. Qeyd olunur ki, şəxsə dəymiş zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi isə maddi zərər hesab olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Mülki Məcəllənin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunduğu kimi, iş üzrə iddiaçı sağlamlığına dəymiş maddi zərərə görə cavabdehdən 20000 (iyirmi min) manat pul tələb edir. Cavabdeh isə hadisə olduqdan sonra iddiaçını Beyləqan rayonunda yerləşən xəstəxanaya aparmasını, daha sonra iddiaçının Bakı şəhərində yerləşən xəstəxanaya getməsini, Bakı şəhərində yerləşən xəstəxanda iddiaçının bütün müayinə və müalicə xərclərini çəkməsini, iddiaçının müayinə və müalicəsinə ümumilikdə 7000 manatdan çox xərc çəkməsini, bundan sonra bankdan 1500 manat kredit götürüb iddiaçıya verə bilməsini, ya da 1500 manatı aylara bölərək müharibə iştirakçısı olduğu üçün verilən 80 manat veteran pulunun yarısını hər ay ödəməyə razı olmasını bildirmişdir. Hadisə baş verdiyi tarixdən sonra iddiaçının müayinə və müalicəsinə çəkilmiş xərcləri əks etdirən qəbzlər məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlər üzrə toplamda məbləğ 1610 manat təşkil edir. İddiaçı tərəfindən onun hadisə baş verdiyi tarixdən sonra müayinə və müalicəsinə ümumilikdə 20000 (iyirmi min) manat xərc çəkməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının “MedEra Hospital”a ümumilikdə 8000 manat ödənilməsi ilə bağlı təqdim olunmuş sübuta qiymət verərək məhkəmə hesab edir ki, yalnız nəzarət-kassa aparatının çeki və ya qəbz müalicə xərclərinin çəkilməsi ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunduğundan, tibb müəssisəsinin arayışı ciddi maliyyə sənədi kimi qəbul edilə bilməz. Ona görə iddia tələbi həmin hissədə məhkəməyə təqdim edilmiş sübutlar əsasında təmin edilərək 1610 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan maddi zərərin əvəzinin həcmi və miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 1000 (min) manat mənəvi zərərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, iş materiallarına da iddiaçı tərəfindən, baş vermiş hadisə nəticəsində ona mənəvi zərər dəyməsi barədə sübutlar əlavə edilməmiş, bununla da iddiaçıya mənəvi zərərin vurulması müəyyən edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. İş üzrə iddiaçı 155 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, iddia tələbi 1610 manat hissədə sübuta yetirildiyindən həmin tələb uyğun ödənilməli olan dövlət rüsumu 36,10 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1610 (min altı yüz on) manat dəymiş maddi ziyan və 36,10 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-360/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-360/2024
31.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver