Məhkəmə qərarları › İş №2(015)-414/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-414/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-414/2024 31.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4800 manat borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə mülki işə onun iştirakı olmadan baxıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Lakin, nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması (Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat idddia ərizəsinə əlavə edilməlidir) və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Mülki işin materiallarında olan, İddiaçı Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış borc müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı tərəfindən Cavabdeh 4800 manat borc verilməsi barədə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh borcunu xx.xx.2024-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Müqavilədə borcun aylar üzrə hissə-hissə qaytarılması qeyd edilməmişdir. Eyni zamanda müqavilənin 7-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İddiaçı isə həmin qaydaya əməl etməyərək cavabdehdən borcun tutulması tələbi ilə birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış borc müqaviləsində mübahisənin notarius tərəfindən aparılan icra qeydi əsasında məhkəməyə qədər nizama salınması qaydası nəzərdə tutulmuşdur və iddiaçının bu qaydaya riayət etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş və tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanını itirilməmişdir. Bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.4, 259.0.1, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar