Məhkəmə qərarları › İş №2(015)-434/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-434/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-434/2024 09.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü uşağı X1 yetkinlik yaşına çatana kimi Ağstafa Rayon Məhkəməsinin 2(015)-1063/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanması üçün 154 manat aliment təyin edilmişdir. Hazırda uşağın artan tələbatı çətinlik yaradır. Ona görə də uşağın saxlanması üçün cavabdehdən hər ay 235 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddiasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işin materiallarından müəyyən olunur ki, tərəflər xx.xx.2016-cı il təvəllüdlü uşağı X1 valideynləridir. Tərəflərin arasındakı nikah pozulmuşdur, həmin uşaq iddiaçının (anasının) yanında qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşağı saxlamadığından uşağın saxlanması üçün ondan aliment tutulmalıdır. İddiaçı cavabdehdən tutulacaq alimentin miqdarının 235 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin qazanacı və gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, mülki işdə cavabdehin qazancı və gəlirləri barədə heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, aliment 174 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay uşağına 174 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və hesab edir ki, alimentin miqdarının 174 manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9.4cü maddələrinə əsasən 40,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü uşağı X1 yetkinlik yaşına çatana kimi saxlanması xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay Cavabdeh 174 (yüz yetmiş dörd) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 40,88 (qırx manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar