Məhkəmə qərarları › İş №2(015)-446/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-446/2023

12.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-446/2023 12.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu iddiaçı “SVC” firmasının cavabdehlər Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Verqi Xidmətinin X3 Baş İdarəsinin rəisi X1 qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı “SVC” firmasının cavabdehlər Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Verqi Xidmətinin X3 Baş İdarəsinin rəisi X1 qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddia ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, mülki prosessual qanunvericilikdə kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. İş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X2 vergi ödəyicisi olmaqla, adına ********** saylı VÖEN vardır və o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göründüyü kimi, hazırki mübahisənin subyektiv tərkibi, həm də predmeti məhz iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, iddiaçı “SVC” firması vergi ödəyəcisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mübahisə də onun sahibkarlıq fəaliyyəti və vergi borcu ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, iddiaçı “SVC” firmasının cavabdehlər Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Verqi Xidmətinin X3 Baş İdarəsinin rəisi X1 qarşı “vergi borcunun silinməsi” tələbinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya aidiyyəti üzrə Kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153.2.1, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “SVC” firmasının cavabdehlər Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Verqi Xidmətinin X3 Baş İdarəsinin rəisi X1 qarşı “vergi borcunun silinməsi” tələbinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçı SVC” firmasına izah olunsun ki, aidiyyəti üzrə Kommersiya Məhkəməsinə müraciət etmək hüquqları vardır Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar