Məhkəmə qərarları › İş №2(015)-448/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-448/2024

23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-448/2024 23.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ziyanlığın əvəzi olaraq 2500 (iki min beş yüz) manat, 45 manat dövlət rüsumu olmaqla, cəmi 2545 manatın birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşayır. Onun 3 baş iri buynuzlu heyvanı olmuşdur. İş üzrə Cavabdeh kəndin naxırçısıdır. Heyvanı otardığı üçün hər heyvana 10 manat olmaqla, 3 baş iri buynuzlu heyvana görə ona hər ay 30 manat pul vermişdir. O, adətən 90-100 baş kənd camaatının heyvanını otlağa aparır. xx.xx.2023-cü il tarixdə hər gün olduğu kimi yenə də cavabdeh onun 3 baş iri buynuzli heyvanını otarmağa aparmış, lakin heyvanları geri gətirməmişdir. Bir gün sonra onun evinə getdikdə cavabdeh heyvanların meşədə olmasını, bir gün sonra gətirəcəyini bildirmişdir. Daha sonra heyvanların ikisi gəlmiş, biri gəlməmişdir. Üç gün gözləmiş, dördüncü günü cavabdeh ona bildirmişdir ki, heyvanı meşədə canavar yeyib və dəymiş ziyanlığı ödəyəcəkdir. Lakin daha sonra onlara dəymiş ziyanlığı ödəməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, bir müddət naxırçı kimi kənd camaatının heyvanlarını otarmaqla məşğul olmuşdur. İddiaçının bildirdiyi heyvanın xəstəliyi olmuşdur. Belə ki, o, 10-15 gün əvvəl meşədə heyvanları otaranda görmüşdür ki, heyvan qızdırmadan ölüb və heyvanın qarnını çaqqal yemişdir. Bu barədə iddiaçının oğluna gəlməsini bildirmiş, lakin o heyvana baxmağa gəlməmişdir. Hadisədən sonra iddiaçıya təklif etmişdir ki 500-600 manat köməklik edəcəkdir. Eyni zamanda usta yanında fəhlə işləməsini və pul alacağını, aldığı zaman həmin pulun üzərinə də biraz pul əlavə edərək onlara verəcəyini bildirmişdir. Həmçinin həmin heyvanın dəyəri 2500 manat deyil, balası ilə birlikdə təxminən 1200 manat dəyərində olmuşdur. 80 manat veteran pulu alır. Himayəsində iki uşağı var və anası xəstədir. Ayda 15-20 manat ödəyə bilər. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını izahatlarını, şahid ifadəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında şahid qisimində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iş üzrə İddiaçı onun qonşusudur. İddiaçının 3 baş iri buynuzlu heyvanı olmuşdur. İddiaçının heyvanı naxırçı Cavabdeh tərəfindən otlamağa aparılmış, həmin heyvandan ikisi qayıtmış, biri qayıtmamışdır. İddiaçının heyvanları sağlam vəziyyətdə olmuşdur. Həmçinin həmin heyvan qızdırmadan tələf olsa yanındakı heyvanlara da xəstəlik keçərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər həmkəndlidir. İş üzrə Cavabdeh Ağstafa rayonu, Qıraq kəsəmən kəndində naxırçı kimi işləməklə pul müqabilində kənd camaatının heyvanlarını otarmaqla məşğuldur. İş üzrə İddiaçı da 3 baş iri buynuzlu heyvanını cavabdeh mütəmadi olaraq otarmağa aparmışdır. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə iş üzrə iddiaçıdan otarmaq üçün təhvil aldığı 3 baş iri buynuzlu heyvandan ikisini təhvil vermiş, bir heyvan isə tələf olduğundan iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında şifahi olaraq tapşırıq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh müəyyən haqq müqavilində iddiaçıya məxsus heyvanları otarmağı və sağlam təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozaraq tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində iddiaçıya məxsus bir baş heyvan tələf olmuş, bununla da iddiaçıya maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçıya dəymiş ziyana görə cavabdeh məsuliyyət daşıyır. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, iş üzrə iddiaçı dəymiş ziyanın 2500 manat olmasını, cavabdeh isə 1200 manat olmasını bildirmişdir. Məhkəməyə həmin məbləğlə bağlı nə iddiaçı, nə də cavabdeh hər hansı bir sübut təqdim etməmişlər. Belə olan halda Məhkəmə isə öz daxili inamına əsaslanaraq dəymiş ziyanın 1500 manat müəyyən olunmasını ağlamatan hesab edir. Ona gərə də cavabdehdən 1500 manat dəymiş ziyanlıq iddiaçının xeyrinə tutulamlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin olunmuş məbləği 1500 manat təşkil etdiyindən həmin tələb üzrə ödənilməli olan 35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı 1500 manat məbləğində maddi ziyan vurması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar