Məhkəmə qərarları › İş №2(015)-461/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-461/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-461/2023 05.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1399,99 manat əsas, 34 manat dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1434,39 manatın İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1399,99 manat dəyərində nisyə mal almış və həmin pulu 25 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanan faktorinq müqaviləsinə əsasən onun Cavabdeh qarşı olan tələb hüququ iddiaçıya keçmişdir. İddiaçı MMC təşkilati hüquq formasını dəyişdirərək QSC-nə keçimişdir. Cavabdeh alqısatqı müqaviləsinin şərtlərini pozmuş və onun iddiaçı təşkilata xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1399,99 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 40009381 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonrada Cavabdeh müqavilə üzrə sifariş etdiyi 1399.99 manat dəyərində olan məhsuldan (Soyuducu Vestel RM670TF3M-L) imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40009381 saylı “Nisyə alqı-satqı müqaviləsi” ləğv edilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Belə bir müqavilə münasibətlərinin qüvvəyə minməsi üçün tərəflər arasında mülki hüquq münasibətləri yaranmalıdır. Müəyyən olunduğu kimi, "xxxx" MMC ilə Cavabdeh arasında arasında bağlanan müqavilə ləğv edildiyindən, tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilməsin. İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar