Məhkəmə qərarları › İş №2(015)-476/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-476/2023

22.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-476/2023 22.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sakif qızının iştirakı ilə, İddiaçı Cavabdeh Sakif qızına qarşı borcun məcburi qaydada qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sakif qızından 3.500 manat pulun alınıb ona verilməsi və məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdeh Sakif qızın 2022-ci ildə onun Ağstafa şəhərində yaşadığı evdə kirayədə yaşadığı zamanı aprel ayında borc olaraq ondan 5.000 manat pul istəmiş, o, da kirayəçi və Ağstafa rayon Mərkəzi Xəstəxanasında işlədiyi üçün ona inanıb 5.000 manat pulu ona vermişdir. Həmin vaxtdan xeyli müddət sonra cavabdeh onun qızının Turan banka olan aylıq kredit borcları qismində ümümilikdə 1.500 manat pul ödəmişdir. Ondan sonra isə o ona qalıq borcu olan 3.500 manat pulu geri qaytarılmasını tələb etsədə heç bir nəticə əldə etməmişdir. Məcbur olub onun iş yerinə Xəstəxanaya gedib rəhbəri ilə görüşmüşdür. Cababdeh isə bundan narahat olmuşdur ki, pulun qaytaracağını demişdir. Ona görə də Cavabdeh Sakif qızından 3.500 manat pulun alınıb ona verilməsi və məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sakif qızı iddia tələbini qəbul etməyib göstərmişdir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun İddiaçı borcu yoxdur. İddiaçı ona şər və böhtan atır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında borc pul verdiyini və sonuncunun həmin pulu qaytarmadığı sübut etməlidir. Göründüyü kimi, iddiaçı cavabdehə borc pul verdiyini iddia edir. Cavabdeh isə həmin halları təkzib edərək iddiaçıdan heç bir zaman borc pul almamasını, İddiaçının ona şər və böhtan atmasını bildirmişdir. Hazırki vəziyyətdə İddiaçı 2022-ci ildə Cavabdeh Sakif qızına borc pul verməsi öz təsdiqini tapmır və barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Belə bir müqavilə münasibətlərinin qüvvəyə minməsi üçün tərəflər arasında mülki hüquq münasibətləri yaranmalıdır. Müəyyən olunduğu kimi, tərəflər arasında şifahi və ya yazılı borc müqaviləsinin bağlanaraq müqavilə münasibətlərinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadığından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Sakif qızına qarşı borcun məcburi qaydada qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 55 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh Sakif qızına qarşı borcun məcburi qaydada qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 55 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar