Məhkəmə qərarları › İş №2(015)-514/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-514/2024

31.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-514/2024 31.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat borc pulun, həmin pulun 5 aylıq faizini, iddia ərizəsi tərtib edən zaman ödədiyi 50 manatın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2023-cü ildə tanış olmuşdur. Bir müddət mobil telefon vasitəsilə ünsiyyət qurduqdan sonra cavabdeh xx.xx.2023-cü ildə ondan 200 manat borc pul istəmiş və yaxın zamanda qaytaracağını bildirmişdir. O da cavabdehin qadın olmasını və pula ehtiyacı olmasını nəzərə alaraq Gədəbəy rayonunda yerləşən "xxxx" ASC vasitəsilə 200 manat pul göndərmişdir. Lakin, üzərindən 5 ay keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. O bir neçə dəfə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh ona yalan vədlər verərək, aldatmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ilə telefon vasitəsilə tanış olmuş, həmin tanışlıqdan sonra cavabdeh iddiaçıdan yaxın zamanda 200 manat borc istəmiş və iddiaçı Gədəbəy rayonunda yerləşən "xxxx" ASC vasitəsilə 200 manat pul göndərmişdir. Cavabdeh həmin pulu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Nəticədə cavabdehin hazırki tarixədək 200 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar heç bir fayda verməmiş və İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin alınmış məbləğin 5 aylıq faiz hissəsinə aid hissəsinə münasibətdə hesab edir ki, iş üzrə tərəfər arasında borcun vaxtında qaytarılmaması barədə faiz ödənilməsinə dair müqavilə mövcud olmadığından və cavabdeh bu barədə üzərinə hər hansı öhdəlik götürmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Bundan başqa məhkəmə iddiaçının cavabdehdən iddia ərizəsinin tərtibatı üçün tələb etdiyi 50 manat pula münasibətdə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin tərtibatı üçün ona hüquqi yardım göstərilməsi və həmin hüquqi yardım görə hər hansı bir məbləğin ödənilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh ilə telefon vasitəsilə tanış olması, həmin tanışlıqdan sonra cavabdehin iddiaçıdan yaxın zamanda 200 manat borc istəməsi, iddiaçının Gədəbəy rayonunda yerləşən "xxxx" ASC vasitəsilə 200 manat pul göndərməsi, cavabdehin həmin pulu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və iddiaçıya olan borcunu qaytarmaması, hazırki tarixədək 4000 borcunun qalması sübuta yetirildiyindən iddia qismən təmin edilməli, Cavabdeh 200 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 200 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar