Məhkəmə qərarları › İş №2(015)-526/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-526/2023

25.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-526/2023 25.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əfəndiyeva Nərmin Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Ceyrançöl qış otlaq sahəsində heyvanlara baxan, orada yaşayan şəxslər kimi tanımışdır. Digər Cavabdeh1 "xxxx" MMC-nin qərb regional idarəsinin Ağstafa təsərrüfatı heyvan yataqlarına nəzarət edən rəhbər vəzifədədir. Çobanlar Cavabdeh1 Ceyrançöl qışlağında olan heyvanlarına baxırlar və orada yaşayırlar. 11 dekabr 2021-ci il tarixdə Cavabdeh1 iddiaçıya bildirib ki, heyvanları say Cavabdeh2 təhvil ver və get. Elə həmin gün də akt tərtib edərək iddiaçıya məxsus 140 baş xırda buynuzlu heyvanlar "xxxx" MMCnin X1şlağında müvəqqəti olaraq yerləşdirilmişdir. Bu barədə cavabdehlərdən Cavabdeh2 da iştirakı ilə akt tərtib edilmişdir. İddiaçı sonra bilmiş ki, Cavabdeh2 işdən azad edilib və orada heç bir səlahiyyəti qalmayıb. Çünki, 2021-ci ilin oktyabr ayında "xxxx" MMC-nin əmri ilə Cavabdeh2 ilə əmək müqaviləsinə xitam verilmiş və digər cavabdeh olan Cavabdeh3 Qərb regional idarəsi üzrə çoban təyin edilmişdir. Həmin heyvanları Cavabdeh3 otarır. Bildirir ki, "xxxx" MMC-nin Ceyrançöl qışlağında yerləşdirilən iddiaçıya məxsus həmin 140 baş xırda buynuzlu heyvanları cavabdehlər 2022-ci ilin avqust ayında Ceyrançöldə malqara saxlayan Mürvət adlı sahibkarın yatağına yerləşdirmişdir. Bu barədə isə hansısa bir akt tərtib edilməmişdir. Daha sonra cavabdehlər heyvanları Mürvətin yatağından apararaq, Elman adlı şəxsin yatağına yerləşdirmişlər, heyvanları Elmanın yatağında olanda Elman Sahibə zəng etdi ki, gəl heyvanları təhvil ver. Sahib isə telefonda dedi ki, Elxanla Nazilə özləri bilər, onun cavabı bu oldu. Sonradan Elman adlı şəxs idiaçıya məxsus heyvanları xx.xx.2022-ci ildə iddiaçıya məxsus yatağa gətirdi. İddiaçı gətirilən heyvanları sayarkən məlum oldu ki, heyvanların sayı 140 deyil, 129 başdır. Yəni, 11 baş azdır. Elmanın özü heyvanların sayımında iştirak etdi və şahid oldu ki, heyvanların sayı 129 - dur. Heyvanların sayının 140 deyil, az olduğunu bildikdən sonra cavabdehlərdən 11 baş heyvanını tələb etmişdir. Cavabdehlər bildirdilər ki, həmin heyvanlar ölüb. İddiaçının 11 baş heyvanı cavabdehlər tərəfindən mənimsənilmişdir. Artıq bu işin məhkəmə qaydası olmadan həlli yoxdur. İddiaçı heyvanların birini 220 manata almış və cavabdehlər tərəfindən mənimsənilmiş 11 baş xırda buynuzlu heyvanın da ümumilikdə qiyməti 2.420 manat təşkil edir. Bundan başqa qeyd edir ki, iddiaçı 4 saylı yatağa yerləşib müqavilə bağlayan zaman iddiaçıya məxsus 600 ədəd ot bağlamasını da ora gətirmişdir. Buna Elxan müəllim özü icazə vermişdir. Sonra iddiaçı həmin yataqdan çıxanda 600 ədəd ot bağlaması orada qaldı. Səhəri gedəndə görmüşdür ki, cavabdehlərin heyvanları həmin ot bağlamalarını yeyiblər. Həmin ot bağlamalarının da bir ədədinin qiyməti 5 manatdır. 600 ədədin də ümumilikdə dəyəri 3.000 manat edir. Cavabdehlər 11 baş heyvanın pulu ilə birgə ot bağlamalarının 3.000 manat pulunu da ona ödəmələdirlər. İddiaçının qeyd etdiklərini sübut edəcək mötəbər faktları-sübutları vardır. Buna misal olaraq şahidlər tərəfindən tərtib edilmiş akt, ot bağlamalarının dağıldığını göstərən video çəkiliş olan disk və s. vardır. Odur ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus 11 baş xırda buynuzlu qarnı balalı heyvanların özlərini, heyvanların özləri olmadığı təqdirdə hər birinini dəyəri 220 manat olmaqla, 11 baş heyvana görə ümumilikdə 2.420 manat pulun, 600 ədəd ot bağlamasının özünün, yaxud onun dəyəri olan birinin qiyməti 5 manatdan olmaqla 600 ədəd üçün 3.000 manatın, ümumilikdə cəmi 5.420 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, uzun müddətdir heyvandarlıqla məşğul olub. 2022-ci ildə cənab prezidentin qəbulunda olandan sonra yataqla təmin olunmağını istəmiş. Bir neçə gün bundan qabaq İcra Hakimiyyətində Rizvan müəllimin qəbulunda olmuş. Rizvan müəllim onunla bərabər bu işlərdə iştirak edib. Elxan müəllim və Rizvan müəllimin iştirakı ilə oğlu ilə birlikdə 4 nömrəli yatağa yerləşmiş və bütün əşyalarını da oraya aparmışdır. Həmin vaxt Cavabdeh2 və Cavabdeh3 başqa bir yataqda dövlətin heyvanlarını saxlayırdı. O, mütəmadi olaraq yatağı yoxlayırdı. Onlar həmin yatağa köçəndə həmin yataq boş idi. Bir gün oğlu ərazini yoxlamağa gedəndə ona zəng vuraraq onların əşyalarının yataqdan çölə töküldüyünü və orada Mahal adlı bir şəxsin olduğunu bildirdi. O, dərhal oraya getmiş və nə baş verdiyini soruşduqda ona yataqdan çıxmalı olduğunu bildirmişlər. O, da həmin yatağa Elxan müəllimin razılığı ilə yerləşdiyini bildirmişdir. O, yenidən əşyalarını yatağa yerləşdirmiş və onlara Elxan müəllimi gətirmələrini bildirmişdir. Onlar ona həmin yataqda qalmağı üçün 5 min manat verməli olduğumu bildirmişlər. O, onların sözünə qulaq asmamış və onları oradan uzaqlaşdırmışdır. Bir müddət sonra Elxan müəllim dedi ki, ot preslərini apar yatağa və heyvanlarını da gətir saxla yataqda. Ümumilikdə o həmin yatağa 300 bağlama pres aparmışdır. Ertəsi gün o yatağa gedəndə Sahib, Dürdanə və Vüqar adlı şəxslərin həmin yataqda olduğunu görmüşdür. Onlar özləri ilə 5-6 baş xırda buynuzlu və 45 baş iri buynuzlu heyvan gətirmişlər. Həmin heyvanlar iddiaçının yatağa apardlığı ot bağlamalarını yeyib dağıtmışlar. Həmin vaxt o telefondan istifadə edərək qeyd etdiklərini video çəkiliş edərək qeydə almış və qayıdıb gəlmişdir. Sonradan o həmin 4 nömrəli yatağa müqavilə bağlamışdır. Bir qədər sonra Elxan müəllim onu çağıraraq onun başqa yatağa köçməyimi təklif etmişdir. Elxan müəllim və işciləri onu dəfələrlə döyərək zorla 4 nömrəli yataqdan çıxartmışlar. Sonradan onlar öz aralarında razılaşmış və onu başqa yatağa yerləşdirmişlər. Cavabdeh2 ona zəng edərək heyvanlarını Mürvətin yatağına aparacağını bildirmişdir. İddiaçı ona etiraz etmiş və onun orada olan ot bağlamasından istifadə etməməsini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, heyvanları Mürvətin yatağındadır. Oradan isə onun heyvanlarını Elmanın yatağına aparıblar. Həmin ərəfədə 11 baş heyvanın öldüyünü bildirmişlər. Sonradan Elman ona zəng edərək heyvanları saxlaya bilmədiyini və gedib heyvanları götürməyini bildirdi. O Elmanın yanında olanda heyvanların təhvil alınması barədə tərtib edilən aktda adları olan şəxslərə zəng edərək gəlib heyvanları təhvil vermələrini bildirsə də heç kim gəlməmişdir. İddiaçı heyvanları sayanda 11 baş heyvanın az olduğunu görmüş və təhvil almamışdır. Ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, “X5 və Emalı Birliyi” MMC-nin təsərrüffatına rəhbərlik edir. İddiaçı şəhid ailəsi olduğunu nəzərə alaraq 11 dekabr 2021-ci il tarixli aktla iddiaçının heyvanlarını saxlanması və otarılması üçün Cavabdeh2 təhvil vermişlər. Akta əsasən iddiaçı həftədə 2 dəfə heyvanlarını yoxlamalı, baytarlıq xidməti göstərməli və heyvanların saxlandığı tövlənin təmizlənməsində iştirak etməli idi. Akta əsasən iddiaçı heyvanlarını yoxlamağa gəldiyini, baytarlıq xidmətini göstərdiyi vaxtları özündə qeyd etməli idi. Lakin iddiaçı ay ərzində 1-2 dəfə gəlirdi heyvanlarını yoxlamağa. Cavabdeh2 may ayına qədər heyvanları saxladı. May ayında iddiaçıya dəfələrlə zəng olunmasına baxmayaraq heyvanlarını təhvil götürməyə gəlmədi. Oktyabr ayına qədər iddiaçı heyvanlarını götürmədi. Sonradan məcbur olub heyvanları iddiaçıya məxsus yatağa aparmışlar. Əlavə olaraq qeyd edir ki, o iddiaçıya heç bir yataq haqqında söz verməmiş. Çünki onun müqavilə bağlamaq səlahiyyəti olmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, bildirir ki, iddiaçı oğlu ilə birlikdə əsəbi şəkildə heyvanları heç bir icazəsi və razılığı olmadan gətirərək yatağa yerləşdirdi və bir az möhlət istədi ki, bir neçə gündən sonra heyvanlarını başqa yatağa yerləşdirsin. Təxminən 1 ay yarım keçdikdən sonra heyvanları aktla ona təhvil verdilər saxlanması üçün. Dəfələrlə iddiaçıya zəng vurub çağırsa da müddət başa çatdıqdan sonta gəlib heyvanlarını təhvil götürmədi. İddiaçı həmin heyvanların 85 baş balasını satdıqdan sonra heyvanların özünü aparmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, bildirir ki, iddiaçının heyvanlarını o otarmışdır. Heyvanlar xəstə olanda neçə dəfə iddiaçını çağırmış, lakin dəfələrlə onun tərəfindən iddiaçının şəxsinə və telefon vasitəsilə deyilməyinə baxmayaraq heyvanlarını vaxtında aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində məhkəməyə bildirdi ki, iddiaçı şəhid ailəsinin üzvü kimi Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edib dövlət müəssisəsi olan X2 ərazisində boş yataq istəmiş, lakin ona izah edilmişdir ki, hal-hazırda boş yataq yoxdur. İddiaçının iddia etdiyi ərazilər “X5 və Emalı Birliyi” MMC-nin sahibliyində olduğu üçün, iddiaçıya izah edildi ki, bu yatağa münasibətdə nəsə etmək İcra Hakimiyyətinin səlahiyyətləri hüdudlarında deyil. Ona bildirildi ki, yataqdan istifadə üçün “X5 və Emalı Birliyi” MMC ilə müqavilə bağlamalıdır və iddiaçıya müəssisənin təsərrüfatına rəhbərlik edən Cavabdeh1 müraciət etməsini tövsiyə etmişlər. Sonradan eşidib ki, iddiaçı Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış, hətta 20 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Eyni zamanda o məhkəməyə bildirdi ki, onun iştirakı ilə iddiaçı həmin yataqda yerləşdirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində məhkəməyə bildirdi ki, X2 “ MMC - də qardaşı ilə yataqda işləyirmiş. Müəssisənin təxminən 200-300 baş mal-qarası olub. Müəssisə rəhbəri Elxan müəllim ilə məsləhətləşdikdən sonra heyvanlar ac qalmasın deyə başqa yatağa aparmışlar. Sonradan yenə olduqları yatağa qayıdan zaman görmüş ki, yatağa əşyalar və ot tayaları yığılmışdır. İddiaçı həmin vaxt səs küy yaradaraq yatağı ona şəhid ailəsi olduğu üçün verildiyini bildirmiş və onlara məxsus əşyaları yataqdan çölə atmışdır. Onun bu haldan başqa bildiyi heçnə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində məhkəməyə bildirdi ki, o baytar kimi fəaliyyət gösytərir. İddiaçının iddiası ilə bağlı hallardan məlumatlı deyil. Onu deyə bilər ki, iddiaçının mal-qarası yataqda olan zaman heyvanların ac olduğunu bildirmiş və heyvanlarını yataqdan çıxarmasını demişdir. Daha sonra mal-qaranın öldüyü ilə bağlı iddiaçını məlumatlandırmışdır. İddiaçının oğlu isə bildirmişdir ki, heyvanlar ölürsə ölsün. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçının heyvanlarını Sahiblə birlikdə otarıb. İddiaçı 2022-ci ilin may ayında heyvanlarını öz yatağına aparmalı idi, lakin dəfələrlə onun tərəfindən şəxsinə və telefon vasitəsilə deyilməyinə baxmayaraq heyvanlarını vaxtında aparmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi rədd edilməlidir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xırda buynuzlu heyvanlarını “X5 və Emalı Birliyi” MMC-nin X1şlağına yerləşdirmişdir. İş materiallarında olan İddiaçı, Cavabdeh2 oglu, Şahid2, Şahid4 oglu və X6 tərəfindən imzalanmış 11 dekabr 2023-cü il tarixli aktda aşağıdakılar göstərilmişdir: “ ... Bu aktı tərtib edirik ondan ötəri ki, həqiqətən Ağstafa rayon məhkəməsinin qərarı ilə Ağstafa rayon sakini İddiaçı məxsus hesab edilən xırdabuynuzlu heyvanları “Azəraqrar Dİ və EB" MMC - nin X1şlağında müvəqqəti olaraq yerləşdirilmişdir.İddiaçı öz heyvanlarına baxmağı və otarmağı fiziki və yaxud hər hansı səbəbdən bacarmadığını bildirərək heyvanları otarmaq üçün Cavabdeh2lə razılaşaraq 2022-ci ilin may ayına kimi ona təhvil verilməsi razılığına gəlmişlər. Cavabdeh2 heyvanların otarılmasına və say tərkibinə cavabdehliyini öhdəsinə götürür. İddiaçı bu tarixdən başlayaraq həftədə ən azı iki dəfə heyvanlarına baxmaq, yoxlamaq və otarılmasına və yatağın təmizlənməsinə köməklik etmək, öz heyvanlarının baytarlıq xidmətini təşkil etməyi öhdəsinə götürür. Hər dəfə bu akta əlavə olunan qeydiyyat dəftərində hər iki tərəf müvafiq qeyd aparıb imza edilməlidilər. Mübahisəli məsələlər hər iki tərəfin iştirakı ilə həll olunur. Cavabdeh2 xəstələnmiş və yaxud hər hansı bir səbəbdən itmiş heyvan barədə dərhal Naziləyə məlumat verir və bu barədə qeydiyyat dəftərində zəngin tarixini və vaxtını qeyd edir. İddiaçı və yaxud onun etibar etdiyi nümayəndəsi gecikmədən yatağa gəlməli və baytarlıq xidmətini təşkil edib gəlməyi barədə qeydiyyat dəftərində Sahiblə birlikdə qeyd aparıb imza etməlidir. İddiaçı Sahibin zənglərinə hər hansı bir səbəbdən cavab verməsə yaxud gəlmək imkanı olmasa,qeydiyyat dəftərində qeyd aparmasa akta olan şərtlərin onun tərəfindən pozulmuş hesab olunacaq.” İş materiallarında olan Cavabdeh2 oglu, Şahid2, Şahid4 oglu tərəfindən imzalanmış 04 oktyabr 2022-ci il tarixli aktda aşağıdakılar göstərilmişdir: “ ... Bu aktı tərtib edirik ondan ötəri ki, İddiaçı məxsus hesab edilən 140 baş xırdabuynuzlu heyvanlar “Azəraqrar Dİ və EB" MMC - nin X1şlağında müvəqqəti olaraq yerləşdirilmişdir. 11 dekabr 2021-ci ildə bağlanan akta əsasən İddiaçı aktda olanların heçbirinə əməl etməyib. Heyvanların otarılmasına, yatağın təmizlənməsinə və baytarlıq xidmətinin göstərilməsində heç bir köməklik göstərməmişdir. Dəfələrlə zəng olunmasına baxmayaraq xəstə heyvanlarına gəlib baxmayıb. Onun nəticəsində 3 baş xəstə heyvanı ölmüşdür. Heyvanlar ölən vaxt çobanlar və baytar həkim xəbərdarlıq ediblər və Nazilə gəlməyib. Baytar həkim ölən heyvanların şəklini çəkib. İddiaçı telefonuna göndərib. Buna baxmayaraq o yenə gəlməyib. Heyvanlar İddiaçı öz heyvanlarıdır. İddiaçı Azəraqrara məxsus yataqda saxlanılan 130 baş xırdabuynuzlu heyvanlardan 2022-cı ilin may ayında sataraq 22.000 manat gəlir əldə etmışdir. Buna baxmayaraq İddiaçı qərəzli danışır, şər və böhtan atır.” İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağstafa rayon prokurorluğunun böyük köməkçisi, 2-ci dərəcəli hüquqşünas Abdulla Məmmədovun 28 noyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Ceyranöl ərazisində heyvandarlıqla məşğul olmaq üçün ayrılmış yatağın sənədləşdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin işçisi Cavabdeh1 ondan 5.000 manat pul istəməsi barədə xüsusat təsdiqini tapmadığından eləcə də yataqların ayrı-ayrı şəxslərə sonuncu tərəfindən pul müqabilində satılması barədə göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilsin.” İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağstafa rayon Polis Şöbəsinin TB-nın təhqiqatçısı, polis baş leytenantı X4 xx.xx.2021-ci il tarixli qərarında “Toplanmış materialda əməldə cinayət hadisəsi olmadığı üçün cinayət işinin bağlanmasının rədd edilməsi göstərilmişdir”. Məhkəmə iclasında tərəflərin iştirakı ilə onlar tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər dinlənilmiş, lakin şahidlərin məhkəmədə ifadə verən zaman söylədikləri sözlərin iddiaçının iddia tələbi ilə uyğunluğu qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən tərəflərə sübutlarını məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmışdır. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi ilə şahid ifadələri arasında olan ziddiyyətlərdən aydın olur ki, iddiaçı qanunvericiliyin ona verdiyi imkanlardan lazımi şəkildə istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən Mülki Prosessual Məcəllənin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.”. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Agstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar