Məhkəmə qərarları › İş №2(015)-526/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-526/2024

24.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-526/2024 24.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsimim hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 47.750 manat məbləğində pulun və 241 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Qazax rayon Mərkəzi bazarında qızıl satışı ilə məşğuldur. Cavabdeh 2020-ci ildən müxtəlif vaxtlarda iddiaçıdan qızıl zinyət əşyaları almış və dəyərini ödəyəcəyi barədə yazılı və şifahi məlumatlar vermişdir. Cavabdehin ümumilikdə 47.750 manat borcu vardır. Dəfələrlə aldığı qızılların pulunu ödəməsi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə qaydası olmadan mübahisənin həlli mümkün deyil. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. İş üzrə xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçını tanıyır, aldığı pulların hamısını qaytarmışdır və bu barədə sübutları mövcuddur. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassızdır. Cavabdeh teleqram göndərərək səhəti ilə bağlı 24 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmənin vaxtının dəyişməsini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 188.3-cü maddəsinə əsasən işə baxılması təxirə salına bilinmədiyindən məhkəmə baxışı davam etdirilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 1963-cü ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuşdur. Qeydiyyatı Qazax rayonu Kəmərli kəndinədir, hal-hazırda Qazax rayon Ağköynək kəndində yaşayır, ailəli, orta ixtisaslı, zərgərlik fəaliyyəti ilə məşğuldur. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən, cavabdeh iddiaçıdan sonuncu dəfə qızıl alış-verişi edərkən, həmin zaman cavabdehi tanımış qızılları aldığına şahid olmuşdur. İddiaçıda satış üçün ona məxusus qızılzinyət əşyaları olmuşdur. Cavabdeh tərəfindən hər hansı məbləğdə iddiaçıya pulun verilməsini isə görməyib. İddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri Ozan küçəsi ev 81-də yaşayır, ailəli, ali təhsilli, işsizdir. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən iddiaçı və cavabdehi tanıyır. Cavabdeh anasının əmisi qızıdır. Gəncə şəhərində qızıl satışı ilə məşğul olarkən cavabdehin əmisi qızı Ramilə xanım vasitəsi ilə iddiaçını tanımışdır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh iddiaçıdan 3 il öncə həmin qızılları alarkən yanlarında olmuşdur. Borc vərəqinə cavabdehlə bərabər imza atmişdır. Cavabdeh tərəfindən hər hansı məbləğdə iddiaçıya pulun verilməsini isə görməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı izahatında bildirir ki, o, cavabdehə 2020-ci ilin iyul ayında 47.750 manat məbləğində qızıl-zinət əşyaları verimişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, o, cavabdehə 47.750 manat məbləğində qızıl-zinət əşyaları vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 47.750 manat məbləğində qızıl-zinət əşyaları verilməsi sübut olunur. Cavabdeh isə borc alınmış qızılların dəyərinin qaytarılması barədə sübutlar təqdim etməmişdir. İddiaçı bildirir ki, cavabdeh aldığı pulu qaytarcağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh məhkəmə iclasına gəlməmiş, pulun qaytarılma müddəti ilə bağlı etiraz bildirməmişdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, 47.750 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 241 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdedən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 47.750 (qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 241,00 (iki yüz qırx bir) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar