Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-597/2024 16.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Türkən Qoşqar qızı Hüseynlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 13340 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib, cavabdeh X2 2690 (iki min altı yüz doxsan) manat pul vəsaitinin və bank faizinin uçot dərəcəsinə müvafiq olan faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, o, iş üzrə Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində 5 sot torpaq sahəsi almaq üçün ilkin olaraq 5000 manat pul vermiş, daha sonra 2017-ci ilə qədər ümumilikdə 11000 manat pul vermişdir. 2017-ci ildə torpaq sahəsinə qohumu Fərid İsayev adlı şəxsin adına çıxarış almışdır. O, Cavabdeh bələdiyyə iççisi kimi tanımışdır. Daha sonra o, 2017-ci ildə aldığı torpaq sahəsini hasarlatmışdır. Torpaq sahəsinin hasarlatmaq xərclərini o, ödəmiş, iş üzrə Cavabdeh da öz briqadası ilə birlikdə həmin yeri hasarlamışdır. Belə ki, o, torpaq sahəsinin hasarlanmasına 2340 manat, nişanlanmasına 150 manat, hamarlanmasına 100 manat olmaqla, ümumilikdə 2590 manat pul vermişdir. 2021-ci ildə torpaq sahəsini həyat yoldaşı Kəmalə Səmədovanın adına rəsmiləşdirdikdə ona torpaq şöbəsindən bildirmişlər ki, onun hasarlatdığı yer sənəddə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahəsi ilə sənəddə göstərilən torpaq sahəsi arasında 3300 metr məsafə vardır. Sənəddə olan torpaq sahəsinə gedib baxdıqda həmin torpaq sahəsində tikili olduğunu və zəbt olunduğunu görmüşdür. Bundan sonra o, cavabdehin barəsində Sabunçu rayon polis idarəsinə şikayət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil1 iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iş üzrə cavabdeh, Cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, o, qeyd edir ki, iddiaçıya torpaq sahəsi satmamış, torpaqla bağlı nə də ondan pul almamışdır. 2014-cü ildə iddiaçı daş hasar çəkdirəcəyini bildirmiş və bundan sonra heç bir şey baş verməmişdir. 7 il sonra onu polis şöbəsinə çağırıb, bildirmişlər ki, güya o, iddiaçıdan pul alıb. Müstəntiqin yazdığını oxuya bilmədiyi üçün izahatın məzmunu ilə tanış olmadan təsir altında imzalamışdır. İddiaçı hasara dair pulu nümayəndəsi olduğu şəxsə verməmiş, bu barədə heç bir sübutu da yoxdur. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçının hüquqlarının pozulmasında 7 ildən artıq müddət keçmişdir. Ona görə də iddia müddətini də tətbiq edib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında almış olduğu torpaq sahəsinin hasarlanması üçün 2690 manat pul verməsini sübut etməlidir. Cavabdehin nümayəndəsi isə həmin halları inkar edərək iddia tələbini qəbul etməyib torpaq sahəsinin hasarlanması üçün iddiaçıdan pul almamasını, iddaçının ərizəsində qeyd etdiyi hadisənin olmamasını və hal-hazırda onun iddiaçıya borcunun olmamasını bildirmişdir. İş üzrə iddiaçı qeyd etdiklərini təsdiq edəcək faktlara dair sübut kimi məhkəməyə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı təqdim etmişdir. Məhkəmə qərarı öyrənilərkən məlum olmuşdur ki, İddiaçı DİN-nin Sabunçu RPİ-nin 13-cü PB-nə etdiyi müraciəti əsasında Cavabdeh izahatı alınmış, sonuncu isə izahatında iddiaçıdan torpaq sahəsinin hasarlanması üçün 2340 manat, nişanlanması üçün 150 manat, hamarlanması üçün 100 manat olmaqla, cəmi 2690 manat almasını etiraf etmişdir. Cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin pul almamasını qeyd etsə də, cavabdeh təhqiqat zamanı pul almasını etiraf etmişdir. Müstəntiqin yazdığını oxuya bilmədiyi üçün izahatın məzmunu ilə tanış olmaması kimi cavabdeh tərəfin dəlillərini məhkəmə əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin hasarlanması üçün 2340 manat, nişanlanması üçün 150 manat, hamarlanması üçün 100 manat olmaqla, cəmi 2690 manat verməsi faktiki olaraq təsdiq olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Bundan başqa, iddiaçı torpaq sahəsini cavabdehdən almasını qeyd etsə də məhkəməyə təqdim edilmiş torpaq sənədlərində qeyd edilən torpaq sahəsinin nə cavabdehin iddiaçıya satması və iddiaçının adına qeydə alınması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdə isə mübahisəli torpaq sahəsinin başqa bir şəxsə məxsus olması, sonradan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 faktı təsdiq olunur. İddiaçı isə məcburi köçkün olduğundan öz adına hər hansı bir əmlak qeydə alındıqdan sonra dövlət tərəfindən edilən imtiyazların və güzəştlərin dayandırılması səbəbi ilə torpaq sahəsinin öz adına rəsmiləşdirməməsini bildirmiş, lakin iddiaçı torpaq sahəsinin cavabdehə məxsus olması və ondan alınması barədə məhkəməyə mötəbər sübutları təqdim etməmiş, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri tapşırıq müqaviləsi üzrə yaranan müqavilə öhdəliklərindən yaranmış, tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlanılmışdır. İş üzrə iddiaçı torpaq sahəsində cavabdehə tapşırdığı görülən işlərə görə çəkdiyi xərclərin əvəzini cavabdehdən tələb edir. Halbuki, iddiaçı məhkəmədə Abşeron rayonu ərazisindən aldığı torpaq sahəsinin hasarlanması, nişanlanması və hamarlanması işlərinin görülməsini təsdiq etmişdir. İddiaçı təsdiq etdiyindən Cavabdeh tapşırılmış torpaq sahəsinin hasarlanması, nişanlanması və hamarlanması işləri icra edilmiş hesab edilməlidir. İddiaçının torpaq sahəsinin hasarlanması, nişanlanması və hamarlanması işlərinə görə pulu geri tələb etməsi işlərin görülməməsi və ya keyfiyyətsiz görülməsi ilə bağlı deyildir. İddiaçının pulu geri tələb etməsi hasarlanma, nişanlanma və hamarlanma işlərinə görülən ilkin göstərilən torpaq sahəsinin əvəzləşməsi ilə bağlıdır. Məhkəmə torpaq sahəsinin əvəzləşməsini cavabdehə aid olmasını təsdiq edən bir hal müəyyən etmir. İddiaçı ilə cavabdeh arasında münasibətlər yalnız torpaq sahəsinin hasarlanması, nişanlanması və hamarlanması işlərinə ilə bağlı tapşırıq olmuşdur. Bu işlər də iddiaçı özü qeyd etdiyi kimi cavabdeh tərəfindən görülmüşdür. İş üzrə cavabdehin (vəkalət alanın) tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində iddiaçıya (vəkalət verənə) zərər dəyməsi isə məhkəmə iclasında sübuta yetirilməmiş, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin (bundan sonra MM) 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bundan başqa, iş üzrə cavabdehin nümayəndəsi Vəkil2 ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Republikası MM-nin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə tapşırığı 2014-cü ildə vermiş və tapşırıq müqaviləsi həmin ildə icra olunmuşdur. İddiaçı özü də iddia ərizəsində və sübut kimi təqdim etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilmiş izahatında da torpaq sahəsinin ona məxsus olmasını 2014-cü ildə bildiyini qeyd etmişdir. Belə ki, iddiaçının izahatından görünür ki, iddiaçı 2014-cü ildə aldığı torpaq sahəsini sənədləşdirmək üçün dərhal Məhəmmədi Bələdiyyəsinə müraciət etdiyini, oradan isə ona aldığı torpaq sahəsinin ona deyil, bələdiyyə mülkiyyətinə aid olması bildirmişdir. Yəni, öz hüququnun pozulduğunu 2014-cü ildə bilmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin axımının 2014-cü ilin hansı ayında baş verməsini müəyyən etmək mümkün olmadığından iddia müddətinin axımı növbəti ilin yanvar ayının 1-dən başlanır. Yəni, hazırki müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlamaqla xx.xx.2018-ci il tarixədək təşkil edir və həmin müddət ərzində iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının iddia ərizəsi müddət ötdükdən 6 il sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. İddiaçı pozulmuş hüquqlarının 2021-ci ildə bildiyini izahatında qeyd etmişdir. İddiaçı həmçinin izahatında bildirmişdir ki, ilkin torpaq sahəsini alan Fərid İsayev də onun qohumudur. Torpaq səhəsini birinci dəfə qohumunun adına rəsmiləşdirmişlər. Səbəb isə, iddiaçı və onun ailə üzvlərinin məcburi köçkün kimi malik olduqları imtiyazlardan məhrum olmamaqdır. Öz adına hər hansı bir əmlak qeydə alındıqdan sonra dövlət tərəfindən edilən imtiyazların və güzəştlərin dayandırıla bilərdi. Məhkəmə qeyd edir ki, 2017-ci ildə iddiaçı qohumunun adına rəsmiləşdirməsi zamanı, əmlak dövlət reyestrinə alınması üçün nəzərdə tutulan prosedurlardan keçmiş və mövcud problemin həmin vaxtdan məlum olması istisna olunmur. Çünki, 2021-ci ildə torpaq sahəsi yenidən dövlət reyestrindən keçən zaman da eyni prosedurlar əsasında keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ən azından 2017-ci ildən mövcud problemdən məlumatı olmuşdur. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı isə məcburi köçkün olaraq dövlət rüsumunun ödəməkdən azad olunan şəxslər aid edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-597/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-597/2024
16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver