Məhkəmə qərarları › İş №2(015)-644/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-644/2023

20.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-644/2023 20.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1̇ Sabir oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin avqust ayında qohumu Mustafayev Alxanla Bakı şəhərində görüşmüşlər. O, iddiaçıya Ağstafa rayonuna gedəcəyini bildirmiş və ona təklif etmişdir ki, gedək orda göldə gəmi batıb onu birlikdə çıxaraq, həmçinin xahiş etmişdir ki, 10 gün müddətinə ona maddi cəhətdən kömək etsin, gedib gəmini çıxarsınlar. Alxan bildirmişdir ki, sən də mənimlə gəl, orada istirahət elə, gəmini çıxarandan sonra pulunu geri qaytarım və əlavə də qazancdan köməklik edərəm. O, Alxanın dediyi təkliflə razı olmuş, onun söylədiyi 12.500 manat pulu da özü ilə götürüb Ağstafa rayonuna getmişlər. Alxan onu Ağstafa rayonunun Poylu qəsəbəsində həmin rayonun Sadıxlı kənd sakini Cavabdeh1 ilə tanış etmişdir. Allahverdi Poylu qəsəbəsində özünə məxsus gölünün olduğunu və həmin göldə ona məxsus gəminin batdığını bildirmişdir. İddiaçıya bildirmişdir ki, ona pul versin gəmini çıxarsınlar sonar pulu üzərində əlavə ödəniş etməklə geri qaytaracaqdır. Alxan da ona bildirmişdir ki, narahat olmağa heç bir əsas yoxdur, Alxanla Allahverdi bu işdə şərik olduqlarını söyləmişlər. İddiaçı həmin vaxt həmin ünvanda qohumundan borc alaraq üzərində götürdüyü 12.500 manat pulu Allahverdiyə vermişdir. Allahverdi demişdir ki, Ağstafa Rayon İcra Hakimıyətinə gedib gəminin çıxarılması ilə bağlı bəzi, prosedur işləri həll etməlidir. Allahverdi, o və Alxanla birlikdə icra hakimiyyətinin qarşısına getmişlər, iddiaçı inzibati binanın çöl hissəsində gözləmiş, onlar icra başçısının müavini Ramiz Tatarovın qəbuluna getmişlər. Bir saat sonra geri qayıtdıqda Allahverdi R.Tatarov ilə görüşdüyünü və ona 5.000 manat pul verdiyini bildirmişdir. Allahverdi bundan sonra demişdir ki, onlar Ağstafa Rayon Polis Şöbəsinə də gedib orada da rəisə pul verib gəmini çıxarmağın icazəsini almalıdırlar. Onlar polis şöbəsinə getmişlər və Allahverdi içəri keçmiş, qayıtdıqda rəislə görüşdüyünü və 3.000 manat pul verdiyini bildirmişdir. Bundan sonra Allahverdi demişdir ki, gəmini çıxarmaq üçün işlərə başlaya bilərlər və ondan xahiş etmişdir ki, o da qalsın gəminin çıxarılması prosesində həm iştirak etsin, həm də kömək etsin. Onlar poylu qəsəbəsində yerləşən gölün kənarına getmişlər. Alahverdi onlarla sağollaşıb evə gedib qayıdacağını bildirsə də, onlar gölün kənarında qalıb, 15 gün Alahverdi ilə əlaqə saxlaya bilməmişlər. Telefonu söndürüb yoxa çıxmışdır və sonra gəlib bildirmişdir ki, gedin Bakıdan mütəxəssis gətirin. Onlar Alxan ilə Bakıya qayıtmışlar. Sonra uzun müdət Alxan onu aldatmışdır. Zənglərinə cavab verməmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Allahverdiyə zəng edib bildirmişdir ki, pulu borc götürmüşdür geri qaytarmalıdır. Allahverdi ona demişdir ki, o, özü iddiaçının pulunu qaytaracaqdır. Sonra uzun müddət Allahverdi də onun zənglərinə cavab verməmişdir. X1 tapıb əlaqə saxlamışdır. Bildirmişdir ki, atası ilə danışıb ona xəbər edəcək. Səhəri gün zəng eləmişdir ki, atası utanır telefonu açmağa. Vüqar ona bildirmişdir ki, Alxan mütəxəssis tapıb birlikdə gedib gəmini çıxara bilərik. 2020-ci ilin may ayının 15də Ağstafaya getdik, orada gəmini çıxarmaq üçün 1 həftə işlədik. Gəmini çıxarmağa pulumuz çatmadı. Alxan pul tapmaq üçün bakıya qayıdıb, İsa adında 1 şəxs gətirdi. İşləri uzandığı üçün Vüqar dedi ki, kirayə ev tut bütün xərclərini onlar çəkəcək. Üç ay Poylu, qəsəbəsində Nazlı Rüstəmova adlı qadının evində kirayə qaldı. Gəminin dəmirləri, nasosu və matorunu çıxardılar, İsa dedi ki, bunları 35.000 manata sata bilər müştərisidə var idi. İddaçı həmin vaxt bacısı oğlu rəhmətə getdiyi üçün bakıya qayıtmışdır. Vüqar ddiaçıya demiş ki, sən get o iddiaçının pulunu göndərəcək. Vüqarla əlaqə saxlaya bilmədiyi üçün Bakıda Alxanın evinə getmişdir. Alxanın dediyinə görə ona da pul verməyiblər satılanda verəcəklər. Uzun müdət sonra İsa ilə birlikdə Ağstafa rayon polis şöbəsinə şikayət etmişlər və Allahverdini ora çağırmışlar. Ramin adlı polis demişdir ki, özünüz razılaşın. Alahverdi polisin yanında söz vermişdir ki, dəmiri satsa da, nasosla mator qalır onları satıb pulunu qaytaracaq. Yenə Ağstafaya getmişlər, polisə şikayət etmişlər. Polis tapa bilmədiyini bəhanə edib onların işinə baxmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Baş Prokuroluğuna məktublar ünvanlasalar da, əməl də cinayət tərkibi olmadığını bildirib işi rədd etmişlər. Ağstafa Rayon Məhkəməsinə Ağstafa RPŞ-nin təhqiqatçısı X2 çıxardığı rədd qərarından şikayət etmişlər və 03 mart 2022-ci il tarixli, iş 6(015)-4/2022 saylı qərarla şikayətləri təmin edilmişdir. Şikayəti təmin edilib qərar ləğv edildikdən sonra 01 may 2022-ci il tarixdə Ağstafa rayon polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı, X4 xx.xx.2021-ci il tarixli, HK-1, 854 nömrəli təhqiqat materialını nəzərdən keçirib, güya obyektiv şəkildə Vüqar və Cavabdeh1lərin izahatını almış və Alxanı da tapa bilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Cavabdeh1 onun etibarından sui-istifadə edərək gəmi çıxarılması adı ilə 2019-cu ilin avqust ayında 12.500 manat pul almış, Cavabdeh2 isə onu gəminin çıxarılması işlərində 3 ay əvəzsiz işlədərək, söz verdiyi kirayə pulunu və digər xərclərini ödəməyərək ona 5.000 manat miqdarında ziyan vurmuşdur. Hazırda Cavabdeh1 12.500 manat və Cavabdeh2 5.000 manat pulun alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış ertiraz ərizəsində göstərilmişdi ki, İddiaçı tərəfindən onlara qarşı verilmiş qanunsuz iddia tələbi ilə razi deyil. Və onlar həmin şəxsi tanımırlar. Belə ki, iddiaçı tərəfindən onlara qarşı 12.500 manat pul tələbini qəbul etmirlər. Ona görə ki, həmin iddiaçı ilə onların müştərək işi olmamışdır. Onların birgə işi Alxan adlı şəxslə olmuşdur. Onun cavabdeh Allahverdiyə verdim dediyi 12.500 manat ifadəsi tamamilə cəfəngiyatdır. Ona görədə hesab edir ki, əgər onlar iddiaçıya borcludursa onda o, nə üçün 4 il bundan əvvələ pulunu tələb etmirdi, o cümlədən buna dair hər hansısa sənəd və ya sübut belə təqdim edə bilməmişdir. Özlüyündə formal iddia tələbi olduğu üçün həmin iddianın rədd olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər ayrı-ayrılıqda etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa rayon Polis İdarəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... İddiaçı və X3 RPŞ-nə vermiş olduqları məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin”. İş materiallarında olan xx.xx.2019-cu il tarixli GTKR143279A116 saylı kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı ilə "xxxx" ASC-nin Şuşa filialı arasında 36 ay müddətinə illik 26.9 faiz olmaq şərtilə 5.000 manat dəyərində kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən Mülki Prosessual Məcəllənin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.”. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbini əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar