Məhkəmə qərarları › İş №2(015)-656/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-656/2025

02.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-656/2025 02.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus qanunsuz saxladığı 4000 (dörd min) manat pulun və dövlət rüsumu üçün ödədiyi 60,40 (altmış manat qırx qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib Cavabdeh tərəfindən ona 2500 manat pul ödənilməsini, Firdovsinin hazırda ona 1500 manat borcunun qalmasını, ona görə də hazırda cavabdehdən 1500 manat pul tələb etməsini bildirmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, iş üzrə Cavabdeh onun oğludur. 2024-cü ildə mərhum həyat yoldaşı vəfat etdikdən sonra böyük oğlu Firdovsi ona məxsus olan “VAZ 2107” markalı avtomobili 4000 manata satmış, lakin maşının pulunu oğurlanmaması üçün ona verməmişdir. Daha sonra xəstələndiyi üçün Firdovsidən pulunu istəmiş, o, pulu göndərəcəyini bildirsə də, hal-hazıradək pulu tam şəkildə ödəməmişdir. Hazırki məhkəmə icraatı dövründə Firdovsi 4000 manat puldan ona 2500 manat pul ödəmiş, hal-hazırda 1500 manat borcu qalmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Anası vəfat etdikdən sonra atası hazırda mübahisə edilən “VAZ 2107” markalı maşını qonşularına 4000 manata satmış, lakin səhəri gün həmin adam maşını qaytarmışdır ki, maşında nasazlıq var. Daha sonra atasının razılığı ilə maşın alqı-satqı saytında həmin maşının satılması ilə bağlı elan yerləşdirmiş və Gəncə şəhərində yaşayan bir şəxs ona zəng edərək maşını 3700 manata almaq istədiyini bildirmişdir. Atasının razılığı ilə həmin maşını 3700 manata həmin şəxsə satmışdır. Həmin puldan 2500 manat onda olmuş, o, həmin pulu məhkəmə icraatı dövründə atasına vermişdir. Qalan 1200 manat pulu isə atası özü xərcləmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehin qeyd edilən “VAZ 2107” markalı avtomobili 4000 manata satmasını və həmin puldan qalıq qalan 1500 manat pulun cavabdehdə olmasını sübut etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə həmin halları qismən təsdiq edərək atasının razılığı ilə maşın alqı-satqı saytında həmin maşının satılması ilə bağlı elan yerləşdirməsini, Gəncə şəhərində yaşayan bir şəxsin ona zəng edərək maşını atasının razılığı ilə 3700 manata satmasını, həmin puldan 2500 manatın onda olmasını, həmin pulu da məhkəmə icraatı dövründə atasına verməsini, qalıq qalan 1200 manat pulun isə atasının özünün xərcləməsini bildirmişdir. Məhkəmə prosesində iddiaçının təqdim etdiyi diskdə olan səs yazmalarına qulaq asılmışdır. Səs yazmaları iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarıdır. Həmin səs yazmalarında iddiaçının cavabdehdə 1500 manat pulu qalmasını sonuncu etiraf etmir. Göründüyü kimi, hazırki vəziyyətdə Cavabdeh İddiaçı məxsus maşını iddiaçının qeyd etdiyi 4000 manat məbləğində pula satması və hazırda cavabdehin iddiaçıya 1500 manat borcunun qalması öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Göründüyü kimi hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında onların öz iradə ifadələrini əks etdirən müqavilə olmalıdır. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında tapşırıq müqavilə münasibətləri olmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin həmin müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 60,40 (altmış manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 60,40 (altmış manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar