Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-661/2025 14.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 2 saylı X5 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı 2 saylı X5 Mərkəzi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində özbaşına mal-qara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 440 manat pul vəsaitinin tutulub 2 saylı X5 Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət meşə fonduna AR NKnin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2025-ci il tarixli, 3-14-27-12/2-021/2025 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o, bundan imtina etmişdir. Ona görə də iddiaçı təşkilat hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı 2 saylı X5 Mərkəzinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu ifadə verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, 2 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 257-ci maddəsi ilə müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən Cavabdeh qanunsuz olaraq iki yaşınadək iri və xırdabuynuzlu mal-qara otardığına görə bir baş heyvan üçün 2,2 manat hesabı ilə hesablanmaqla 200 baş mal-qaraya görə 440 manat dəymiş ziyan müəyyən edilmişdir. Həmin akt, dəymiş ziyanın hesablanması cədvəli, inzibati xəta haqqında protokol və digər sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir . Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən, Dövlət meşə fonduna aid ərazidə qanunsuz olaraq iki yaşınadək iri və xırdabuynuzlu mal-qara otarılmasına görə hər 10 baş heyvan üçün 22 manat hesabı ilə dəymiş ziyan hesablanır. Göründüyü kimi, Cavabdeh qanunsuz olaraq iki yaşınadək iri və xırdabuynuzlu mal-qara otardığına görə bir baş heyvan üçün 2,2 manat hesabı ilə hesablanmaqla 200 baş mal-qaraya görə 440 manat (200 x 2,2 = 440) dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də, iddiaçı vurulmuş zərərin əvəzi olaraq, 440 manat məbləğin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 440 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X5 Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X6 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 440 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X5 Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-661/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-661/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver