Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-663/2023 18.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manatın və ödənilmiş 90 manat dövlət rüsumu olmaqla, cəmi 7000,90 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi, vəkil X4 iddia tələbini müdafiə edib göstərmişdir ki, İddiaçı Cavabdeh 8900 manat borc pul vermiş, cavabdeh həmin borcdan bir qismini qaytarmış və onun iddiaçıya 7000 manat borcu qalmışdır. Həmin borcla bağlı kifayət qədər sübutları vardır. Bundan başqa Cavabdeh nümayəndəsi olduğu şəxsdən aldığı pulları dövrəyə buraxıb müəyyən qədər gəlir əldə etmişdir. Borcunun qaytarılması üçün dəfələrlə cavabdehin evinə gedilmiş və tələb edilmişdir. Bundan başqa müəyyən qədər səsyazmalar var, həmin səs yazmalarda tərəf bildirir ki, “Nurlana xanım xahiş edirəm polisə verməyin”, “Məhkəməyə verməyin özüm ödəniş edəcəm, “Narahat olmayın müəyyən vaxtlarda ödəyəcəm”. Daha sonra məlum olub ki, cavabdeh X2 və X1 həmin pulları 12 % olaraq sələmə vermişdir. Həmin şəxslərin bu barədə notarial qaydada ərizələrdə mövcuddur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində tamamilə yalan yazmışdır. Belə ki, o, iddiaçıdan 8900 manat deyil, 3500 manat borc almış və aldığı pulları da hissə-hissə qaytarmışdır. Borcların qaytarılması üçün hərbçi oğlunun əmək haqqı kartı da iddiaçıda olmuş, iddiaçı həmin kartdan pulları çıxarmışdır. Hal-hazırda onun iddiaçıya borcu yoxdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir. Sonuncu məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında 8900 manat borc pul verməsini və sonuncunun həmin borcdan 7000 manatını ödəməməsini sübut etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə həmin halları inkar edərək iddia tələbini qəbul etməyib iddiaçıdan 8900 manat deyil, 3500 manat borc almasını, aldığı pulları da hissə-hissə qaytarmasını, hətta borcların qaytarılması üçün hərbçi oğlunun əmək haqqı kartı da iddiaçıda olmasını, iddiaçı həmin kartdan pulları çıxarmasını və hal-hazırda onun iddiaçıya borcunun olmamasını bildirmişdir. Məhkəmə prosesində iddiaçının təqdim etdiyi diskdə olan səs yazmalarına qulaq asılmışdır. Səs yazmaları iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarıdır. Həmin səs yazmalarında cavabdeh iddiaçıya 7000 manat borcu olmasını etiraf etmir. İddiaçı məhkəməyə Emin Babayev adlı şəxsin ərizəsini təqdim etmişdir. Ərizədə onun cavabdehdən faizə 400 manat almasını və qaytarmasını qeyd edir. Ərizədə həmçinin cavabdehin iddiaçıya borcu olması da qeyd olunmuşdur. Məhkəmə ərizə ilə bağlı qeyd edir ki, belə bir məzmunda ərizə, cavabdehin iddiaçıya 7000 manat məbləğində borcu olmasının təsdiq edəcəyi sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, hazırki vəziyyətdə İddiaçı Cavabdeh 8900 manat borc pul verməsi və sonuncunun həmin borcdan 7000 manatını ödəməməsi öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Göründüyü kimi hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında onların öz iradə ifadələrini əks etdirən müqavilə olmalıdır. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında borc barədə müqavilə münasibətləri olmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən borc müqaviləsində, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa həmin müqavilə yazılı formada bağlanılmalıdır. Lakin həmin müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 90 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 90 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-663/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-663/2023
18.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver