Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-669/2023 22.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə Cavabdeh MMC-dən 12050 (on iki min əlli) manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, 2019-cu ildə Cavabdeh MMC-nin direktorunun atası Rəsul Orucov ona həmin cəmiyyətdə bədii müsiqinin bədii rəhbəri kimi işləməyi təklif etmiş, o da burada müsiqiçiləri yığıb, ansambl yaratmış, Ağstafa rayonuna tez-tez gəlib getmişdir. O, 2021-ci ildə TƏBİB-in buraxılış vərəqəsi ilə cəmiyyətin işçisi kimi Ağstafa rayonuna gəlib-getmişdir. Daha sonra ideya olaraq Ağstafa haqqında bir mahnı müəllifi olmuş, o, həmin vaxt cəmiyyətdə işlədiyinə görə fikirləşmişdir ki, onun qonorarını, yəni mahnının müəlliflik qonorarını, müsiqiçiləri, çəkiliş qruppası, şairin pulu, bütün bu və digər xərclərin hamsını Rəsul Orucov ödəyəcəkdir. Lakin onun qonorarı ödənilməmişdir. Həmin vaxtdan isə o, klip yayımlanır. Klipin çəkilişinə görə cavabdehin 5000 manat borcu qalmışdır. Bundan başqa, işlədiyi müddətdə ona 4 aylıq maaşını bir dəfəlik vermişlər. Qalan əmək haqqılarını isə ödəməmişlər. 2022-ci ilin sentyabr və ya oktyabr aylarında əmək kitabçasına baxan zaman işdən çıxma tarixinin düzgün qeyd olunmamasını görmüşdür. Faktiki olaraq 2022-ci ilin oktyabr ayına kimi işləmişdir. Əmək kitabçasında işdən azad olunma tarixi 2022-ci il yox, 2020-ci il kimi qeyd olunmuşdur. Bundan sonra vəkili ilə məsləhətləşmiş, vəkili ilə bu işlə bağlı araşdırma zamanı müəyyən olunmuşdur ki, onun əmək məsələsində müəyyən fırıldağçılığa və dələduzluğa yol verilmiş, üstəlik onun mahnısının da qonorarı verilməmişdir. X1 pulunu verəcəyinə söz vermişdir. O da qanunun aliliyinə inanaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edib göstərdi ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Tovuz Regional Ərazi şöbəsindən material üzrə, əmək müqaviləsi olmadan işçi işlətmələrinə görə inzibati məsuliyyətə cəlb olunmuş, lakin həmin qərar məhkəmə qaydasında müddətə görə ləğv olunmuş və inzibati icrata xitam verilmişdir. Cəmiyyət tərəfindən əmək müqaviləsi olmadan işçi işlətmələrinə görə fakt mövcuddur. Klip ilə bağlı onların sübutları ona münasibətdə ondan ibarətdir ki, kliplərin verilməsi ilə bağlı notarial ərizə olmalıdır ki, doğurdan da onların hər hansı bir tələb və iddiası olmayacaq, cavabdehdə isə, əgər həmin sənəd mövcuddursa həmin sənədi məhkəməyə təqdim etsin. Əgər sənədi təqdim etmədiyi təqdirdə hesab edir ki, o hissədə də iddiaları əsaslıdır, əgər yekun məhkəmə qərarında iddianın klipə aid olan hissəsində iddiaları təmin olunmadığı təqdirdə, onların həmin klipin you tube səhifəsindən sildirmək hüquqları vardır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Tovuz Regional Ərazi şöbəsindən material üzrə inzibati məsuliyyətə cəlb olunmuş, həmin qərardan verilmiş şikayət əsasında qərar Ağstafa Rayon Məhkəməsinin, daha sonra Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə ləğv olunmuş və inzibati icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi olduğu cəmiyyətə 27 fevral 2020-ci il tarixdə işə qəbul olunmuş, həmin ərəfədə də 3-4 gün işdə olub getmişdir. İddiaçı öz ifadəsində bildirdi ki, ona TƏBİBdən buraxılış vərəqəsi verilməsini qeyd etmişdir. Həmin buraxılış vərəqəsi portaldan o zaman verilir ki, həmin şəxsin adına əmək müqaviləsi olsun, əgər onun əmək müqaviləsi yoxdursa buraxılış vərəqəsi necə verilə bilər, özü şəxsən həmin prosesdə iştirak etmiş, həmin buraxılış vərəqəsini onlar vermişlər. Sistem əmək müqaviləsi olmadan buraxılış vərəqəsini vermir, sistem bir tək sistemdə adı olan şəxslərə buraxılış vərəqəsi verir. Ona görə də həmin buraxılış vərəqəsini təqdim etsin. İddiaçı pandemiya dövründə sərbəst hərəkət etmək üçün formal olaraq işə götürülmüşdür. O, faktiki işdə olmamış, Bakı şəhərində yaşamışdır. 2020-ci ilin oktyabr ayında isə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. 2022-ci ilə qədər işləməsi tam əsassızdır. Bundan əlavə, müsiqi ilə bağlı danışıqlar olub və kliplə bağlı bütün ödənişlər tam şəkildə edilib, iddiaçıya heç bir borc yoxdur. Musiqi ilə bağlı iddiaçı ilə Cavabdeh MMC arasında heç bir razılaşma olmamışdır. Belə bir müqavilə mövcud deyildir. Cəmiyyətin iddiaçı qarşısında musiqi tərtibi ilə bağlı heç bir öhdəliyi yoxdur. Eyni zamanda klip dövlət qeydiyyatına alınmalıdır, yəni müəlliflik hüququ, dövlət qeydiyyatı rəsmi sənədlə olmalıdır, iddiaçı isə bu barədə heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən əmək mübahisəsinə dair iddia irəli sürmək üçün müddət ötürülmüşdür. Hazırki tələb üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsi və bərpası barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia müddətini də tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə ilk növbədə iddiaçının ona işlədiyi dövrdə əmək haqqının verilməməsi barədə tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə İddiaçı xx.xx.2020-ci ildən 2022-ci ilin oktyabr ayına kimi Cavabdeh MMC-də işləməsini, ona bu barədə TƏBİB-dən buraxılış vərəqəsinin verilməsini, həmin aylar üzrə isə ona əmək haqqının ödənilməməsini əsas gətirərək cavabdehdən işlədiyi aylar üzrə ödənilməmiş əmək haqqılarının ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsi isə həmin halları təkzib edərək izahatında göstərmişdir ki, iddiaçı 27 fevral 2020-ci il tarixdə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Onun işə qəbul olunması isə formal olmuş, iddiaçı cəmiyyətin direktorunun atası Rəsul Orucov ilə pandemiya dövründə sərbəst hərəkət etmək üçün TƏBİB-dən buraxılış vərəqəsi ilə bağlı işə götürülmüşdür. İşlədiyi müddətlər üzrə isə ona əmək haqqı ödənilmişdir. Bundan başqa, iddiaçının iddia müddətini ötürməsini əsas götürərək, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarından görünür ki, iddiaçı 27 fevral 2020-ci il tarixdə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. İş üzrə iddiaçı xx.xx.2020-ci ildən 2022-ci ilin oktyabr ayından Cavabdeh MMC-də işləməsini, həmin aylar üzrə isə ona əmək haqqının ödənilməməsini, həmin dövrlər barədə ona TƏBİB-dən buraxılış vərəqəsinin verilməsini qeyd etmiş və həmin halları təsdiq edəcək sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Həmin sübutların təqdim edilməsi iddiaçıya təklif edilmiş, məhkəmə iclası təxirə salınmış, lakin iddiaçı həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Hazırki mübahisə isə fərdi əmək münasibətləri üzrə işçiyə ödənilməmiş pul mübahisəsi olmaqla həmin mübahisələr üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşəgötürən orqanın nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verib. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işin materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ən geci xx.xx.2021-ci tarixədək ona işlədiyi dövrdə əmək haqqı ödənilməməsi tələbi ilə məhkəməyə (mediasiyaya) müraciət etməli olduğu halda, xx.xx.2023-cü il tarixdə mediasiyaya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının fərdi əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar tələbin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Eyni zamanda cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin və Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının fərdi əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar tələbinə iddia müddəti tətbiq edilməlidir. Bundan başqa, məhkəmə iddiaçının mahnı və çəkilmiş klipə görə cavabdehdən 5000 manat pul tələb etməsinə dair münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının cavabdehdən həmin pulu tələb etməsi üçün tərəflər arasında tapşırıq müqaviləsi mövcud olmalıdır. Qeyd olunmamalıdır ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında müəyyən müddətə bağlanılır. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Göründüyü kimi, İddiaçı Cavabdeh MMC-dən mahnı və çəkilmiş klipə görə cavabdehdən 5000 manat pul tələb edir. İddiaçının arqumenti ondan ibarətdir ki, cavabdeh cəmiyyətin direktorunun atası Rəsul Orucov ilə aralarında olan razılaşmaya əsasən o, sonuncunun sifarişi ilə mahnı və klip çəkdirmiş, bunun üçün çəkilmiş xərclərin bir qismi ödənilmiş və 5000 manat ödənilməmiş qalmışdır. Lakin iddiaçının cavabdeh hüquqi şəxsdən həmin məbləği tələb etməsi üçün tərəflər arasında tapşırıq müqaviləsi bağlanmamış, qeyd edilən müqavilənin mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən müqavilə mövcud olmadığından cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddiaçının həmin pulu cavabdehdən tələb etmək üçün əsasları mövcud deyildir. Ona görə də iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş 130 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 130 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-669/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-669/2023
22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver