Məhkəmə qərarları › İş №2(015)-674/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-674/2024

12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-674/2024 12.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi haqqında tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5.620 manat pul vəsaiti əmlakına dəyən zərərin əvəzi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi BB359283 nömrəli 02 fevral 2023-cü il tarixli texniki pasporta əsasən, 1997 nömrəli mühərrik, ** UU *** dövlət nömrəli nişanlı, “Range Rover” markalı avtomaşını etibarnamə əsasında idarə edir. 12 dekabr 2023-cü ildə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salmanzadə küçəsində körpünün üstündə “Range Rover” markalı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hyundai Sanata FE markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ona 5.620 manat dəyərində maddi ziyan vurmuşdur. Maddi ziyanın 1.121,10 manat olan hissəsi sığorta tərəfindən ödənilmiş, geriya qalan hissə isə Cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Avtomaşında təmir işlərinin aparılmasının dəyəri 970 manat, dəyişməyə aid olan təmir üçün öz hesabına əldə olunmuş ehtiyat hissələrinin və detallarının dəyəri 4.650 manat, vurulmuş ziyanın ümumi miqdarı 5.620 manat təşkil edir. Cavabdehə 22 fevral 2024-cü il tarixində “Whatsapp tətbiqi vasitəsi ilə zəng edilmişdir. Cavabdeh isə dəymiş ziyanın geriyə qalan hissəsini ödəyə bilməyəcəyini bildirmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək dəymiş 2600 manat ziyanın 1121,1 manat hissəsinin sığorta tərəfindən ödənilməsini, qalan məbləği isə ödəməyə razı olmasını bildirərək iddianın qsimən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 242649 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən “Range Rover” markalı maşına dəymiş zərərin qiymət 2.620,00 manat təşkil edir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/6068 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2021-ci il buraxılışı “Range Rover” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2.620,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin dəyəri 1.860,00 manat, təmir işlərinin dəyəri 760,00 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi BB359283 nömrəli 02 fevral 2023-cü il tarixli texniki pasporta əsasən, 1997 nömrəli mühərrik, ** UU *** dövlət nömrəli nişanlı, “Range Rover” markalı avtomaşını etibarnamə əsasında idarə edir. 12 dekabr 2023-cü ildə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Salmanzadə küçəsində körpünün üstündə “Range Rover” markalı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunduğu kimi, iş üzrə iddiaçı ona dəymiş maddi zərərə görə cavabdehdən 5620 manat pul tələb edir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/6068 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2021-ci il buraxılışı “Range Rover” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2.620,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Maddi ziyanın 1.121,10 manat olan hissəsi sığorta tərəfindən ödənilmiş, geriya qalan hissə isə Cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər.

12. Həmçinin, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

15. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 2.620,00 manat məbləğində maddi ziyan dəyməsi, həmin ziyanın 1.121,10 manatın sığorta tərəfindən ödənilməsi, iddiaçıya dəymiş 1498,90 manat ziyanın cavabdeh tərəfindən ödənilməmiş qalması, məhkəmə iclasında öz təsdiqini tapdığından iddia qismən təmin olunmalı, Cavabdeh 1398,90 manat pul alınaraq İddiaçı verilməlidir.

17. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci tərəflər aid edilməli, 50 (yüz) manat məbləğində ekspertiza xərcindən 25 manat İddiaçı, 25 manat isə Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilməlidir.

Nəticə hissəsi:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1498,90 manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 50 (yüz) manat məbləğində ekspertiza xərcindən 25 manat İddiaçı, 25 manat isə Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar