Məhkəmə qərarları › İş №2(015)-720/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-720/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-720/2023 25.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 1095,47 manat əsas, 205,38 manat faiz olmaqla, cəmi 1300,85 manat borcun və 33,01 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2(015)-720/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7173761A102 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 20 % olmaqla 1292,86 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 08 iyun 2023-cü il tarixinə kredit müqaviləsi üzrə iddiaçı təşkilata 1095,47 manat əsas, 205,38 manat faiz olmaqla, cəmi 1300,85 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 08 iyun 2023-cü ilədək cavabdehin 1095,47 manat əsas, 205,38 manat faiz olmaqla, cəmi 1300,85 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 33,01 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7173761A102 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilatdan 12 ay müddətinə, illik 20 % olmaqla 1292,86 manat kredit alması, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, 08 iyun 2023-cü il tarixinə kredit müqaviləsi üzrə iddiaçı təşkilata 1095,47 manat əsas, 205,38 manat faiz olmaqla, cəmi 1300,85 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehdən 1095,47 manat əsas, 205,38 manat faiz olmaqla, cəmi 1300,85 manat borc və 33,01 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1095,47 manat əsas, 205,38 manat faiz olmaqla, cəmi 1300,85 manat borc və 33,01 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar