Məhkəmə qərarları › İş №2(015)-727/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-727/2024

17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-727/2024 17.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə ailə qurmuş və nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə Məleykə adlı uşaqları anadan olmuşdur. 2015-ci ildə məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdehdən uşağın saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli 2(015)-434/2015 saylı qətnaməsinə əsasən 90 manat, 17 fevral 2020-ci il tarixli 2(015)-186/2020 saylı qətnaməsinə əsasən isə uşağın saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay 150 manat tutularaq ona verilməsi qət edilmişdir. O, özünün və uşağın artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdehin maşın təmiri emalatxanası var və kifayət qədər pul qazanmaq imkanına malikdir. Belə ki, cavabdehin özünə məxsus müəyyən işləri var ki, mal-qara saxlayır, əkin əkməklə yüksək məbləğdə qazanc əldə edir. Lakin o, öz qazancından uşağın ehtiyaclarını təmin etmək istəmir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsini təqdim edib, iddia tələbini qismən qəbul edərək bildirdi ki, 2015-ci ildə iddiaçı ilə onun arasında rəsmi nikah pozulmuş, ondan ilk dəfə 90 manat aliment tutulmuş, daha sonra həmin məbləğ artırılaraq 150 manat məbləğində təyin edilmişdir. Onun hazırda rəsmi iş yeri yoxdur. Kənd təsərrüfatı ilə məşğuldur və öz bağında işləyir. Ona təyin olunan alimenti də babasının pensiyası ilə ödəyir. Həmçinin o ailə qurmuş və sonuncu evliliyindən də 2 uşaqları anadan olmuşdur. Təsərrüfatında iki iribuynuzlu heyvanından və köhnə maşınından başqa heç bir şeyi yoxdur. Həmçinin iddiaçı da başqa bir şəxslə ailə həyatı qurmuşdur və bu barədə o, məhkəməyə fotoşəkillər təqdim etmişdir. Alimenti 10 manat artırılaraq 160 manat həcmində ödəyə bilər. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianın təm həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddiaçının izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-186/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, Ağstafa Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli 2(015)-434/2015 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, özünün və uşağın artan tələbatını təkbaşına təmin edə bilməməsini əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə uşağa görə 150 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Eyni zamanda iddiaçı 235 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin maşın təmiri emalatxanası olması, mal-qara saxlamaq və əkin əkməklə yüksək məbləğdə qazanc əldə etməsi barədə iddia irəli sürsə də, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-186/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 2040 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 40,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-186/2020 saylı 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 40,4 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar