Məhkəmə qərarları › İş №2(015)-791/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-791/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-791/2024 08.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin artırılaraq hər ay 300 manat müəyyən edilməsi, eyni zamanda cavabdehdən uşaq doğulduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 200 manat alimentin birdəfəlik alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuş və nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2018-ci il tarixdə Hüeyn adlı uşaqları anadan olmuşdur. Cavabdeh ona uşağı doğmamasını, uşaq doğulduqdan sonra isə satmasını bildirmişdir. Eyni zamanda cavabdeh uşağa doğulduğu gündən, alimentin təyin olunana kimi maddi yardım göstərməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat tutularaq ona verilməsi qət edilmişdir. O, özünün və uşağın artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdehin isə kifayət qədər pul qazanmaq imkanına malikdir. Cavabdeh İsrail dövlətinin vətəndaşıdır və məhkəməyə müraciət etdikdən sonra öz vətəndaşı olduğu dövlətə getmişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu ifadə verib iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddiaçının izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər arasında nikah olmadığından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-***/**** saylı 23 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən, uşağın atasının Cavabdeh olması müəyyən edilmiş və həmin uşağın saxlanılması üçün cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, özünün və uşağın artan tələbatını təkbaşına təmin edə bilməməsini əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə uşağa görə 220 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən cavabdehdən tutulan aliment həmin məbləğdə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-***/**** saylı 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehdən uşaq doğulduğu xx.xx.2018ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 200 manat alimentin birdəfəlik alınıb iddiaçıya verilməsinə aid hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək hər ay 200 manat aliment tutulması barədə saziş mövcud deyildir. Eyni zamanda iddiaçı cavabdehdən alimentin tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ərizə vermiş və məhkəmə tərəfindən cavabdehdən qeyd edilən tarixdən başlayaraq aliment tutulmuşdur. Həmçinin, həmin işə baxılarkən iddiaçı cavabdehdən uşaq doğulduğu vaxtdan aliment tələb etməmişdir. İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etdiyi zaman, onun hüquqlarının pozulması anı sayılır və bu səbəbdən aliment həmin vaxtdan hesablanır. (AM maddə 100.2) İddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görərsə, aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən olunarsa, bu halda əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində verilməsi mümkün hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik alimentin əvvəlki dövr üçün hesablanması üçün 2 şərt müəyyən edir: birincisi, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi və ikincisi, aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən olunarsa. Qeyd olunmalıdır ki, iddiaçı aliment almaq üçün gördüyü tədbir onun aliment tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmək olmuşdur. O zaman iddiaçı əvvəlki dövr üçün aliment tələb etməmişdir. Cavabdeh olan şəxsin də əvvəlki dövrlərdə aliment verməkdən boyun qaçırması halı müəyyən edilmir. Buna dair hər hansı bir fakt, dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, atalığın müəyyən edilməsinə qədər iddiaçının hazırki cavabdehə qarşı aliment tələbi irəli sürmək hüququ da olmayıb. Belə ki, uşağın ata qrafasında X7 adlı şəxs qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. “X3” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 2820 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-***/**** saylı 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 48,2 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar