Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-808/2023 01.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər Cavabdeh yanında işlədiyi müddətdə 9 ay günəmuzd zəhmət haqqı kimi 4.100 manatın, 200 manat qarpız toxumu üçün verdiyi pulun və yanacaq almaq üçün xərclədiyi 30 manatın, dövlət rüsumu üçün ödədiyi 63 manat pulun ümumilikdə 4.393 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sənətkardır və günəmuzd işlərdə çalışıb, gündəlik minimum 15-20 manat zəhmət haqqı əldə etməklə ailəsini dolandırır. Cavabdeh keçən il Aşırov Vidadi adlı şəxsdən 60-70 ha torpaq sahəsini icarəyə götürmüşdür. Cavabdeh torpaq sahəsini icarəyə götürdükdən sonra onunla əlaqə saxlayaraq ona təsərrüfat işlərində kömək etməsini istəmişdir. Danışıqlarına əsasən də əldə edilən məhsula və məhsulun satışından gələn gəlirə şərik olacaqlarını bildirmişdir. Təsərrüfata çəkilən xərcləri də cavabdeh özü çəkəcəyini bildirmişdir. O, 2022-ci ilin may ayından onun yanında icarəyə götürdüyü torpaq sahəsində müəyyən işləri görmək üçün işə başlamışdır. İlk əvvəl kooperativdəki usta işlərini, qaynaq işlərini görmüşdür. Bundan sonra 16 ha torpaq sahəsində yonca əkib-becərilməsi üçün su çiləyici borular almışdır. Həmin avadanlıqların hamsını yavaş-yavaş 16 ha torpaq sahəsinə gətirərək quraşdırmışdır. Sonra həmin 16 ha torpaq sahəsini suvarma işlərini həyata keçirmişlər. cavabdehlə yoncadan başqa taxıl da əkmişlər. həmintaxıl sahələrini də suvarmışlar. Bundan başqa Elvir öz növbəli işinə getdiyi zaman ona məxsus 200 baş xırda buynuzlu heyvanları da o, otarmışdır. Demək olar ki, 1 il ərzində o, pul almamışdır, zəhmət haqqı almadan cavabdehin fermasındakı bütün işləri görmüşdür. Bu bir il ərzində ona 235 manat hissə-hissə pul vermişdir, yəni o, cavabdehdən pul tələb etmirdi.Danışıqlarına əsasən məhsulun satışından gələn gəirdən zəhmət haqqısını götürəcəkdir. 2023-cü il girəndə isə 1.1 ha torpaq sahəsində soğan əkməyə başlamışlar. 2023-cü ilin fevral ayında həmin soğanın yerini düzəldib, soğan toxumunu sahəyə səpib, suvarmışlar. Soğanı becərdikdən sonra 2023-cü ilin aprel ayında bostan bitkiləri əkib-becərmək üçün 2.5 ha torpaq sahəsi hazırlayıb, yeri əkmişlər. Cavabdehlə onun 1 il ərzində gördükləri işlərin əvəzi olaraq belə razılaşmışlar ki, əkdikləri soğan, qarpız və qovundan məhsul satışı zamanı əldə ediləcək gəlirdən o, öz zəhmət haqqını götürəcəkdir. Eyni zamanda onu da qeyd etmişdir ki, danışığa əsasən gördükləri bütün işlərin xərcini də cavabdeh özü çəkməli idi. Bostan yeri hazır olarkən cavabdeh qarpız üçün toxum almağa pulunun olmadığını bildirmişdir. O, Sumqayıtda olan qardaşı Şirvandan borc pul alıb gedib Gəncədən toxum almışdır. Toxumu alıb gəldikdən sonra qohumu traktorçu Fikrəti çağırıb yeri əkdirmişdir. Onlar bostan yerini suvarıb, torpağı arat etdikdən sonra səpinə başlamaq istəyərkən cavabdeh birdən fikrini dəyişərək onun işləməkdən imtina etdiyini bildirdi. Həmin bostan üçün arat edilən yerdə yonca əkəcəyini dedi, bəhanə edərək onu işdən kənarlaşdırdı. Səpin üçün alınaraq suya qoyulmuş 200 manatlıq qarpız toxumu da xarab oldu. Cavabdehdən onu niyə işdən kənarlaşdırdığını soruşduqda dayısını işə götürdüyünü bildirdi. İşdən uzaqlaşdırılandan sonra başa düşmüşdür ki, bu müddət ərzində yalnız ondan istifadə edirmiş, Onun cavabdehə inamından istifadə edib, onu guya özünə şərik edəcəyini bildirib, bütün işləri ona gördürüb və sonda ona aid iş qalmayınca onu işdən uzaqlaşdırmışdır. Yuxarıda qeyd etdiyi gördüyü bütün işlərin onun tərəfindən görüldüyünə kəndlərinin sakinlərinin hamsı şahid olmuşdur. Cavabdehə bir il ərzində gördüyü işlərin, çəkdiyi zəhmətin haqqını ödəməyini tələb estə də nəticəsiz qalmışdır. Cavabdeh ona dəyən zərəri ödəmək istəmir. O, doqquz ay cavabdehin yanında sənətkar kimi, təsərrüfat işlərini bilən bir şəxs kimi işləmişdir. Usta kimi, qaynaqçı kimi, fəhlə kimi, su sulamaq işi, çoban işi görmüşdür. Üstəlik də ona 200 manatlıq qarpız toxumu aldırıb ziyana da salmışdır. 30 manat da traktor üçün yanacaq pulu ödəmişdir. Son bir il ərzində xavabdehlə işlədiyi müddətdə o, günəmuzd işlərə gedib gündəlik 15-20 manat qazan bilərdi. Cavabdehin qanunsuz hərəkətləri onu aldatması ucbatından o, bu gündəlik qazanclarından məhrum olunmuşdur. Cavabdehlə 9 ay ərzində gördüyü işlər üçün zəhmət haqqı olaraq 4.100 manat, əlavə olaraq 200 manat toxum pulu və 30 manat da traktor üçün yanacaq pul hesablasa, cavabdeh ona 4.330 manat pul ödəməlidir. Cavabdehin onu aldadaraq, guya gələn gəlirdən pul verəcəyini bildirmişdir. O, da cavabdehə inanıb, bütün işləri görüb, əldə edilən məhsul satışından gələn gəlirdən pul alacağını düşünmüşdür. Lakin, cavabdeh onu işdən kənarlaşdırmaqla aradakı razılaşmanı pozmuşdur. Cavabdeh onu işdən uzaqlaşdırdığından şəriklikdən azad etdiyi məlumdur. Belə olan halda da cavabdeh ona bir il ərzində fəhlə kimi işlədiyi işlər üzrə zəhmət haqqı verməlidir. Cavabdeh isə ona zəhmət haqqı vermir. Artıq bu işin məhkəmə qaydasında olmadan həlli mümkün deyildir. Ona görə də 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər Cavabdeh yanında işlədiyi müddətdə 9 ay günəmuzd zəhmət haqqı kimi 4.100 manatın, 200 manat qarpız toxumu üçün verdiyi pulun və yanacaq almaq üçün xərclədiyi 30 manatın, dövlət rüsumu üçün ödədiyi 63 manat pulun ümumilikdə 4.393 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, icarəyə götürdüyü torpaqlarda ailə təsərrüfatı ilə məşğul olur. Belə ki, həmin təsərrüfatda onun öz həyat yoldaşı Təranə xanım, digər ailə dostları X4, X2, X10, X5və X1 adlı şəxslər əkin işlərində və digər işlərdə həmişə onlara köməkliklər göstərmişlər. Onlar özləri üçündə əkin əkib fayda götürmüşlər. Ona görə də qeyd etdiyi orda işləyən şəxslərin məhkəmədə şahid qismində dindirilməsini xahiş edir. İddiaçının iddia tələbində qeyd etdiyi xüsusatların heç biri baş verməmiş və onun öz təxəyülünün məhsuludur. Belə ki, iddiaçı elektrik sənətkarı olduğu üçün bəzi hallarda o, hansısa avadanlıq işləməyəndə gəlib baxmış, düzəltmiş və haqqınıda alıb çıxıb getmişdir. Hazırda isə öz əsassız iddia tələbində əsl əkinçi və təsərrüfat rəhbəri kimi çıxış edir və özüdə iddia ərizəsinin bəzi yerlərində 9 ay bəzi yerlərində isə 1 il işləməklə qeyd edir ki, bu il və ya aylar ərzində o təmannasız işləyib və gələcəkdə əkindən çıxan puldan öz xərclərini götürəcəkdir. Bu tamamilə yalandır və onun tərəfindən uydurulmuş fikirlərdir. Belə ki, onun tərəfindən soğan toxumu və qarpız toxumu üçün pul verməsi, o cümlədən traktora pul verməsi hamsı cəfəngiyyatdır. Necə olur ki, bu il ərzində o, guyaki işləyib əmək haqqı almırsa nə yaxşı özündən əkinə pul qoyur. Qeyd etmişdir ki, qarpız toxumu üçün bütün illərdə olduğu kimi, o, Ağstafa şəhəri mərkəzi bazarından Anar adlı toxum satan şəxsə 300 manat ödəməklə özü toxum almışdır. Soğan toxumunu isə həmişə Bakı şəhərindən ya özü yadakı qardaşı alıb gətirir. Bütün bunlar yalandır, o cümlədən iddiaçının onun heyvanlarına baxmasıda tamamilə ağ yalan, böhtan və şərdir. Bundan başqa iddiaçı ona hər iş görəndə işi görməmiş bildirirdi ki, uşağı xəstələnib ona 80 manat lazımdır, daha sonra isə qardaşı Ələsgərlə Gəncə məhkəməsində mübahisələri vardır, qardaşı Ələsgəri məhkəmədə yumuruqla vurmuş Ələsgərdə şikayət etdib bunu tutdurmuşdur, onların vərəsəliklə bağlı qardaş bacıları arasında davaları vardır. O, fermada olanda ona zəng edib yalvardı ki, onu ordan qurtarım, o da yoldaşına zəng edib 100 manat pulu iddiaçıya verməsini bildirmişdir. Hələdə həmin 100 manat pulu belə qaytarmamışdır. Qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd etdikləri tamamilə cəfəngiyyatdır və şərdən başqa bir şey deyildir. Onun iddiaçı ilə heç bir əmək müqaviləsi və şərtləşdirilmiş bir razılaşması olmamışdır. O, iş gördürən zaman iddiaçıya pul verib işlərini gördürmüşdür. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, o, İddiaçı Cavabdeh fermasına gedib-gəldiyini görmüşdür. Bir dəfə də nə üçün gedibgəldiyini soruşduqda Cavabdeh ilə əkin əkdiyini bildirdi. Başqa heç bir halın şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, o, İddiaçı Cavabdeh fermasına gedib-gəldiyini və orada suvarma çəkdiyini görmüşdür. Başqa heç bir halın şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, o, əvvəllər Cavabdeh yanında işləmişdir. O, işdən çıxdıqdan sonra İddiaçı Elvirin fermasında işləməyə gedib. O, hər gün onların evinin yanından gedib-gəlirdi. Bir dəfə də nə üçün gedib-gəldiyini soruşduqda Elvirnən əkin əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, o, İddiaçı Cavabdeh fermasına gedib gəldiyini görmüşdür. Bir dəfə də nə üçün gedib-gəldiyini soruşduqda Cavabdeh ilə şərikli soğan və qarpız əkdiyini bildirdi. Bildiyinə görə sonradan aralarında narazılıq olmuş və onlar ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, Cavabdeh onu çağıraraq soğan əkini üçün torpağı şumlamasını bildirmişdir. O, sahəyə gələndə Şirxanla Elvir torpaq sahəsini ölçmüşlər. o, həmin sahəni şümladıqdan sonra Elvir soğan əkəcəyini bildirdi, Şirxan isə qarpız əkəcəklərini bildirdi. Bir müddət keçdikdən sonra Şirxanın başqa yerdə əkin əkdiyini görmüşdür. O, ondan Elvirlə əkin əkib əkməməsini soruşduqda o, ona Elvirin onu uzaqlaşdırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, İddiaçı Cavabdeh fermasında işlədiyini görmüşəm. O, Cavabdeh fermasında işləmiş və pulunu da almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, İddiaçı oğlu onların ərazisində işləyib, yoldaşı da pulunu ödəyib. O, özü də orda işləmişdir. İddiaçı nə vaxt pul istəyibsə yoldaşı verib. İddiaçı onların ərazisində işçi kimi işləyib. Onlara nə vaxt işçi lazım olubsa İddiaçı gəlib işləyirdisə pulunu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı Cavabdeh fermasına işlədiyini görmüş, bəzən o da İddiaçı kömək etmişdir. Sonradan aralarında nə baş verdiyini bilməmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər Cavabdeh yanında işlədiyi müddətdə 9 ay günəmuzd zəhmət haqqı kimi 4.100 manatın, 200 manat qarpız toxumu üçün verdiyi pulun və yanacaq almaq üçün xərclədiyi 30 manatın, dövlət rüsumu üçün ödədiyi 63 manat pulun ümumilikdə 4.393 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddia olunan tələblə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında dindirilən şahidlərin ifadələrində isə iddia tələbinin təmin olunmasıilə bağlı heç bir əsasların olmadığı müəyyən edilmişdir. Bundan başqa tərəflərin arasında mübahisə predmeti olan işlə bağlı müqavilə və ya heç bir saziş bağlanmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi” barədə iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(015)-808/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-808/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver