Məhkəmə qərarları › İş №2(015)-843/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-843/2024

17.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-843/2024 17.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 9.800 manat məbləğində pulun və 117 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun uzun müddətli tanışlığı olmuşdur. Cavabdehin maddi vəziyyəti pis olduğu üçün ondan pul istəmiş, tanıyıb inandığı üçün 25 dekabr 2021-ci tarixdə onun 523915...9278 saylı kart hesabına 5.000 manat, 13 yanvar 2022-ci il tarixdə həmin kart hesabına 3.700 manat və 1.100 manat pul göndərmişdir. Cavabdeh pulu hissə-hissə qaytaracağına söz versə də borcunu qaytarmamışdır. Cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınır. Odur ki, Cavabdeh 9.800 manat məbləğində pulun və 117 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu teleqram göndərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, iddia tələbinə uyğun qətnamə çıxarılmağını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən edilir ki, məhkəməyə təqdim edilən sübutları əks etdirən sənədlər ksero surətlərdən ibarətdir, belə ki, həmin sənədlər notarial qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, İddiaçı kart vasitəsi ilə 25 dekabr 2021-ci tarixdə onun 523915...9278 saylı kart hesabına 5.000 manat, 13 yanvar 2022-ci il tarixdə həmin kart hesabına 3.700 manat və 1.100 manat pul göndərdiyini, həmin kart hesabının cavabdehə məxsus olmasını iddia etsə də, məhkəmə baxışı iclasında bu fakt mötəbər sübutlarla təsdiq olunmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar