Məhkəmə qərarları › İş №2(015)-851/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-851/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-851/2024 11.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus heyvanları özbaşına satdığı üçün vurulmuş 10.200 manat ziyanın dəyərinin və məhkəmə üçün ödədiyi 120,60 manat dövlət rüsumu olmaqla 10.320,60 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun əmisi oğludur. O, 2023-cü ilin mart ayında Ağstafa rayonu Ceyrançöl ərazisində ailəsinə məxsus yatağda Cavabdeh öz heyvanları ilə birlikdə onun heyvanlarını da saxlayacağını bildirmişdir. Mart ayında cavabdehin istifadəsində olan yatağa 117 baş xırda buynuzlu qoyun vermişdir ki, saxlasın. Bir ildən sonra yəni 2024-cü ilin aprel ayında verdiyi heyvanları cavabdehdən götürsə də heyvanlardan 12 baş xırda buynuzlu qoyun, 20 baş quzu, 1 baş erkək olmaqla, ümumilikdə 33 baş heyvanı verməmiş, heyvanları yatağa apararkən 3 ədəd erkəyi dəyişərək yerinə başqa erkək qoymuşdur. Sonradan isə erkəyi satan adama heyvanların foto şəklini göndərdiyi zaman bildirmişdir ki, bu onun satdığı heyvanlar deyildir qeyd edir ki, erkəkləri dəyişdirmiş, satılmış yəni ortada heyvanları satmişdir. Bu səs yazısında da var. Ümumilikdə cavabdehin vurduğu maddi ziyan 10.200 manat təşkil edir. Dəfələrlə cavabdehdən həmin heyvanların qaytarılması və ya onların dəyərinin ödənilməsini bildirsə də nəticə əldə edə bilməmişdir. Odur ki, dəymiş ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasınd iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçının iddiası tam qanunsuz və əsassız olmaqla, şər və böhtan xarakteri daşıyır. Belə ki, o, iddiaçıdan götürdüyü 117 baş xırda buynuzlu qoyun və əlavə olaraq 57 baş xırda buynuzlu qoyun olmaqla ümumilikdə 174 baş xırda buynuzlu qoyun qaytarmışdır. Ceyrançöl qış otlaq sahəsində yerləşən yatağda heyvanları saxlayan zaman bəzən heyvanlar müəyyən səbəblərdən ölə, yırtıcı heyvanlar tərəfindən parçalana və itə bilir. Tərəfindən heç bir xırda buynuzlu heyvanın satılmamışdır. Ona görə də iddianı qəbul etmir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi (vəkili) X2 Cavabdeh ilə eyni məzmunlu izhata verdi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, xx.xx.1975-ci il tarixində Ağstafa rayonunda anadan olmuş, orta təhsillidir, cavabdeh onun əmisi oğludur, ona qarşı heç bir ədavəti və düşmənçiliyi yoxdur. Əsl həqiqəti üzə çıxartmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Cavabdeh çobanlıq edərək Ceyrançölə heyvanları yatağa aparmışlar, xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl geri gələrək müalicə üçün Bakı şəhərinə getmişdir. Daha sonra heyvanları otaran zaman Hamam çay deyilən yerdə bir neçə şəxsin sürüyə girərək bir neçə heyvanı tutub apardığını, aparan şəxsləri tanımadığını heyvanları isə yaxından görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində X4 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materallarında olan Daşkəsən rayonu, Yuxarı Daşkəsən kənd sakini Şahid2 və X5 işləri ilə əlaqədar yolun uzaq olduğu üçün məhkəmə iclasında şahid qismində iştirak edə bilməyəcəklərini, lakin tərəflərindən verilmiş ərizələrdə “onlar həmin yerdə olan zaman Natiq və Amil arasında münasibətlərin yaxşı olduğunu, Amilin ora gələrək öz xırda buynuzli heyvanlarını işarələyərək getdiyini, həmin yataqdan heç bir ədəd olsun belə heyvan satılmadığını qeyd etmişlər.” Belə ki, İddiaçı Cavabdeh tərəfindən ona məxsus heyvanların özbaşına satıldığı üçün ona dəymiş ziyanın 10.200 manat olduğunu iddia etsə də, mülki iş materiallarında tərəflər arasında müqavilə bağlanması faktı təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçının Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar