Məhkəmə qərarları › İş №2(015)-860/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-860/2025

24.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-860/2025 24.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən ona borc olaraq verdiyi 4500 manat pulun və aldığı “NOT-13” markalı telefonun dəyəri kimi 500 manatın, cəmi 5000 manat pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borc olaraq verdiyi 4500 manat pulun və ona aldığı telefonun pulu kimi 500 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, cavabdehi “Facebook” sosial şəbəkəsindən tanıyır. Belə ki, cavabdeh həmin sosial şəbəkədə ona dostluq təklifi göndərmiş, o da dostluq təklifini qəbul etmişdir. Bir neçə gün sonra cavabdeh oğlunun şəklini ona göndərərək xəstə olduğunu, qanı dəyişməli olduğunu, qohumlarının ona kömək etmədiyini və ona kömək edərək pul göndərməsini, aldığı pulu Qazax rayonunda olan evlərini sataraq qaytaracağını bildirmişdir. Bundan sonra ona müxtəlif vaxtlarda pullar göndərmişdir. Puldan əlavə ona bir ədəd 500 manat dəyərində “NOT 13” markalı mobil telefon alıb vermişdir. Cavabdehlə real həyatda bir birlərini görməmiş, əvvəldən tanışlıqları olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etdi. Tərəflərə məhkəmə baxış iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı razılaşma əsasında 4500 manat pul göndərməsini sübut etməlidir. İddiaçı iddia tələbinin əsası kimi iş materiallarına bir sıra qəbz əlavə etmişdir. Belə ki iş materiallarında olan “Leobank” tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Gülşən Ə. Adlı şəxsə xx.xx.2024-cü il tarixdə 2200 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 150 manat və xx.xx.2024-cü il tarixdə 150 manat pul göndərilmişdir. İş üzrə iddiaçı qeyd edilən qəbzlərdə pulların onun tərəfindən Cavabdeh göndərilməsini bildirsə də, göründüyü kimi həmin qəbzlərdə vəsaiti alan şəxsin Gülşən Ə. adlı şəxs tərəfindən alınması görünür, lakin həmin şəxsin məhz Cavabdeh olması təsdiq olunmur. Cavabdeh buna dair mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iş materiallarında, Cavabdeh adlı şəxsin kartına ödəmə terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 30 manat və xx.xx.2024-cü il tarixdə 20 manat məbləğində pul göndərilməsi qəbzlərdən görünsə də qeyd edilən vəsaitin Cavabdeh hansı məqsədlə verilməsi, həqiqətən də iddiaçının Cavabdeh borc məqsədilə qeyd edilən pul məbləğlərini verməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. İddiaçı Cavabdeh aralarında olan hər hansı razılaşma əsasında borc pul verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı qeyd edir ki, cavabdehə 500 manat dəyərində “NOT-13” markalı mobil telefon alıb vermişdir. Lakin iddiaçının telefon alması və cavabdehə verməsi barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. İddiaçı irəli sürdüyü tələb üzrə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmədə səsləndirdiyi fikirlərə aid dəlillər mövcud deyil. Azərbaycan Respublikası MPM-in 77.1 maddəsində, sübut etmə vəzifəsi ilə bağlı belə müəyyən edilib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırki vəziyyətdə İddiaçı Cavabdeh borc məqsədilə 4500 manat borc pul və 500 manat dəyərində “NOT-13” markalı mobil telefon alıb verməsi öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Göründüyü kimi hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında onların öz iradə ifadələrini əks etdirən müqavilə olmalıdır. İş üzrə iddiaçı cavabdehlə aralarında borc barədə müqavilə münasibətləri olmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən borc müqaviləsində, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa həmin müqavilə yazılı formada bağlanılmalıdır. İş üzrə iddiaçı cavabdehə dörd min beş yüz manat borc verməsini bildirsə də iddiaçı borc müqaviləsini məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada borc münasibətləri mövcud olmamış, borc münasibətlərinə əsaslanaraq pul tələb etməsi əsassızdır və bu səbəbdən iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı cavabdehdən ona borc olaraq verdiyi 4500 manat pulun və aldığı “NOT-13” markalı telefonun dəyəri kimi 500 manatın, cəmi 5000 manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar