Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-909/2023 24.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2500 manat pulun və 46 manat dövlət rüsumunun tutulub, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Tanış olduqdan sonra Cavabdeh ona bildirmişdir ki, bir neçə motosiklet alaraq “Wolt” şirkəti ilə işləmək üçün ona kreditlə borc pul versin və həmin pulu ona 1 il müddətində artıqlaması ilə qaytaracaqdır. O da cavabdehin səmimiliyinə inanaraq onunla 01 aprel 2022-ci il tarixdə 01 il müddətinə kredit müqaviləsi bağlayaraq ona 2500 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı pulu müqavilə üzrə 01 aprel 2023-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürsə də hazırki müddətə qədər almış olduğu borcu qaytarmamışdır. Onunla dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ondan pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina edir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (atası) X2 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, İddiaçı onun oğludur. Oğlu ilə Cavabdeh dostluq münasibətində olub. 2022-ci ilin əvvəlində Samir oğluna iş qurması ilə əlaqədar pula ehtiyacının olduğunu və 01 il ərzində ödəyəcəyini bildirmişdir. 01 aprel 2022-ci il tarixdə notariusun təsdiqi ilə 01 il müddətinə qaytarmaq şərti ilə 2500 manat məbləğində pul verimişdir. Cavabdeh hər gün bir bəhanə ilə pulu qaytarmaqdan imtina edir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 01 il müddətinə, 2500 manat məbləğində pul verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə həmin pulu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Nəticədə cavabdehin hazırki tarixə kimi 2500 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan tərəflərin arasında bağlanmış 01 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 2500 manat pulu faizsiz Cavabdeh vermiş, Cavabdeh isə həmin pulu 01 aprel 2023-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 3M-297 № ilə qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 01 il müddətinə 2500 manat məbləğində pul verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə həmin pulu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetiməməsi və iddiaçıya olan borcunu qaytarmaması, nəticədə cavabdehin hazırki tarixə kimi 2500 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 2500 manat borc və 46 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 manat borc və 46 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-909/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-909/2023
24.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver