Məhkəmə qərarları › İş №2(015)-918/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-918/2025

07.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-918/2025 07.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində ödənilmiş və indeksləşdirilmiş pulun geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma yolu ilə əldə edilmiş 600.000 manatın bugünki qiymətlə 12.000 manat məbləğində indeksasiya olunmuş pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü il tarixdə cavabdehlə aralarında olan razılığa əsasən əvvəlki Azərbaycan manatı ilə 600.000 manat ona və onun ailəsinə məxsus torpaq sahəsini almışdır. X12 Bələdiyyəsində xx.xx.2004-cü il tarixdə aralarında olan akt sübutdur. Lakin Cavabdeh və onun ailə üzvləri ona qarşı pozucu tərəfindən zəbt olunmuş 0,63 ha torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(015)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Odur ki, Cavabdeh əsassız varlanma yolu ilə əldə edilmiş 600.000 manatın bugünki qiymətlə 12.000 manat məbləğində indeksasiya olunmuş pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək Ağstafa rayonu Xətai kəndində yerləşən 0,63 ha torpaq sahəsinin ona satıldığını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, uşaq olarkən atası həmin torpaq sahəsini İddiaçı 600 şirvan pula icarəyə vermişdir. İcarə müddəti bitsə də həmin torpaq sahəsindən çıxmamışdır. Bununla bağlı Ağstafa Rayon Məhkəməsinin 2(015)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində hazırki tələbdə İddiaçı və ailə üzvlərinin həmin torpaq sahəsindən çıxarılması və istifadəsi qadağan edilmişdir. İddiaçının tələbi əsassızdır. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: Mülki işin materialları:

6. İş materiallarında olan Xətai kənd Bələdiyyəsinin 15 oktyabr 2004-cü il tarixli aktdan görünür ki, Cavabdeh 0,49 ha torpaq sahəsini İddiaçı daimi istifadə üçün təhvil verilmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin 2(015)-172/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar Cavabdeh, X2 (Vəliyeva), X5, X6, X7, X4 və mərhum X1 adına qeydə alınmış Ağstafa rayonu, Xətai kəndində 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və zəbt olunmuş torpaq sahəsinin X3, Cavabdeh, X10, X8, X11 və X9 qaytarılması qət edilmişdir.

8. İş materiallarında olan JN-1216 №-li, Torpaq Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin adına qeydiyyata alınmışdır.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. İş üzrə İddiaçı qeyd edir ki, xx.xx.2004-cü il tarixdə cavabdehlə aralarında olan razılığa əsasən əvvəlki Azərbaycan manatı ilə 600.000 manat məbləğində ona və onun ailəsinə məxsus torpaq sahəsini almışdır. Buna Ağstafa rayonu Xətai kənd bələdiyyəsində xx.xx.2004-cü il tarixdə aralarında bağlanmış akt sübutdur. Lakin Cavabdeh və onun ailə üzvləri ona qarşı zəbt olunmuş 0,63 ha torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müracət etmiş, Məhkəmənin 2(015)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. Hazırkı iş üzrə Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmiş ki, o, uşaq olarkən atası həmin torpaq sahəsini İddiaçı 600 şirvan pula icarəyə vermişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11.Məhkəmə iddia tələbi üzrə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz onlar iddiaları üzrə qeyd etdiyi faktları sübut etməlidir. 12.Məhkəmə iddiaçının 15 oktyabr 2004-cü il tarixli akt üzrə torpaq sahəsinin ona satılmasını, lakin alqı-satqı müqaviləsinin bağlanmamasını, Cavabdeh və onun ailə üzvləri ona qarşı zəbt olunmuş 0,63 ha torpaq sahəsinin zəbtdən azad edilərək çıxarılması tələbinə dair müraciəti əsasında Ağstafa Rayon Məhkəməsinin 2(015)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmasını, cavabdehin əsassız varlanma yolu ilə əldə edilmiş 600.000 manatın bugünki qiymətlə 12.000 manat məbləğində indeksasiya olunmuş pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 13.Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.Belə ki, 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. 15.24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. 16.Göründüyü kimi, tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş mülki qanunvericilik normalarına əsasən mümkün idi. 17.İddiaçının qeyd etdiyi həmin aktın alqı-satqı müqaviləsi olub-olmamasına Ağstafa Rayon Məhkəməsinin 2(015)-172/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsilə hüquqi qiymət verilmiş, İddiaçı Cavabdeh aralarında bağlanmış aktla torpaq sahəsini almasını bildirsə də, məhkəməyə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim edilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar Cavabdeh, X2 (Vəliyeva), X5, X6, X7, X4 və mərhum X1 adına qeydə alınmış Ağstafa rayonu, Xətai kəndində 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və zəbt olunmuş torpaq sahəsi X3, Cavabdeh, X10, X8, X11 və X9 qaytarılması qət edilmişdir. 18.Nəzərə alınmalıdır ki, hazırki iddia tələbləri bilavasitə sübutetmə ilə bağlıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. 20.Məhkəməyə təqdim edilmiş 15 oktyabr 2004-cü il tarixli aktdan görünür ki, Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Cavabdeh Ağstafa rayonu Xətai kənd sakini İddiaçı Ağstafa rayonu Xətai bələdiyyəsində aktı bağlamışlar onda ötrü ki, Cavabdeh JN-1216 saylı dövlət aktında olan torpaq sahəsinin 0,49 ha hissəsini İddiaçı daimi istifadə üçün təhvil verir. Torpağın qiyməti tərəflər arasında razılaşma yolu ilə müəyyən edilir. Torpağın vergisini ödəməyi İddiaçı öhdəsinə götürür. Göründüyü kimi, həmin aktda torpaq sahəsinin satılması deyil, daimi istifadə üçün verilməsi qeyd edilmiş, həmçinin torpaq sahəsinin hansı qiymətə verilməsinə dair müddəa qeyd edilməmişdir. 21.Bundan başqa, iddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi əsassız varlanma qeyd etmişdir. 22.Məhkəmə hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 24.Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. 25.Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 26.Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 27.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 28.Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarını, Ağstafa Rayon Məhkəməsinin 2(015)-172/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi 15 oktyabr 2004-cü il tarixli aktı qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vermiş olduğu iddia tələbinin əsası kimi istinad edilən halları, yəni, cavabdehə 600.000 manat torpaq sahəsini satmasını, həmin pulu cavabdeh əldə edərək əsassız varlanmasını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, həmçinin iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddiaçının iddia tələbi əsassızdır və rədd edilməlidir. 29.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı isə müharibə veteranı olduğundan hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunan şəxs olmaqla məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə hissəsi:

33. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar