Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-936/2023 12.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı Cavabdeh qarşı “ pul və mənəvi zərər tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh beh olaraq verdiyi 1.000 (bir min) manat pulun və ona dəymiş mənəvi zərərə görə əlavə olaraq 1.000 (bir min) manat pulun və ödənilən 30 (otuz) manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023 tarixində vasitəçilər tərəfindən ona təklif olunan ipotekaya yararlı Binəqədi rayonu, Azadlıq prospekti ev 191, mənzil 69-da yerləşən mənzilə baxış keçirmişdir. X1 etibarnaməsi ilə oğlu Cavabdeh mənzilin sahibi olduğunu, mənzilin ipotekaya yararlı olduğunu və bütün sənədlərinin qaydasında olduğunu bildirmişdir. Həmin mənzili ipoteka yolu ilə almaq qərarına gəlmişdir. Mənzilin etibarnamə ilə sahibi Cavabdeh ondan 1000 (bir min) manat beh verməyi tələb etdikdə, o, ev ipotekaya yararlı olmasa və qiymətləndirmə şirkəti razı olduğu məbləği mənzilə verməsə evi ala bilməyəcyini bildirmişdir. Ev sahibi Cavabdeh ona vasitəçilərin və ailə üzvlərinin yanında bildirdi ki, evin sənədləri tam hazırdır, ipotekaya tam yararlıdır və xx.xx.2023 tarixdə mənzilin bütün sənədlərini onlara təqdim edəcəyini bildirdi. Cavabdeh qiymətləndirmə şirkətinin gəlib mənzili qiymətləndirməsi üçün 12 gün vaxt verdi. Cavabdeh onlara 12 gün ərzində bankdan müsbət cavab gəlməsə verdiyi 1000 (bir min) manat behi geri qaytaracağını bildirdi. (Qeyd etdiyi danışıqların video yazısı mövcuddur və ehtiyac yaranarsa dəlil kimi təqdim ediləcəkdir). Cavabdeh xx.xx.2023 tarixində təqdim etməli olduğu sənədləri ona xx.xx.2023-cü il tarixdə təqdim etdi. Səbəbini isə evin texniki pasportunun olmamasını bildirdi. Halbu ki, məqsədi ona verdiyi 12 gün müddətin bitməsi və onu aldadaraq aldığı 1000 (bir min) manat behi geri qaytarmaması idi. Onlar evə baxış keçirərkən cavabdeh evin ipotekaya yararlı olduğunu bildirmişdi. Ona verdiyi 12 gün müddət ərzində evə texniki pasport almış və nəticədə 12 gün verdiyi vaxtı keçirmiş oldu ki, onun verdiyi behi qaytarmasın. Bildiyiniz kimi xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək ölkə ərazisində qeyri-iş günü olduğundan bank əməiyyatları da dayandırılmışdır. Bu müddətdən sonra banka təqdim etdiyi sənədlərə baxış keçirilmiş və qiymətləndirmə şirkətindən nümayəndə təyin edilmişdir. Qiymətləndirmə şirkətinin nümayəndəsi evə baxış keçirən zaman texniki pasportda qeyd olunan eyvanın həqiqətdə olmadığı və bank buna imtina edəcəyini şifahi olaraq vasitəçinin yanında cavabdehə bildirdi. Cavabdeh X2 bunu qəbul etmədi. Banka təqdim olunan texniki pasportla evin çıxarışındakı mənzilin ümumi sahələri üst-üstə düşməmiş (təqdim etdiyi sənədlərdə aydın görünür), layihədə qeyd olunan eyvan hissəsinin həqiqətdə olmadığı bank tərəfindən bildirilmiş və ipotekaya yararlı olmadığı qənətinə gəlinmişdir. Nəzərə çatdırır ki, 3 tərəfli vasitəçilər tərəfindən bağlanılmış müqavilənin qeyd olunan bəndinə əsasən evin ipotekaya yararlı olmadığı təqdirdə ev sahibi tərəfindən behin məbləğinin iki misli qədər geri qaytarılması qeyd olunmuşdur. Lakin Cavabdeh beh olaraq verdiyi 1000 (bir min) manat pulun geri qaytarılmasını tələb etsə də, onun pulunu geri qaytarmaqdan imtina etmişdir. Səbəb olaraq da verdiyi zamanın dolmasını (hansı ki, X2 tərəfindən gecikdirilmiş) və vəsaiti evə məxsus texniki pasport almağına sərf etdiyi göstərmişdir. Hansı ki, ipotekaya yararlı evin bütün sənədləri hazır olmalı və təqdim edilməli idi. Dəfələrlə verdiyi vəsaitin geri qaytarılmasını və əks təqdirdə məhkəməyə müraciət edəcəyini cavabdehə bildirmişdir. Cavabdeh ona 1 qəpikdə verməyəcəyini deyib telefonu söndürmüşdür. Gənc ailə olaraq cavabdeh monaənə vurduğu maddi zərərə görə ev sahibi olma istəyinin qarşısını almış və psixaloji olaraq vurduğu zərərlərə görə isə ailə daxili prablemlər yaşatmışdır. Ona gorə də Cavabdeh beh olaraq verdiyi 1000 (bir min) manat pulun və ona dəymiş mənəvi zərərə görə əlavə olaraq 1000 (bir min) manat pulun və ödənilən 30 (otuz) manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Lakin məhkəməyə göndərdiyi etiraz ərizəsində bildirmişdir ki, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 191, mənzil 69-da yerləşən evini iddiaçı ipoteka yolu ilə almaq qərarına gəlmişdir. Aralarında olan razılaşmaya görə iddiaçı 2 həftə müddətində razılaşmanın şərtlərini tamamlamalı idi və bunun üçün də 1000 manat beh vermişdir. Amma həmin vaxtdan etibarən isə 4 aya yaxın bir müddət keçmişdir. Hətta onun öz səs yazısında belə hər şey açıq-aydın şəkildə ifadə edilmişdir. O həmin sənədləri 12 gündən də tez hazır edib iddiaçıya məlumat vermişdir ki, işə başlamaq olar. Lakin onun əlavə pulu olmadığı üçün bu iş 4 ay uzanmışdır. Ondan heç bir hərəkət olmadığı halda mənzili satmaq məcburiyyətində qalmışdır. Hətta 4 ay gözləməklə əlavə ziyana da düşmüşdür. Göründüyü kimi iddiaçı ona verdiyi sözü tutmamış, onu 4 ay müddətində ləngitmiş, ona ziyan vurmuş və hazırda verdiyi behi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-nin) 492.2-ci maddəsinə əsasən iddiaçı behin 2 misli miqdarında ona qaytarmalıdır. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AB230601 saylı 04 iyun 2023-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı Cavabdeh məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********37-05101 qeydiyyat nömrə çıxarışlı daşınmaz əmlakın 92500 manata alqı-satqısında tərəflər razılığa gəlməyi qəbul edirlər. Tərəflər arasında razılığa gəlinən beh məbləği 1.000 manat təşkil edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1.000 (bir min) manat ziyan dəyməsini sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin hər hansı bir hərəkət və hərəkətsizliyi nəticəsində ona 1.000 (bir min) manat ziyan dəyməsini maddi ziyan dəyməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ pul və mənəvi zərər tələbinə” dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-936/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-936/2023
12.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver