Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-943/2024 10.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Quluyeva) qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Quluyeva) ona məxsus qanunsuz saxlanılan 1300 manat pulun və 33,40 manat dövlət rüsumu olmaqla, cəmi 1340,40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Afaq Quluyeva onun həmkəndliləridir. Həmçinin X1r. Təxminən bir müddət əvvəl Saidə ona zəng edərək bildirmişdir ki, Gəncə şəhərindədir və xəstədir, ona 300 manat pul lazımdır. O, da heç bir etiraz etmədən həmin pulu verməyə razılıq vermiş, Saidənin qızı gəlib onların evində anasından 300 manat pulu alıb aparmışdır. Saidə ona bildirmişdir ki, 3-4 günə gələndə pulu qaytaracaq. 2-3 gündən sonra Saidə ona zəng edərək bildirmişdir ki, yaxşı inəyi var onu satır. Daha sonra gedib heyvana baxmış və 1700 manata razılaşmışlar. Heyvanı alarkən aralarında danışıq olmuşdur ki, inək yaxşı süd verməsə qaytaracaq. Razılaşıb heyvanı aldıqdan sonra Saidəyə 1000 manat pul vermiş və heyvanı öz evinə aparmışdır. Bundan sonra onun Saidəyə 400 manat borcu qalmışdır. Saidə 400 manat borcunu istədikdə ona bildirmişdir ki, inək yaxşı süd vermir. Düşünmüşdür ki, qadındır inəyi qaytarmasın, saxladıqca bəlkə düzələr. Lakin Saidə ona bildirmişdir ki, istəmirsə qaytarsın, müştəri var heyvanı satsın. O, çöldə işlədiyi üçün həyat yoldaşı ilə qonşusunun oğlu heyvanı Saidənin evinə aparmışdır. Heyvanı aparanda Saidə onlara bildirmişdir ki, heyvanı satıb pulun hamısını biryerdə verəcək. Təxminən 4-5 gün sonra Saidə ona zəng edərək bildirmişdir ki, onunla nə qəsd qərəzliyi var ki, onun heyvanını xəstələndirib. Kəndin həkiminə zəng edəndə demişdir ki, heyvan xəstələnib. O, heyvanı Saidəyə sağlam halda vermişdir. Saidəgil əkinə getdikdə heyvanı günün altında qoyduğu üçün heyvanı bruselyoz xəstəliyi tutmuşdur. Bundan sonra o, xərc çəkərək baytar həkim gətirmiş, iynə-dərman elətdirmiş, həkim bildirmişdir ki, heyvanın ciyarı xəstədi öləcək. 10-15 gün keçdikdən sonra heyvan Saidənin evində ölmüş, balası qalmışdır. Ona bildirmişdir ki, ya pulu versin ya da heyvanın balasını lakin o heç birini verməmiş, inəyin balasını da satmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçı ondan inək alanda inəyə baxıb, südünü yoxlayıb almışdır. İddiaçı inəyi alandan onunla 1700 manat pula razılaşmışlar, o, 1000 manat pul vermiş, 700 manat borcu qalmışdır. Heyvan iddiaçıda 17 gün qalmış, o, inəyi qaytardıqda inək artıq xəstə olmuşdur. Heyvanı o halda qəbul etməmiş, Elşadın yoldaşı heyvanı onun qapısına qoyub getmişdir. O, baytar həkim gətirib inəyi yoxlatdırmış, həkim ona bildirmişdir ki, heyvan zəhərlənib. 4 gün sonra da heyvan ölmüşdür. İnək öldükdən sonra balasını 200 manata satmışdır. Həmçinin iddiaçı ona 300 manat pul verməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, o, baytar həkimdir. 22 iyun 2024-cü il tarixdə Cavabdeh1 inəyi xəstələndiyi üçün onu çağırmış, heyvanı müayinə etdikdə məlum olmuşdur ki, heyvanda televoz, el arasında qara qızdırma deyilən xəstəlik aşkar edilmişdir. Bu barədə qeydiyyat jurnalında qeyd aparılmış, lakin həmin qeydiyyat jurnalında Cavabdeh1 imzası yoxdur. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Quluyeva) rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, şahid ifadəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh iddiaçının heyvanı 17 gün sonra qaytarmasını bildirdiyi halda, iddiaçı heyvanı cəmi 4 gün saxladığını söyləmişdir. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, heyvanı 04 gün öz qapısında saxladıqdan sonra cavabdehə qaytarmasını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə başlıca qüsur sayılır. Məhkəmə prosesində iddiaçı heyvanı cavabdehə 04 gün ərzində qaytarmasını bildirsə də, cavabdeh isə iddiaçının heyvanı 17 gün saxladığını bildirmişdir. İddiaçı heyvanı cavabdehə qaytardıqda isə heç bir sənədləşmə aparılmamış, heç bir qəbz imzalatmamışdır. Həmçinin məhkəmə iclasında baytar həkim şahid qismində dindirilmiş, o, da öz ifadəsində Cavabdeh1 qeydlər jurnalında heç bir imza etməməsini bildirmişdir. İddiaçının heyvanı qarantin müddətində qaytarmasına dair sübutu mövcud deyildir. Halbuki, qanunvericilik heyvanın vəziyyətinin ümumən pisləşməsi üçün 14 günlük qarantiya müddəti müəyyən etmişdir. Cavabdeh isə iddiaçının heyvanı 17 gün saxladığını bildirmişdir. Göründüyü kimi iddiaçının tələb etmək hüququnun yaranması üçün qanunverciliklə nəzərdə tutulmuş 14 günlük qarantiya müddəti bitmişdir. Bu səbəbdən cavabdehlər iddiaçı qarşısında hər hansı bir mülki məsuliyyət daşımır. İş üzrə İddiaçının Cavabdeh1 heyvanı 04 gün ərzində qaytarması öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdehə 300 manat pul verməsini də məhkəmədə sübut edə bilmədi. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh1 aldığı heyvanın vəziyyətinin ümumən pisləşməsi üçün qanunverciliklə nəzərdə tutulmuş 14 günlük qarantiya müddəti bitdiyindən, cavabdehlər iddiaçı qarşısında hər hansı bir mülki məsuliyyət daşımadığından, həmçinin iddiaçı istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən onun tələbi əsassızdır və bu səbəbdən iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Quluyeva) qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-943/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-943/2024
10.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver