Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-950/2024 20.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus qanunsuz saxladığı 3500 (üç min beş yüz) manat pulun və 55 manat dövlət rüsumu olmaqla, cəmi 3555 (üç min beş yüz əlli beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayında Cavabdeh ondan mühüm işləri olduğu üçün təcili 3500 manat pul lazım olduğunu bildirmişdir. Onu tanıdığı və etibar etdiyi üçün, həmçinin hərbiçi olduğunu nəzərə alaraq cavabdehə 3500 manat borc pul vermişdir. Borcunu bir neçə aya ödəyəcəyini bildirsə də hal-hazıra kimi cavabdeh öz borcundan heç bir ödəniş etməmişdir. Dəfələrlə ona müraicət etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilmir. Ona görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, Cavabdeh 3500 manat pulu verərkən qəbz almamış, lakin bu barədə səs yazıları vardır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə aralarında olan hər hansı bir razılaşma əsasında 3500 manat borc pul verməsini və sonuncunun həmin borcdan 3500 manatını ödəməməsini sübut etməlidir. Məhkəmə prosesində iddiaçının təqdim etdiyi diskdə olan səs yazmalarına qulaq asılmışdır. Səs yazıları iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarıdır. Həmin səs yazılarında cavabdeh iddiaçıya 3500 manat borcu olmasını etiraf etmir. Göründüyü kimi, hazırki vəziyyətdə İddiaçı Cavabdeh 3500 manat borc pul verməsi və sonuncunun həmin borcdan 3500 manatını ödəməməsi öz təsdiqini tapmır və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Göründüyü kimi hər hansı bir öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında onların öz iradə ifadələrini əks etdirən müqavilə olmalıdır. İş üzrə iddiaçı cavabdehlə aralarında borc barədə müqavilə münasibətləri olmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən borc müqaviləsində, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa həmin müqavilə yazılı formada bağlanılmalıdır. İş üzrə iddiaçı cavabdehə üç min manatdan artıq borc verməsini bildirsə də iddiaçı borc müqaviləsini məhkəməyə təqdim edilmədiyindən iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada borc münasibətləri mövcud olmamış, borc münasibətlərinə əsaslanaraq pul tələb etməsi əsassızdır və bu səbəbdən iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 55 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 55 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-950/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-950/2024
20.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver