Məhkəmə qərarları › İş №2(016)-102/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-102/2023

05.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-102/2023 05.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçı X3, Cavabdeh X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh X4 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin etdiyi məsuliyyətsizlik səbəbindən qəza zamanı avtomobilinə dəymiş ziyanın dəyəri 2.155 manat məbləğində maddi zərərin və ödədiyi 42 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı, **-NL-*** qeydiyyat nişanlı avtomobili ilə Ağsu-Kürdəmir-İmişli yolunda Kürdəmir rayonu istiqamətində hərəkət etdiyi zaman bir baş iribuynuzlu heyvan yoluna çıxmış, həmin vaxt qaranlıq olduğundan heyvanı gec görmüş, avtomobili saxlaya bilməyib ehtiyatsızlıqdan heyvanı vurmuşdur. Heyvanı vurduqdan sonra avtomobili saxlayaraq tez yerə düşmüş, yolun sağ tərəfindən cavabdeh həmin yerə gəlmiş, o cavabdehdən heyvanın ona məxsus olmasını soruşmuş, cavabdeh naxırçı olduğunu, heyvanları naxırdan gətirdiyini bildirmişdir. Daha sonra o, polisə müraciət etmiş, polis əməkdaşları bir qədər sorğu-sual etdikdən sonra hadisəni sənədləşdirərək təhqiqata başlamışlar. Təhqiqat zamanı heç bir cinayət əməli olmadığı qərara alınmış və tərəflərin ziyanı barədə mülki qaydada Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Qəza zamanı onun avtomobilinə 2.155 manat ziyan dəymişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, 25 oktyabr 2022-ci il tarixdə, saat 5-6 radələrində iddiaçı onun inəyini vurmuş, ziyanı da ona yükləmişdir. İnək onun deyil, heyvanın sahibi də pulunu isdəyir. Hadisə saat 6-da olub, polislər hadisə yerinə gec gəliblər. Hal-hazırda heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hisssində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış materiallar üzrə Ağsu rayonu, Növcü kəndində yaşayan X3 barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, qəza nəticəsində “Vaz 21074” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.155 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 9/1996 nömrəli rəydən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-i il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Vaz 21074” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.051 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı, **-NL-*** qeydiyyat nişanlı avtomobili ilə Ağsu-Kürdəmir-İmişli yolunda Kürdəmir rayonu istiqamətində hərəkət etdiyi zaman bir baş iribuynuzlu heyvan yoluna çıxmış, həmin vaxt qaranlıq olduğundan heyvanı gec görmüş, avtomobili saxlaya bilməyib ehtiyatsızlıqdan heyvanı vurmuş, nəticədə, “Vaz 21074” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2.155 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüququ nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb əvvəlcə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MM-in 21-ci maddəsi isə zərərin aid edilməsi ilə bağlı birbaşa qayda müəyyən etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməlidir. İddia tələbinin qanuni əsaslarından biri olan mülki hüquq pozuntusunun (delikt) yaranması üçün aşağıdakı hallar mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik); əməlin hüquqa zidd olması; təqsir. MM-in 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulduğundan, ziyan mövcud olduğundan və zərərlə qanunsuz hərərəkət arasında səbəbli əlaqə olduğudan, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, dəymiş zərər cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumunun 2 manatı iddiaçıya, 40 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 2.051 manat və dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində pul vəsaiti iddiaçı X3 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar