Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1033/2023 11.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 oğunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğuna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2.527,64 manat əsas, 13,50 manat faiz borcu olmaqla, cəmi 2.541,14 manat məbləğində kredit borcu, ödənilmiş 45,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Səfərov Əvəz Eyvazxan oğlu arasında bağlanmış BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Səfərov Əvəz Eyvazxan oğluna 60 ay müddətinə, illik 24 faiz olmaqla 2.550 manat məbləğində kredit verilmişdir. X1 Eyvazxan oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 444 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Səfərov Əvəz Eyvazxan oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğu xx.xx.2020-ci il tarixli, 161 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişlər. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Səfərov Əvəz Eyvazxan oğlunun BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.527,64 manat əsas, 13,50 manat faiz borcu olmaqla, cəmi 2.541,14 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehlər mərhum Səfərov Əvəz Eyvazxan oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, Səfərov Əvəzin qızıdır. O, zamin də olmamışdır. Atası onlara məsləhət etmədən krediti götürüb. Onun imkanı yoxdur ki, krediti ödəsin. Pulun ondan tutulmasına etiraz edir. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Səfərov Əvəz Eyvazxan oğlu onun həyat yoldaşı olub, həyat yoldaşı krediti ürəyindən əməliyyat olunmasına görə götürmüş, sonra ödəyə bilməmişdir. Uşaqları kasıbçılıqla dolanır, əmlakı qəbul etmişlər, o özü də pensiya alır. Öd kisəsində əməliyyat olunmuşdur. Kredit götürmüş, kredit ödəyir. 300 manat pensiya alır, ondan tutulur. Cavabdeh6 oğu məhkəmə iclasında çıxış edərək bildirdi ki, atası xəstə olmuş, kredit götürmüş, onların xəbəri olmamışdır. Hal-hazırda atası vəfat etmişdir. İddianı qəbul edir, lakin tam ödəməyə imkanı yoxdur, hissə-hissə bacı qardaşları ilə birgə ödəyəcəkdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Səfərov Əvəz Eyvazxan oğluna 60 ay müddətinə, illik 24 faiz olmaqla 2.500 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, Səfərov Əvəz Eyvazxan oğlunun xx.xx.2023-cü il tarixə kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.527,64 manat əsas, 13,50 manat faiz borcu olmaqla, cəmi 2.541,14 manat borcu vardır. - AZ-İ seriyalı 993085 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərov Əvəz Eyvazxan oğlu xx.xx.2019-cu il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin iyun ayının 19-da, 193 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 işi günü ərzində ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Səfərov Əvəz Eyvazxan oğlunun vərəsələri arvadı - Cavabdeh1, qızları - Cavabdeh2, Cavabdeh3, oğulları - Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğudur və onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-in 14 saylı ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********9710301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,95 ha. torpaq sahəsindən Səfərov Əvəz Eyvazxan oğluna çatan hissədən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi 119.9 m2 olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********xh80101 olan arayışa əsasən daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 45,82 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Səfərov Əvəz Eyvazxan oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2019-cu il tarixdə öldüyündən, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1958-ci il təvəllüdlü Səfərov Əvəz Eyvazxan oğlunun adına Ağsu rayon notariat ofisində 2V - 19 reyestr nömrəli xx.xx.2021-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri arvadı - Cavabdeh1, qızları - Cavabdeh2, Cavabdeh3, oğulları - Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğu qəbul etdiyindən, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, iddia tələbinin 45,42 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 2.527,64 manat əsas, 13,50 manat faiz borcu olmaqla, cəmi 2.541,14 manat məbləində kredit borcu, ödənilmiş 45,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oğundan müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1033/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1033/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver