Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1045/2024 10.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 hüquqi əsas olmadan əldə etdiyi 51150 manat və dövlət rüsumuna görə ödənilmiş 244 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X5 Ağsu şəhər sakin kimi tanımış, əvvəl də ondan borca pul almış və vaxtı-vaxtında qaytarmışdır. xx.xx.2021-ci ildə X6 ondan sənədləşmə işləri olduğunu deyərək, xx.xx.2024-cü ilədək müxtəlif vaxtlarda 51150 manat borc pul alaraq 2022-ci ilin fevral ayında qaytaracağını bildirmişdir. Amma verdiyi sözə əməl etməyərək pulu qaytarmamışdır. O, 10 fevral 2022-ci ildə X6 ilə görüşmüş, borcunu qaytaracağını söyləmiş, sübut üçün video görüntü çəkilməsinə və borcun etirafına razılıq vermişdir. Həmin zaman onların yanında atası Şahbazov Malik və taksi sürücüsü Gündüz adlı şəxs video görüntünün çəkilişinə şahid olmuşdurlar. Bütün bunlara əsasən hesab edir ki, cavabdeh X2 hüquqi əsas olmadan əldə etdiyi 51150 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ondan müxtəlif vaxtlarda 51150 manat borca pul almış, bu günədək borcunu qaytarmamışdır. Faktla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. O, cavabdehə faizə pul verməmişdir, borc vermişdir. Video çəkiliş də xəstəxananın yanında 2022-ci ilin fevral ayında aparılmışdır. O, cavabdeh həbsdə olarkən onun yanına gedərək cavabdehə verdiyi pulu başqa şəxsdən aldığını, ona qarşı məhkəmədə 30 min manat borcla bağlı iddia qaldıracağını bildirmiş, həmin borcu da cavabdehin etiraf etməsini istəmiş. Eyni zamanda bildirmişdir ki, həmin məbləğ üzrə qətnamə çıxarıldığı təqdirdə həmin qətnaməni borclu olduğu şəxsə göstərəcəkdir ki, o, həbsdə olduğu üçün borc aldığı şəxsə yalan deməməsi müəyyən edilsin. Bundan başqa da yerdə qalan pulla bağlıda qeyd etmişdir ki, cavabdeh həbsdən çıxdıqdan sonra öz aralarında həll edərlər. Lakin cavabdeh onunla razılaşmamışdır. Bu günədək şəxsi məsələlərinə görə məhkəməyə müraciət edə bilməmişdir. Cavabdehin dedikləri əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, o, taksi sürücüsü Gündüzün yanında iddiaçıdan borca pul almamışdır. Əgər 1 dəfə borca pul alıb qaytarmamışdırsa, nə üçün 2-ci, 3-cü dəfə iddiaçı Orxan ona borca pul vermişdir. İddiaçının deməsinə görə üstündən 2 il 6 ay keçib, nə əcəb bu günə kimi məhkəməyə verməmişdir. Onun 31 nəfərə borcu var, onlardan təxminən 1500-4500 manat arası pul almış və buna görə də məhkum olunmuşdur. Həmin pulları alaraq Orxanın borcunu qaytarmışdır. O, İddiaçı cəmi 12-13 min manat faizlə borc almışdır və faizini vaxtı-vaxtında qaytarmışdır. Orxan pulu 20 faizlə sələmə verirdi, 10 gün müddətinə verirdi. Əgər o, ondan pul alıb qaytarmasaydı Orxan mənə yenidən pul verməzdi. Video çəkiliş onun razılığı ilə dekabr ayında olmuşdur, o, fevral ayına kimi ona vaxtlı- vaxtında pul ödəmişdir. Çəkiliş zamanı ona hər hansı təsir olmamışdır. İddiaçı Orxan həbsdə onun yanına gələrək 30 min manat borc götürdüyünü etiraf etməyini istəmiş, əgər etiraf etsə, Orxan ona həbsdə baxacağını, onun həbsdən qısa müddətdə çıxmasına kömək edəcəyini bildirmişdir. O, da öz növbəsində imtina etmişdir. Bundan sonra bu gün Orxan borcun 30 min manat yox, 51150 manat olduğunu deyir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, iddiaçı onun oğludur. Oğlu ona zəng edərək onların yanına dəvət etmişdir. O, da onların yanına gedərkən söhbət etdiklərini görmüşdür. O, onların yanına çatanda oğlu Orxan Qəribə çəkiliş etmək istədiyini bildirmiş, Qərib də çəkilişə razılıq vermişdir. Çəkiliş zamanı X6 51150 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, sürücü işləyir. Orxan ona zəng vuraraq onu aparmasını xahiş etmişdir. O, da Orxanın yanına çatanda Qəriblə pul haqqında söhbət etdiklərini görmüşdür. Orxan çəkiliş etmək istədiyini bildirdikdə Qərib etiraz etməmişdir. Qəribin Orxana pul borcu olduğunu bilmiş, lakin tam məbləğini bilməmişdir. Həmin borcun faizlə və ya faizsiz olub-olmamasından məlumatı yoxdur. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - CD diskdən görünür ki, X6 51150 manat borcunun olmasını etiraf edir və hamısını qaytaracağına söz verir. - Video çəkilişin aparılmasına dair çıxarışlardan görünür ki, video çəkiliş 10 fevral 2022-ci il tarixdə, saat 12:43-də, Ağsu RMX-nın yanında aparılmışdır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan 51150 manat məbləğində vəsait alması şahid izahatları, iş materiallarına əlavə edilmiş CD diskdə olan video ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, cavabdeh Qərib Hüseynovun İddiaçı 51150 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini cavabdeh Qərib Hüseynovdan geri tələb etməyə haqlıdır. MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 51150 manat pul alaraq əsassız varlanmışdır. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 244 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 244 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 51150 manat məbləğində pul və ödənilmiş 244 dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 51150 manat məbləğində pul və ödənilmiş 244 dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1045/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1045/2024
10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver