Məhkəmə qərarları › İş №2(016)-1055/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1055/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1055/2023 13.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun xeyrinə 5.291,16 manat məbləğində əsas, 1.160,49 manat məbləğində faiz, 226,17 manat cərimə borcu olmaqla, cəmi 6.677,82 manat borcun və 87 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 26% olmaqla 6.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, bankdan kredit götürmüş, bir müddət ödənişlər etsə də, sonradan işdən çıxarıldığı üçün ödəniş edə bilməmişdir. Borcunu ödəməkdən boyun qaçırmır. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CE/91380/85/10 saylı “Kredit Sazişi”nə əsasən bank borcluya 36 ay müddətinə, illik 26% olmaqla 6.000 manat məbləğində kredit vermişdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin müqavilə üzrə 5.291,16 manat məbləğində əsas, 1.160,49 manat məbləğində faiz, 226,17 manat cərimə borcu borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 87,40 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və həmin müqavilə üzrə hesablanmış faizi iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 226,17 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin 87 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.291,16 manat məbləğində əsas, 1.160,49 manat məbləğində faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 6.471,65 manat borc və 87 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar