Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1079/2023 18.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona vurduğu 1.622 manat maddi ziyan, 1.000 manat evin əşyalarını oğurlayaraq satdığı maddi ziyan və 5.000 manat mənəvi ziyanın alınaraq ona verilməsini, cavabdehin əməlində cinayət tərkibi olarsa rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və bundan əlavə, Bakı şəhəri, Zabrat 2 ünvanında həyət evinin sahibidir. Hal-hazırda yataq xəstəsidir. 2 ildir ki, Dialez xəstəliyindən əziyyət çəkir. Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan həmyerlisi Cavabdeh, kimdənsə öyrənib ki, onun Bakı şəhəri Zabrat 2 ünvanında evi var. Bir gün ona yaxınlaşaraq həmin evi ona 200 manata kirayəyə verməyini xahiş etmişdir. O, cavabdehi tanımış və sonra onun maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alıb onunla razılaşmışdır. Həmin həyət evini Cavabdeh hər bir ay üçün 200 manata verməklə və bundan əlavə kommunal xərclərini ödəyəcəyini bilərək onunla razılaşmışdır. 2022-ci il aprel ayının 25-i evin açarını ona vermiş, razılaşmışlar ki, hər ayın 1-i ona 200 manat ödəyəcək. Beləliklə, cavabdeh ona may, iyun, iyul ayları üçün 500 manat verərək yüz manatını evdə təmir işləri aparmağına görə saxlamışdır. 2022-ci ilin avqust ayından, bu günə kimi Cavabdeh ona cəmi 800 manat pul kirayə haqqı vermişdir. 2022-ci ilin dekabr ayından bu günə kimi ona olan kirayə borcunu ödəmək istəmir. Bundan əlavə, onun evində yaşadığı vaxtı kommunal xərclərini də ödəməyib. Onun evində yaşadığı müddət ərzində azərişıq üçün 100 manat, azərqaz üçün 302 manat, su üçün 270 manat olmaqla, cəmi 672 manat borc yaranmışdır. Buna baxmayaraq, onun evində yaşayan Cavabdeh ondan 150 manat pulu almışdır ki, hamam-tualetdə kafel-metlax işini görəcək. 2023-cü ilin may ayında Bakı şəhəri Zabrat 2 ünvanında olan evinə gedib ona xəbərdarlıq etmişdir ki, gələn həftə gəlib pulu alacaq. Cavabdeh isə ona demişdir ki, avtomobilini satışa qoyub, satıb pulunu verəcək. Bundan sonra, o, evə Ağsu rayonu istiqamətində təxminən 75 km gəlmişdir ki, gecə saat 10:00 radələrində, ona Zabrat 2 ünvanında yaşayan qonşulardan biri zəng vuraraq bildirmişdir ki, evində yaşayan kirayəçilər qapının kilidini sındıraraq maşını minib getmişlər. 2 gün keçdikdən sonra o, həmin ünvana getmiş, qapını açıb içəri girmiş, evin tamamilə boş vəziyyətdə olduğunu görmüşdür. Özü gətirdiyi əşyalarını, ona məxsus 1 ədəd qaz açarı, 1 ədəd laqonda, 2 ədəd stol, 4 ədəd stul, 1 ədəd divanı aparmışdır. Beləliklə hesab edir ki, Cavabdeh ona 800 manat evin kirayəsindən borcu, 672 manat kommunal borcu, təmir üçün aldığı 150 manat, cəmi 1.622 manat maddi ziyan vurmuşdur. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Həmin vaxt ona Bakı şəhəri Zabrat 2 ünvanında yaşayan qonşuları zəng vurduğu an, o, böyük stres keçirtmiş, səhəri gün Ağsu Rayon Xəstəxanasına səhhətini yoxlatmaq üçün həkimin yanına getmiş, qan təzyiqi artmış, şəkəri 560 dərəcəyə qalxmış, vəziyyətinin çox pis olmağını görən həkimlər ona dialez etmişlər. Cavabdeh ona qarşı törətdiyi cinayət tərkibli əməllər həm maddi həm də mənəvi ziyan vurmuşdur. Hesab edir ki, onun əməlində cinayət tərkibi vardır. Cavabdeh onun evinin qapısını sındırıb açıq qoyaraq evdən getmiş, 1.000 manat dəyərində olan əşyalarını oğurlayaraq aparmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən İddiaçı mənzilinə xx.xx.2020-ci il tarixdə Zenner G4T mexaniki markalı, **********6 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********00131-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında Bakı şəhəri, Zabrat 2 ünvanında yerləşən həyət evini cavabdehə kirayə verməsini, cavabdehin kirayə haqqını, kommunal xərcləri ödəməməsini və evindən oğurluq etdiyini bildirsə də, cavabdehlə bağlanmış kirayə müqaviləsini və ya iddia etdiyi halların təsdiqi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “cavabdehin əməlində cinayət tərkibi olarsa rayon prokurorluğuna məlumat verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona məxsus evdən cavabdehin oğurluq etməsini sübut edə bilmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1079/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1079/2023
18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver