Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1103/2023 11.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən nağd olaraq ona vurduğu 8.500 manat məbləğində maddi zərərin və iddianı qaldırmaq üçün ödədiyi 105 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Tərtər rayonu ərazisində tikinti materialları mağazası var. X2 əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. Vüsal Mehrəliyev özünü “Real-İnşaat” adlı tikinti şirkətində iş icraçısı kimi təqdim etmişdir. 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən atılmış mərmilər nəticəsində Tərtər rayonu ərazisində fərdi yaşayış evlərinə və digər yaşayış sahələrinə maddi ziyan dəymişdir. Tərtər rayonu ərazisində dağılmış evlərin bərpası “Real-İnşaat” adlı tikinti şirkəti tərəfindən həyata keçirilmişdir. 12 iyun 2021-ci il tarixdə Cavabdeh onun tikinti materialları mağazasına gələrək hissə-hissə olmaqla, ümumilikdə 8.500 manat məbləğində tikinti materiallarını götürüb pulunu qısa zamanda verəcəyinə söz verib, çıxıb getmişdir. Lakin sonradan Vüsal Mehrəliyevlə dəfələrlə əlaqə saxlasa da, Vüsalın onu aldatdığını görüb, 23 dekabr 2021-ci il tarixdə Tərtər rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Vüsal Mehrəliyev ondan başqa Tərtər rayon Qapanlı və Qaradağlı kənd sakinlərindən də, müəyyən işin görülməsi qarşılığında pul alaraq vədinə əməl etməmişdir. Bu səbəbdən, onun barəsində cinayət işi açılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırlanaraq baxılması üçün məhkəməyə verilmişdir. O, həmin cinayət işi üzrə zərərçəkən şəxs kimi cəlb olunmuşdur. Tərtər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 1(061)-17/2022 saylı hökmü ilə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştrakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tərtər Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 1(061)-17/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 105 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə hissə-hissə ödəmək şərtilə 8.500 manat dəyərində inşaat matereallarını satmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan nisyə inşaat materealları alması iş materialları ilə təsdiq olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehdən 8.500 manat məbləğində pulu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8.500 manat və 105 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1103/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1103/2023
11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver