Məhkəmə qərarları › İş №2(016)-114/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-114/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-114/2023 28.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cəmi 40.320,86 ABŞ dollarıbundan 11.857,80 ABŞ dolları əsas, 12.833,57 ABŞ dolları faiz, 13.085,19 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.544,30 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 295,64 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehlərdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, hazırda mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə yönəldilməsini, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasını, satışdan ələ olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən X2 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərn razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə X3 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzil ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Banka daxil olmuş xx.xx.2019-cu il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından məlum olmuşdur ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə Ağsu rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-il tarixdə 28 nömrə ilə qeydiyyat aparılmışdır. Bank tərəfindən Ağsu Rayon Notariat ofisinə mərhum X1 vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 adına xx.xx.2017-ci il tarixdə Ağsu rayon Dövlət Notariat ofisində V-149 nömrəli vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə ipoteka qoyan mərhum X1 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********174 saylı “Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş göndərilmiş və müvafiq ərizə ilə “Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********795 saylı xx.xx.2022-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəyə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Kredit müqaviləsinin bitmə tarixi 04 mart 2018-ci ildir. Burdan görünür ki, ilk dəfə məhkəməyə müraciət edilən tarixdə iddia müddəti ötmədən iddia ərizəsi məhkəməyə göndərilmişdir. Mülki iş Ağsu Rayon Məhkəməsinin hakim Etibar Hümbətovun icraatına verilmiş, məhkəmə hazırlıq iclası 19 fevral 2021-ci il tarixə, saat 14:50-yə təyin edilmişdir. Daha sonra mülki iş hakim Anar Əsgərovun icraatına keçmişdir. Ağsu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Daha sonra məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla da borcun olduğunu etiraf etmişdir. Ağsu Rayon Məhkəməsinin 21 sentyabr 2021ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldığından iddiaçı LPO İddiaçı ASC yenidən iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hakim Anar Əsgərovun icraatına verilmiş, məhkəmə hazırlıq iclası 09 fevral 2023-cü il tarixə, saat 11:10-a təyin edilmişdir. Hazırki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 “iddia müddətinin tətbiq olunmasına dair” ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək bağlandığını, xx.xx.2018-ci ildən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt – iddia müddətinin axımı başlandığını və xx.xx.2021-ci ildən həmin müddət bitdiyini, iddiaçı isə 22 noyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Eyni predmetlə hazırki mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı, 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, faiz və cərimə borclarından narazı qalaraq iddia tələbini qismən təmin etməklə borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla da borcun olmasına dair etirafedici hərəkətlər etmişdir. Göründüyü kimi 3 illik iddia müddətinin axımı cavabdehin nümayəndəsi və vəkilinin etirafedici hərəkətindən sonra, yəni xx.xx.2021-ci il tarixdən yenidən başlanmış və iddia müddətinin son günü xx.xx.2024-cü il tarixdir. Odur ki, iddiaçı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmədən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Cavabdehlərin nümayəndəsi (vəkili) iddia tələbinə yazılı etiraz və “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə təqdim edərək bildirmişdir ki, hazırkı işə iddia müddəti tətbiq edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən, hazırkı işə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələbinə etirazda və “iddia müddətinin tətbiq edilməsinə dair” ərizədə göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, bank ilə X3 arasında xx.xx.2015-ci il tarixdə ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor borcalana illik 20 % faiz ödəmək şərti ilə, 36 ay müddətinə 14.000 USD məbləğində kredit vermişdir. İş materiallarından olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli ipoteka müqaviləsindən görünür ki, borcalan - X3 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora ipotekaya vermişdir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin banka müqavilə üzrə 11.857,80 ABŞ dolları əsas, 12.833,57 ABŞ dolları faiz, 13.085,19 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 2.544,30 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 40.320,86 ABŞ dolları borcu vardır. İş materiallarından olan AZ-İ 830050 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarından olan xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlərdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018-ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdehlərin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. İddiaçı “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəyə qarşı etirazında bildirmişdir ki, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bu səbəbdən, hesab edir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 1-cisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məsələn, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. 3. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəyidi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Əgər iddiaçı 1-ci iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı qanunsuz hesab edirsə, qanunla müəyyən edilmiş qaydada onu mübahisələndirməli, iddiasına baxılmasını tələb etməlidir. Hazırkı işdə məhkəmə həmin qərardadın qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyil. Göründüyü kimi, iddia müddəti keçib. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdehlər isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı LPO "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar