Məhkəmə qərarları › İş №2(016)-115/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-115/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-115/2023 14.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə BPM**********61 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1.172,29 manat əsas borcu, 309,46 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %lə hesablanmaqla 98,67 manat faiz borcu olmaqla, cəmi 1.580,42 manat məbləğində kredit borcunun, ödənilmiş 35,81 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış BPM**********61 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 20 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1.420 manat məbləğində kredit verilmişdir. X8 Sadıq oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 465 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Sadıqov İltifat Sadıq oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan X7 xx.xx.2020-ci il tarixli, 98 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Sadıqov İltifat Sadıq oğlunun BPM**********61 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1.172,29 manat əsas borcu, 309,46 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 98,67 manat faiz borcu olmaqla, cəmi 1.580,42 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh, mərhum Sadıqov İltifat Sadıq oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan BPM**********61 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Sadıqov İltifat Sadıq oğluna 20 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1.420 manat məbləğində kredit verilmişdir İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixə 1.580,42 manat borcu vardır. İş materiallarında olan AZ-İ-993404 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqov İltifat Sadıq oğlu xx.xx.2019-cu il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin noyabr ayının 29-da 375 nömrə ilə qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə mərhum X3 borcunun ödənilməsi məqsədilə xx.xx.2022-ci il tarixli, PKİD/miş-0340 saylı bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Sadıqov İltifat Sadıq oğlunun vərəsəsi X5r və miras əmlakdan tam hissədə irs almışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Sadıqov İltifat Sadıq oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2019-cu il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1958-ci il təvəllüdlü Sadıqov İltifat Sadıq oğlunun adına Ağsu rayon notariat ofisində V-72/2020 reyestr nömrəli xx.xx.2022-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsəsi X7 qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 98,67 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsini gecikdirdiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Məhkəmə, iddia tələbinin 35,81 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 1.172,29 manat əsas borcu, 309,46 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 98,67 manat faiz borcu olmaqla, cəmi 1.580,42 manat məbləğində kredit borcunun, ödənilmiş 35,81 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqı cavabdeh X1 alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar